Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 4

Allah haqda həqiqət

Allah haqda həqiqət

İNSANLAR çoxlu allahlara ibadət edirlər. Lakin Müqəddəs Yazılar öyrədir ki, yalnız bir həqiqi Allah var. Ondan başqa Allah yoxdur, O, qüdrətli və əbədidir. Göydə və yer üzündə olan hər şeyi O yaradıb və bizə həyat verən də Odur. Buna görə də, biz yalnız Ona ibadət etməliyik.

Allahın Musa peyğəmbərə verdiyi Qanun «mələklər vasitəsilə verilmiş»di

Allahın yalnız bir adı var. Onun adı budur: YEHOVA. Allah Musa peyğəmbərə demişdi: «İsraillilərə belə söylə: “Məni sizin yanınıza ata-babalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı, Yaqubun Allahı Yehova göndərib”. Adım əbədilik budur, nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar» (Çıxış 3:15). Yehova adına Müqəddəs Yazılarda təxminən 7000 dəfə rast gəlinir. Zəbur 83:18 ayəsində Allah haqqında deyilir: «Adı Yehova olan Sən, dünyada tək Sən ucasan».

Müqəddəs Yazıların Ölü dənizdə tapılmış qədim əlyazmalarında Allahın adı göstərilir

İnsanlar heç vaxt Allahı görməyiblər. Allah Musa peyğəmbərə demişdi: «Üzümü... görə bilməzsən, çünki üzümü görən kəs sağ qala bilməz» (Çıxış 33:20). Allah göylərdə yaşayır və gözəgörünməzdir. Büt, surət və rəmzlər düzəltmək, onların vasitəsi ilə Allaha dua etmək düzgün deyil. Yehova Allah Musa peyğəmbər vasitəsilə buyurmuşdu: «Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin. Onlara səcdə qılıb sitayiş etməyin, çünki Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham» (Çıxış 20:2—5). Sonralar Allah Əşiya peyğəmbər vasitəsilə demişdi: «Mən Yehovayam. Adım budur. Şanımı heç kəsə vermərəm, Mənə ucalan mədhləri bütlərə vermərəm» (Əşiya 42:8).

Bəzi insanlar Allaha inansalar da, Onun dərkedilməz və əlçatmaz olduğunu düşünürlər. Bəziləri isə Allahı sevmək əvəzinə, Ondan qorxurlar. Bəs siz nə fikirləşirsiniz? Allah şəxsən sizin qayğınıza qalır? Siz Onu tanıya, hətta Ona yaxınlaşa bilərsiniz? Gəlin görək Müqəddəs Kitab Allahın xüsusiyyətləri barədə nə öyrədir.