Bu cür hisslər keçirmək qəbahətdirmi?
YAXININI itirmiş bir kişi yazır: «İngiltərədə bütün uşaqlar kimi, mənə də camaatın içində öz hisslərimi büruzə verməməyi aşılamışdılar. Yadıma gəlir ki, kimsə məni incidəndə keçmiş hərbiçi olan atam dişlərini bir-birinə qıcayıb deyirdi: “Ağlama!” Ailədə dörd uşaq idik. Anamın bizi nə vaxtsa öpüb-qucaqladığı heç yadıma gəlmir. Atam vəfat edəndə 56 yaşım vardı. Mən daxilimdə dözülməz boşluq hiss edirdim. Ancaq ilk vaxtlar ağlaya bilmirdim».
Bəzi xalqlarda insanlar öz hisslərini açıq ifadə edirlər. Onların sevinci də, kədəri də ətrafdakılara bəlli olur. Digər tərəfdən isə, bəzi ölkələrdə, xüsusən də şimali Avropada və Britaniyada insanlara, əsasən də kişilərə hisslərini gizlətmək, emosiyalarını boğmaq aşılanır. Lakin əziz adamını itirərkən kədəri büruzə verməkdə səhv bir şey varmı? Müqəddəs Kitab bu haqda nə deyir?
Göz yaşlarını gizlətməyən Müqəddəs Kitab personajları
Müqəddəs Kitab Aralıq dənizinin şərqində yaşayan və hisslərini açıq göstərən ibrani xalqının nümayəndələri tərəfindən yazılmışdır. Orada kədərini açıq ifadə edən bir çox şəxslərin nümunələri var. Davud padşah qətlə yetirilmiş oğlu Əmnuna görə hönkür–hönkür ağladı (2 İşmuil 13:28—39). O, hətta padşahlığı ələ keçirmək istəyən xəyanətkar oğlu Absalamın ölümünə görə də kədərlənmişdi. Müqəddəs Kitabda bu haqda belə deyilir: «Bu xəbər [Davud] padşahı sarsıtdı. O, ağlaya-ağlaya darvazanın üstündəki otağa qalxdı. Gedə-gedə deyirdi: “Oğlum, oğlum Absalam, oğlum Absalam! Kaş sənin yerinə mən öləydim, Absalam, oğlum, oğlum!”» (2 İşmuil 18:33). Hər bir ata kimi, Davud da ağlamışdı. Öz uşağının yerinə ölmək istəyən neçə-neçə valideyn olub! Çünki övladın valideyndən qabaq ölməsi qeyri-təbii bir haldır.
Bəs dostu İlazərin ölümü İsaya necə təsir etmişdi? İsa onun qəbrinə yaxınlaşanda göz yaşlarını saxlaya bilməmişdi (Yəhya 11:30—38). Sonralar Məcdəlli Məryəm də İsanın məzarının yanında ağlamışdı (Yəhya 20:11—16). Düzdür, Müqəddəs Kitabın dirilmə haqqında olan ümidinə malik olan məsihilər ölülərin vəziyyəti ilə bağlı etiqadları Müqəddəs Kitaba əsaslanmayan insanlar qədər qəm-kədərə batmırlar. Lakin adi insani hisslərə malik olan həqiqi məsihilər, hətta dirilmənin olacağına ümid etsələr də, əziz insanı itirdikdə kədərlənir və göz yaşı tökürlər (1 Salonikililərə 4:13, 14).
Ağlamaq düzgündürmü?
Bəs sizin haqqınızda nə demək olar? Hisslərinizi bildirməyə çəkinirsinizmi? Bu, sizin üçün çətindirmi? Mütəxəssislər nəyi tövsiyə edirlər? Çox vaxt onların müasir baxışları, sadəcə olaraq, qədim dövrlərdə qələmə alınmış Müqəddəs Kitabın ilahi müdrikliyini əks etdirir. Onların sözlərinə görə, biz kədəri içimizdə saxlamalı deyilik, onu büruzə verməliyik. Bu, bizə Əyyub, Davud, Ərəmya kimi, keçmişdə yaşamış imanlı insanları xatırladır. Onlar öz hisslərini qətiyyən boğmurdular. Əksinə, Müqəddəs Kitabdan göründüyü kimi, onlar öz kədərlərini açıq ifadə edirdilər. Buna görə də özümüzü insanlardan təcrid etmək düzgün deyil (Məsəllər 18:1). Əlbəttə, müxtəlif xalqlarda insanlar ölülərini müxtəlif cür ağlayır. Bu həm də geniş yayılmış dini etiqadlardan asılıdır *.
Bəs əgər siz ağlamaq istəyirsinizsə, onda necə? Ağlamaq insan xislətinə xasdır. Bir daha yadınıza salın ki, İlazər ölərkən İsa «dərindən ah çəkib... ağladı» (Yəhya 11:33, 35). O, bununla göstərdi ki, insanın əzizinin ölümünə görə ağlaması təbii haldır.
Bu, Reyçel adlı körpəsini itirən Annanın nümunəsindən görünür. Onun yoldaşı deyir: «Çox qəribə idi ki, dəfn vaxtı nə Anna, nə də mən ağlamadıq. Bizdən başqa hamı ağlayırdı». Cavab olaraq Anna deyir: «Bu, düzdür, ancaq sonra mən ikimizin də yerinə çoxlu ağladım. Bir neçə həftə keçdikdən sonra evdə tək olanda birdən-birə baş verən hadisənin bütün dəhşətini hiss etdim. Bütün günü ağlayıb ürəyimi boşaltdım. Ağlamağın mənə həqiqətən də köməyi dəydi. Belə ki, özümü bir qədər yaxşı hiss etməyə başladım. Körpəmi itirdiyimə görə mənə ağlamaq lazım idi. Mən əminəm ki, itki üz verən insanlara ağlayıb ürəklərini boşaltmaq lazımdır. Başqaları: “Ağlama”, — desələr də, bunun heç bir köməyi dəymir».
Bəzilərinin keçirdiyi hisslər
Əziz adamı itirəndə bəzi insanlar hansı hissləri keçirmişlər? Məsələn, götürək Xuanitanı. O, uşaq itkisinin nə demək olduğunu yaxşı bilir, çünki düz beş dəfə uşaq salmışdı. Bir dəfə o, yenidən hamilə qaldı. Avtomobil qəzası ucbatından xəstəxanaya düşərkən onun nələr keçirdiyini başa düşmək olar. İki həftə sonra o, körpəsini, cəmi 900 qram çəkisi olan balaca Vanessanı vaxtından əvvəl dünyaya gətirdi. Xuanita xatırlayır: «Bu elə xoş duyğu idi ki. Nəhayət, mən ana olmuşdum!»
Lakin onun xoşbəxtliyi çox çəkmədi. Dörd gün sonra Vanessa öldü. Xuanita yadına salır:
«Qəlbimdə dərin bir boşluq hiss edirdim. Ana olmaq imkanım əlimdən alınmışdı. Elə bil ürəyimin yarısını qoparmışdılar. Vanessa üçün hazırladığımız otağa girəndə, ona aldığım paltarlara baxanda ürəyim ağrıyırdı. Növbəti bir neçə ay ərzində mən onun doğum gününün xatirələri ilə yaşayırdım. Heç kimlə danışmaq istəmirdim».Bu ana həddindən artıqmı həssas idi? Ola bilsin, başqalarına bunu başa düşmək çətindir, lakin Xuanita kimi, övlad itkisi ilə üzləşənlər deyirlər ki, böyük adamın ölümünə necə kədərlənərdilərsə, öz körpələri üçün də elə kədərlənmişdilər. Onlar deyirlər ki, uşaq dünyaya gəlməzdən çox əvvəl valideynlər onu sevməyə başlayır. Ana ilə körpə arasında xüsusi bağlılıq olur. Körpə öləndə anaya elə gəlir ki, sanki həyatda yaşamış bir insan vəfat edib. Ətrafdakılar bunu başa düşməlidir.
Qəzəb və vicdan əzabı
Başqa bir ana ürəyində anadangəlmə problemi olan altı yaşlı oğlunu qəflətən itirərkən hansı hissləri keçirdiyi haqda belə deyir: «Mən müxtəlif vəziyyətlərə düşürdüm — donub qalır, baş verənlərə inanmır, özümü günahkar hiss edirdim. Uşağın vəziyyətinin nə dərəcədə ciddi olduğunu başa düşmədikləri üçün yoldaşıma və həkimə acığım tuturdu».
Qəzəb kədərin digər əlamətidir. Belə ki, yaslı insan həkimlərin və tibb bacılarının ölən üçün əllərindən gələni etmədiklərini düşünərək onlara qəzəblənə bilər. Yaxud nəyisə düz demədiyini və ya etmədiyini düşündüyü dostlara və qohumlara acığı tuta bilər. Bəziləri sağlamlığına başısoyuq yanaşdığı üçün vəfat etmiş adama hirslənir. Stela deyir: «Yadımdadır, mən yoldaşıma yaman hirslənmişdim, çünki bilirdim ki, hər şey başqa cür ola bilərdi. O, çox zəif idi, buna baxmayaraq, həkimlərin xəbərdarlıqlarına məhəl qoymurdu». Hərdən isə, ölən adamın məsuliyyətləri sağ qalanların üstünə düşdüyü üçün ona qəzəblənirlər.
Bəziləri qəzəbləndiklərinə görə vicdan əzabı çəkir və özlərini mühakimə edirlər. Başqaları sevdikləri adamın ölümündə özlərini təqsirkar hesab edirlər. Onlar düşünürlər: «Əgər onu vaxtında həkimə aparsaydım, ölməzdi», «kaş ki, onu həkimə getməyə məcbur edərdim», yaxud
«sağlamlığına ciddi yanaşmağa məcbur etsəydim, indi sağ olardı».Xüsusilə də doğmaları gözlənilmədən öləndə bəzi insanlar özlərini daha çox günahlandırırlar. Onlar vəfat etmiş adama qəzəbləndikləri və onunla mübahisə etdikləri vaxtları yada salmağa başlayırlar. Yaxud onun qarşısında daşıdıqları məsuliyyəti lazımınca yerinə yetirmədiklərini düşünürlər.
