BÖLMƏ 2
Həqiqi iman nədir?
HƏQİQİ İMAN sadəcə Allahın var olduğuna inanmaq demək deyil. Bu gün milyonlarla insan Allaha inanır, bununla belə, pis əməllərdən əl çəkmir. Bu cür «imanı» saxta pula bənzətmək olar. Saxta pul əsl pula oxşasa da, əslində onun heç bir dəyəri yoxdur. Bəs həqiqi iman barədə nə demək olar?
Həqiqi iman Müqəddəs Kitabdakı dəqiq biliklərə əsaslanır. Allahdan ilham almış bu yazılar bizə Allah haqqında həqiqəti öyrədir və Onu tanımağa kömək edir. Orada Onun qanunları, vədləri və təlimləri açıqlanır. Bu təlimlərə aşağıdakılar daxildir:
-
Allah təkdir, Ondan başqa Allah yoxdur.
-
İsa Qadir Allah deyil. O, Allahın peyğəmbəridir.
-
Allahın gözündə bütpərəstliyin hər növü pisdir.
-
Bəşəriyyət hökm gününün astanasındadır.
-
Həyatını itirmiş saysız-hesabsız insan Cənnətdə dirildiləcək.
Həqiqi iman insanı yaxşı əməllərə təşviq edir. Yaxşı əməllər Allahı şərəfləndirir, bizə və başqalarına fayda gətirir. Bu əməllərə aşağıdakılar daxildir:
-
Allaha ibadət etmək;
-
Allahı razı salan xüsusiyyətlər, xüsusilə də məhəbbət inkişaf etdirmək;
-
pis fikirləri və arzuları rədd etmək;
-
sınaqlara baxmayaraq, Allaha imanı qoruyub saxlamaq;
-
başqalarına Allah haqqında öyrətmək.
Həqiqi imana necə sahib olmaq olar?
Allahdan kömək diləyin. Musa peyğəmbər duasında Allaha demişdi: «Xahiş edirəm, yollarını mənə aç, qoy Səni yaxşı tanıyım və bundan sonra da Səni razı salım» a. Allah onun duasını cavabsız qoymadı. Musa əsl iman nümunəsidir. Allah sizə də həqiqi imana sahib olmağa kömək edəcək.
Müqəddəs Kitabı araşdırmaq üçün vaxt ayırın. Allahdan ilham almış Yazılar — Tövrat, Zəbur və İncil Müqəddəs Kitaba daxil olub, dünyada ən çox dilə tərcümə olunmuş və geniş yayılmış kitabdır. Bu kitab sizdə var?
Allahın Kəlamındakı məsləhətləri həyatınızda tətbiq edin. İmanı əzələ ilə müqayisə etmək olar. Əzələnin inkişaf etməsi üçün onu məşq etdirmək lazımdır. Eynilə, siz imanınıza uyğun davrandıqca imanınız artacaq. Belə etməklə Allahın məsləhətlərinin həyatınıza fayda gətirdiyini görəcəksiniz. Həqiqətən də, Müqəddəs Kitabdakı faydalı məsləhətlər insanların həyatını yaxşılığa doğru dəyişir. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.
a Tövrat kitabında Çıxış 33:13 ayəsinə baxın.