1 Korinflilərə 5:1—13
5 Mənə xəbər çatıb ki, sizdə cinsi əxlaqsızlığa yol verilir, özü də elə bir əxlaqsızlığa ki, beləsi heç bütpərəstlərin* arasında da yoxdur. Aranızdan bir nəfər atasının arvadı ilə yaxınlıq edir.
2 Siz isə xəcalət çəkmək* və belə iş görəni sıranızdan kənar etmək əvəzinə hələ bir durub öyünürsünüz?
3 Mən isə yanınızda olmasam da, ürəyim sizinlədir və bu işi görən adama artıq hökm kəsmişəm, sanki özüm oradayam.
4 Siz bir yerə yığışanda, mənim əhvali-ruhiyyəmin Ağamız İsanın gücü ilə aranızda olduğunu bilərək Ağamız İsa naminə
5 həmin adamı Şeytana təslim edin ki, cismani təsir məhv edilsin və Ağamızın günündə yığıncağın ruhani ovqatı qorunub saxlanılsın.
6 Hal-hazırda öyünmək sizə yaraşmaz. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?
7 Yeni xəmir olmaq üçün köhnə mayanı atın, çünki siz mayasız olmalısınız. Unutmayın ki, bizim Pasxa quzumuz Məsih artıq qurban kəsilib.
8 Buna görə də gəlin köhnə maya, yaxud pislik və murdarlıq mayası ilə yox, mayasız səmimiyyət və həqiqət çörəkləri ilə bayram edək.
9 Mən məktubda sizə yazmışdım ki, əxlaqsızlarla oturub-durmayasınız.
10 Orada mən dünyadakı bütün əxlaqsızları, yaxud acgözləri, soyğunçuları və ya bütpərəstləri nəzərdə tutmurdum, yoxsa siz dünya ilə əlaqəni büsbütün kəsməli olardınız.
11 Demək istədiyim odur ki, özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz, bütpərəst, nalayiq söz danışan*, içki düşkünü və ya soyğunçuluq edənlə oturub-durmayasınız, beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz.
12 Kənar adamları* mühakimə etmək mənim işim deyil. Siz yığıncaqdakıları mühakimə edin,
13 kənar adamları isə Allah mühakimə edir. Beləliklə, «pis adamı aranızdan kənar edin».
Haşiyələr
^ Yaxud «başqa millətlərin»
^ Hərfən «kədərlənmək», «yas tutmaq»
^ Nalayiq danışığa həmçinin böhtan da daxildir
^ Yəni Məsihçi yığıncağına aid olmayanları