Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 6

Allahın yer üçün niyyəti nədir?

Allahın yer üçün niyyəti nədir?

ALLAH Yer kürəsini insanların yaşaması üçün mükəmməl şəkildə yaradıb. Onun Kəlamında deyilir: «Göylər Yehovanındır, yeri isə bəşər oğullarına verib» (Zəbur 115:16).

İlk insan Adəmi yaratmazdan öncə, Allah yer üzünün kiçik bir hissəsində gözəl bir bağ yaratdı və adını Ədən qoydu. Müqəddəs Kitabda deyilir ki, Fərat və Dəclə çaylarının mənbələri Ədən bağından başlayırdı a. Ehtimala görə Ədən bağı vaxtilə indiki Türkiyənin şərqində yerləşirdi. Ədən bağının mövcudluğuna heç bir şübhə ola bilməz!

Allah Adəmi yaratdı və «Ədən bağında məskunlaşdırdı ki, bağı becərsin və ona qulluq etsin» (Yaradılış 2:15). Sonra Allah Adəm üçün Həvvanı yaratdı. Allah onlara əmr edib dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yaradılış 1:28). Aydındır ki, Yehova dünyanı «boş yerə deyil, yaşayış üçün» yaradıb (Əşiya 45:18).

Adəmlə Həvva bilərəkdən Allahın əmrini pozmaqla Ona qarşı üsyan etdilər. Buna görə Allah onları Ədən bağından qovdu. Beləcə, Cənnət itirildi. Adəmin günahının nəticəsi onun nəslindən yan keçmədi. Müqəddəs Kitabda deyilir: «Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12).

Allah istəyirdi ki, insanlar yer üzü cənnətdə xoşbəxt yaşasınlar. Bəs Allah bu ilk niyyətindən daşındı? Əlbəttə, yox! Allah deyir: «Ağzımdan çıxan söz... yanıma əliboş qayıtmayacaq, Əksinə, istəyimi hökmən həyata keçirəcək, Onu göndərdiyim məqsədə mütləq nail olacaq» (Əşiya 55:11). Təsəvvür edirsiniz, Cənnət yer üzündə bərpa olunacaq!

Cənnətdə həyat necə olacaq? Növbəti iki səhifədə buna dair Müqəddəs Kitabdan ayələr gətirilir. Gəlin onları nəzərdən keçirək.

a Yaradılış 2:10—14 ayələrində deyilir: «Ədəndən bir çay axıb bağı sulayırdı, sonra isə dörd qola ayrılırdı. Birincisinin adı Pişondur... İkinci çayın adı Gihondur... Üçüncü çayın adı Dəclədir. Bu, Aşşurdan şərqdə axan çaydır. Dördüncü çay isə Fəratdır». İlk iki çayın yeri məlum deyil və onlar haqqında heç bir məlumat yoxdur.