DƏRS 3
İlahi biliklər aşkara çıxır
İncildə qabaqcadan deyilmişdi ki, İsa Məsihin ölümündən sonra onun erkən davamçıları arasında Allah haqqında yalan öyrədən və həqiqəti təhrif edən adamlar peyda olacaq (Həvarilərin işləri 20:29, 30). Doğrudan da, belə adamlar peyda oldu. Onlar Məsihin öyrətdiyi təlimlərlə küfr fikirləri qarışdırdılar. Beləcə, saxta məsihilik meydana çıxdı (2 Timutiyə 4:3, 4). Bəs siz necə əmin ola bilərsiniz ki, Yehovanın Şahidlərinin Allah haqqında öyrətdikləri həqiqətdir?
Yehova Allah həqiqəti aşkara çıxarır. Yehova Allah öncədən demişdi ki, axırzamanda «həqiqi elm çoxalacaq» (Dənyal 12:4). 1870-ci ildə həqiqət axtarışında olan bir neçə adam anladı ki, kilsə təlimləri Allahın Kəlamına ziddir. Onlar Müqəddəs Kitabı düzgün başa düşmək üçün axtarışlar aparmağa başladılar, Yehova Allah da onların qarşısında ilahi elm xəzinəsinə qapı açdı.
Allahı axtaran insanlar dərinliklərə varır. Müqəddəs Kitab Tədqiqatçıları Allahın Kəlamını mövzubəmövzu araşdırırdılar. Hansısa ayəni başa düşməyəndə bu mövzunu açıqlayan başqa ayələri axtarırdılar və onları tutuşdururdular. (Yeri gəlmişkən, bu gün biz də onların tədqiqat üsulundan istifadə edirik.) Gəldikləri qənaət bütün Müqəddəs Kitabla uzlaşırdısa, onu qələmə alırdılar. Beləcə, Allahın Kəlamı özü özünü izah edirdi. Bunun sayəsində onlar Allahın adı, Padşahlığı, Onun bəşəriyyət və Yer kürəsi üçün niyyəti, ölümlə və dirilməylə bağlı həqiqəti aşkara çıxartdılar, yalan etiqadlardan və ayinlərdən azad oldular (Yəhya 8:31, 32).
1879-cu ildə onlar başa düşdülər ki, Allahın Kəlamındakı həqiqətləri başqa insanlar da bilməlidirlər. Bu məqsədlə onlar həmin ildən etibarən bu gün «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir» adı altında dərc etdiyimiz jurnalın nəşrinə başladılar. Hazırda biz Müqəddəs Kitabdakı həqiqətləri 240 ölkə və ərazidə, 750-dən çox dildə təbliğ edirik. Hələ heç vaxt ilahi biliklərin nuru bu qədər şəfəq saçmamışdır!
-
İsa Məsihin ölümündən sonra nə baş verdi?
-
İlahi biliklər necə aşkara çıxdı?