DƏRS 17
Rayon nəzarətçiləri
İncildə tez-tez İsa peyğəmbərin davamçısı Barnəbanın və həvari Bulusun adı çəkilir. Onlar bir növ səyyar nəzarətçi idilər, bir-bir yığıncaqlara baş çəkir, bacı-qardaşların imanını gücləndirirdilər. Məsələn, bir dəfə həvari Bulus qardaşların vəziyyətindən xəbər tutmaq üçün qayıdıb onlara baş çəkmək istəmişdi. O, yüzlərlə kilometr yol qət etməyə hazır idi ki, təki qardaşları imanda möhkəmləndirsin (Həvarilərin işləri 15:36). Bu gün səyyar nəzarətçilərin də məqsədi budur.
Dindaşlarını ruhlandırırlar. Rayon nəzarətçisi ildə iki dəfə təxminən 20 yığıncağa baş çəkir, hər yığıncağa ziyarəti bir həftə davam edir. Yehovanın Şahidləri bu qardaşların təcrübələrindən və əgər evlidirlərsə, onların həyat yoldaşlarının nümunələrindən bəhrələnirlər. Bu qardaşlar və onların yoldaşları yığıncaqda həm cavanlarla, həm yaşlılarla tanış olur, onlarla birgə ev-ev təbliğ edir və şagird hazırlamaq işində iştirak edirlər. Bundan başqa, rayon nəzarətçiləri ağsaqqallarla birgə bacı-qardaşları ziyarət edib ruhlandırırlar. Həmçinin yığıncaqlarda və böyük toplantılarda çıxışları ilə hamını möhkəmləndirirlər (Həvarilərin işləri 15:35).
Hamı ilə maraqlanırlar. Rayon nəzarətçiləri yığıncağın vəziyyəti ilə yaxından maraqlanırlar. Onlar ağsaqqallarla və yığıncaq xidmətçiləri ilə görüşüb yığıncağın nailiyyətlərini nəzərdən keçirir və bu qardaşlara məsuliyyətləri ilə bağlı məsləhətlər verirlər. Öncüllər də onların diqqətindən kənarda qalmır. Nəzarətçilər onlara xidmətdə püxtələşməyə kömək edirlər. Bu qardaşlar yığıncağa təzə gələnlərlə də maraqlanır, onlarla tanış olur və Allahın yolunda atdıqları addımlar barədə söhbət edirlər. Rayon nəzarətçiləri güclərini əsirgəmədən bizim xeyrimiz üçün zəhmət çəkir və bizimlə çiyin-çiyinə xidmət edirlər (2 Korinflilərə 8:23). Biz də onlar kimi möhkəm imana sahib olmalı, Allaha sadiq qalmalıyıq (İbranilərə 13:7).
-
Rayon nəzarətçiləri yığıncaqlara nəyə görə baş çəkirlər?
-
Bu ziyarətlərdən siz necə bəhrələnə bilərsiniz?