Kontentə keç

Mündəricatı göstər

DƏRS 18

Dar gündə bacı-qardaşlarımızın dadına yetirik

Dar gündə bacı-qardaşlarımızın dadına yetirik

Dominikan Respublikası

Yaponiya

Haiti

Hansısa yerdə fəlakət baş verəndə Yehovanın Şahidləri orada yaşayan bacı-qardaşlara kömək etmək üçün dərhal tədbir görməyə başlayırlar. Bu, aramızda əsl məhəbbətin olduğuna dəlalət edir (Yəhya 13:34, 35; 1 Yəhya 3:17, 18). Gəlin baxaq biz bacı-qardaşlarımıza necə kömək edirik.

Maddi yardım. Birinci əsrdə Yəhudiyyədə bərk aclıq olanda Antakyadakı məsihilər oradakı qardaşlara yardım göndərdilər (Həvarilərin işləri 11:27—30). Bu gün biz də dünyanın hansı yerində olursa-olsun, dindaşlarımızın fəlakətlə üzləşdiyini eşidəndə dərhal tədbir görməyə başlayırıq. Onlara yığıncağımız vasitəsilə yardım göndəririk (2 Korinflilərə 8:13—15).

Əməli kömək. Fəlakət baş verən yerlərdə ağsaqqallar yığıncağın hər bir üzvünü soraqlaşıb tapır, onların sağ-salamat olduğundan arxayın olur. Yardım komitəsi bacı-qardaşların ərzaq, içməli su, geyim, sığınacaq və tibbi yardımla təmin olunması üçün tədbirlər görür. Müəyyən bacarığı olan Şahidlər öz hesablarına o yerlərə gedir, əllərindən gələn köməyi göstərir, evlərin və ibadət yerlərinin bərpasında iştirak edirlər. Təşkilatımızda hökm sürən birlik, çiyin-çiyinə çalışaraq qazandığımız təcrübə kömək edir ki, tez bir zaman içində bütün gücümüzü səfərbər edib bacı-qardaşlarımızın dadına çataq. Biz təkcə iman qardaşlarımıza deyil, mümkün olan yerdə, dinindən asılı olmayaraq, hamıya kömək əlimizi uzadırıq (Qalatiyalılara 6:10).

Ruhani və mənəvi dayaq. Fəlakətlə üzləşənlərin təsəlliyə böyük ehtiyacı olur. Belə hallarda «hər cür təsəlli Allahı» Yehova bizə güc-qüvvət verir (2 Korinflilərə 1:3, 4). Biz çox istəyirik ki, sabaha ümidi olmayan insanlar Allahın gözəl vədini, tezliklə Onun Padşahlığının əzab-əziyyətə son qoyacağını bilsinlər. Buna görə də bu xəbəri onlarla bölüşürük (Vəhy 21:4).

  • Fəlakət baş verəndə nəyin sayəsində tez bir zamanda gücümüzü səfərbər edə bilirik?

  • Sağ qalanlara necə təsəlli veririk?