Bir çox anaların uzun müddət qəm-qüssə çəkməsi mütəxəssislərin sözlərini təsdiq edir. Belə ki, övlad itkisi valideynlərin, xüsusilə də ananın həyatında silinməz iz buraxır.
Həyat yoldaşından biri vəfat edəndə
İnsan üçün digər ağır zərbə həyat yoldaşını itirməkdir. Birlikdə fəal həyat tərzi sürənlər üçün bu, xüsusilə sarsıdıcı olur. Bu, o deməkdir ki, onların birgə yaşadıqları həyat tərzinə, etdikləri səyahətlərə, gördükləri işlərə, məşğul olduqları əyləncələrə və bir-birilərinə olan bağlılığa son qoyuldu.
Rikardo həyat yoldaşı ölərkən hansı hissləri keçirdiyini belə açıqlayır: «Onun üçün o qədər darıxırdım ki, öz həyatımın da sona yetməsini arzulayırdım. Onun ölümündən sonra heç
kimi görmək istəmirdim. Lakin tezliklə başa düşdüm ki, belə etməklə həyat yoldaşımı geri qaytarmayacaq, sadəcə emosional vəziyyətimi daha da ağırlaşdıracağam». Buna görə də Rikardo məsihi görüşlərindən və Müqəddəs Kitab xəbərini başqaları ilə bölüşmək işindən daha da möhkəm yapışdı. O deyir: «Yehovanın nəvazişlə qayğıma qaldığını, hətta xırda məsələlərdə belə, dualarıma necə cavab verdiyini görəndə, Ona daha da yaxınlaşırdım. Qarşılaşdığım ən çətin sınağa tab gətirməyə, sözsüz ki, Allahın məhəbbətinə olan əminliyim kömək etdi». «Yoldaşım üçün hələ də çox darıxıram, — deyə o etiraf edir, — lakin mən tam əminəm ki, Yehova bizə sağalmaz yara vurulmasına yol verməz».«Başqalarının sizə... diktə etməsinə yol verməyin»
Bir kitabın müəllifləri məsləhət görürlər: «Başqalarının sizə necə davranmalı və ya hansı hissləri keçirməli olduğunuzu diktə etməsinə yol verməyin. Yaxınını itirən insanların hamısı eyni cür qüssə çəkmir. Ətrafdakılar sizin ya həddindən artıq qüssə çəkdiyinizi, ya da az kədərləndiyinizi düşünə bilər. Onlar hətta nə düşündüklərini sizə də söyləyə bilərlər. Onları bağışlayın və dediklərini unutmağa çalışın. Ayrı-ayrı adamların, yaxud bütün cəmiyyətin fikrinə uyğunlaşmağa çalışmaqla siz emosional sağlamlığınızın bərpa olunmasına mane olacaqsınız» («Leavetaking — When and How to Say Goodbye»).
Sözsüz ki, hərə öz kədərinə bir cür tab gətirir. Biz hansısa bir üsulun hamı üçün ən yaxşı üsul olduğunu sübut etməyə çalışmırıq. Lakin qüssə çəkən adamın özünün səy göstərməməsi, gerçəkliklə barışa bilməməsi təhlükəlidir. Bu zaman ürəyi yanan dostların köməyinə ehtiyac yarana bilər. Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır». Buna görə də kömək istəməyə, ürəyini boşaltmağa və ağlamağa çəkinmə (Məsəllər 17:17).
İtki üz verəndə qüssə çəkmək təbii haldır, həmçinin qüssə çəkdiyinizi başqalarının görməsində də pis bir şey yoxdur. Lakin cavab tələb edən başqa suallar da var: «Bu dərdə necə dözmək olar? Özünü günahlandırmaq və qəzəblənmək təbii haldırmı? Bu hisslərin öhdəsindən necə gəlmək olar? İtkiyə və kədərə tab gətirməyə mənə nə kömək edə bilər?» Bu və digər suallara növbəti hissədə cavab veriləcək.
^ abz. 8 Bəzi xalqlarda insanlar ölü üçün necə kədərləndiklərini başqalarına nümayiş etdirirlər. Lakin İsa bu kimi hallara da tətbiq edilən bir prinsip söyləmişdi: «Oruc tutanda özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. Camaat onların oruc tutduğunu görsün deyə, özlərini qəmli göstərirlər. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar» (Mətta 6:16). Bəzi başqa adətlərdə ölümdən sonra ruhun yaşamağa davam etməsinə inam əks olunur. İnsanlar qara geyinir, bəzi əşyaların üstünü örtürlər. Ancaq Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir» (Vaiz 9:5). Yehovanın Şahidləri Allahın Kəlamına zidd gedən bu adətlərin heç birinə riayət etmirlər.