BÖLMƏ 1
Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin
«Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb» (Mətta 19:4).
İlk nikahın Banisi Yehova a Allahdır. Müqəddəs Kitabda deyilir ki, Allah ilk qadını yaratdı və «onu insanın yanına gətirdi». Adəm o qədər xoşbəxt idi ki, sevincini belə sözlərlə ifadə etdi: «Nəhayət, sümüyü sümüyümdən, bədəni bədənimdən olan biri» (Yaradılış 2:22, 23). Yehova Allahın niyyəti hələ də dəyişməyib; O istəyir ki, evli cütlüklər xoşbəxt olsunlar.
İnsan nikaha qədəm qoyanda elə bilir ki, hər şey mükəmməl olacaq. Əslində isə, ərlə arvad bir-birini nə qədər möhkəm sevsələr də, problemlər qaçılmazdır (1 Korinflilərə 7:28). Bu broşürada Müqəddəs Kitab prinsipləri gətirilir, onları tətbiq etməklə nikahda və ailədə xoşbəxtliyə nail olmaq olar (Zəbur 19:8—11).
1 YEHOVANIN SİZƏ HƏVALƏ ETDİYİ MƏSULİYYƏTLƏRƏ CİDDİ YANAŞIN
MÜQƏDDƏS KİTAB DEYİR: Ər ailənin başıdır (Efeslilərə 5:23).
Yehova ərlərə nəvazişlə həyat yoldaşlarının qayğısına qalmağı buyurub (1 Butrus 3:7). O, qadını ərini tamamlamaq üçün yaradıb və istəyir ki, ərlər arvadları ilə ləyaqətlə və məhəbbətlə rəftar etsinlər (Yaradılış 2:18). Sözün əsil mənasında öz arvadını sevən ər onun maraqlarını özünkündən üstün tutacaq (Efeslilərə 5:25—29).
Qadınlardan isə Yehova ərlərinə dərin hörmət bəsləmələrini və ailədəki vəzifələrini yerinə yetirməkdə onlara kömək etmələrini gözləyir (1 Korinflilərə 11:3; Efeslilərə 5:33). Qadınlar həmçinin ərlərinin qərarlarını dəstəkləməli və ürəkdən onlarla əməkdaşlıq etməlidirlər (Koloslulara 3:18). Belə etməklə qadın həm ərinin, həm də Yehovanın gözündə ucalacaq (1 Butrus 3:1—6).
MƏSLƏHƏT
-
Həyat yoldaşınızdan yaxşı ər və ya arvad olmaq üçün nəyin üzərində işləməli olduğunuzu soruşun. Diqqətlə qulaq asın və öz üzərinizdə işləyin
-
Səbirli olun. Bir-birinizi xoşbəxt etməyi öyrənmək üçün vaxt tələb olunur
2 HƏYAT YOLDAŞINIZIN HİSSLƏRİNİ NƏZƏRƏ ALIN
MÜQƏDDƏS KİTAB DEYİR: Ər-arvadlar özlərinin yox, bir-birlərinin xeyrini güdməlidir (Filippililərə 2:3, 4). Qoy həyat yoldaşınız sizin üçün nə qədər dəyərli olduğunu hiss etsin. Unutmayın ki, Yehova Allah Öz xidmətçilərindən hamı ilə mülayim davranmalarını istəyir (2 Timutiyə 2:24). «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir». Buna görə də danışmazdan əvvəl fikirləşin (Məsəllər 12:18). Yehovanın ruhu sizə nəvazişlə və məhəbbətlə danışmağa kömək edəcək (Qalatiyalılara 5:22, 23; Koloslulara 4:6).
MƏSLƏHƏT
-
Həyat yoldaşınızla ciddi məsələləri müzakirə etməmişdən qabaq hisslərinizi cilovlamaq və qarşı tərəfin fikirlərini nəzərə almaq üçün dua edin
-
Nəyi necə deyəcəyinizi qabaqcadan götür-qoy edin
3 HƏMFİKİR OLUN
MÜQƏDDƏS KİTAB DEYİR: Nikaha daxil olanda siz «bir bədən» olursunuz (Mətta 19:5). Bununla belə siz iki fərqli insansınız və fərqli düşüncələrə maliksiniz. Buna görə də həmfikir olmağı öyrənməlisiniz (Filippililərə 2:2). Birlik qərar qəbul edərkən xüsusilə vacibdir. Müqəddəs Kitabda deyilir: «Məsləhətli iş uğurlu olar» (Məsəllər 20:18). Birgə vacib qərarlar verərkən Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutun (Məsəllər 8:32, 33).
MƏSLƏHƏT
-
Həyat yoldaşınızla təkcə hər hansı məlumatları və ya şəxsi fikirlərinizi yox, hisslərinizi də bölüşün
-
Üzərinizə hansısa öhdəçilikləri götürməzdən əvvəl həyat yoldaşınızla məsləhətləşin
a Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır.