1 Korinflilərə 7:1—40

7  Sizin yazdığınıza gəldikdə isə yaxşısı budur ki, kişi qadına toxunmasın.  Ancaq cinsi əxlaqsızlıq baş alıb getdiyi üçün qoy hər kişinin öz arvadı, hər qadının da öz əri olsun.  Qoy ər arvadının, arvad da ərinin ehtiyacını* ödəsin.  Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır; eləcə də ərin bədəni özünün yox, arvadının ixtiyarındadır.  Bir-birinizi ər-arvadlıq borcundan məhrum etməyin. Bu münasibətləri yalnız ikinizin də razılığı ilə, duaya vaxt ayırmaq məqsədilə müəyyən müddətə saxlaya bilərsiniz. Sonra yenidən bir yerdə olun ki, nəfsinizə hakim ola bilmədiyinizdən Şeytan sizi imtahana çəkməsin.  Yenə də, mən bunu əmr etmirəm, bir izin kimi yazıram.  İstərdim ki, hamı mənim kimi olsun. Hərçənd Allah hər kəsə bir cür ənam verib: birinə elə, o birisinə belə.  Subay kişilərə və dul qadınlara isə məsləhətim budur ki, mənim kimi qalsınlar. Bu, onlar üçün yaxşı olar.  Amma istəklərini boğa bilmirlərsə, qoy evlənsinlər, çünki ehtiras içində qovrulmaqdansa, evlənmək yaxşıdır. 10  Evlilərə isə mən yox, Ağamız bu göstərişi verir: arvad ərindən ayrılmasın. 11  İşdir əgər ayrılsa, onda ərə getməsin, ya da əri ilə barışsın. Ər də arvadını atmasın. 12  Digərlərinə isə Ağamız yox, mən deyirəm: əgər hər hansı bir qardaşın arvadı imanda deyilsə, lakin onunla yaşamağa razıdırsa, qoy qardaş onu atmasın. 13  Hər hansı bir qadının əri imanda deyilsə, lakin onunla yaşamağa razıdırsa, qoy qadın ondan ayrılmasın. 14  Çünki imanda olmayan ər arvadı vasitəsilə pak olur, eynilə də imanda olmayan arvad qardaşımız vasitəsilə pak olur. Əks təqdirdə, sizin uşaqlarınız pak olmazdı, ancaq bu halda onlar müqəddəsdirlər. 15  Ancaq imanda olmayan tərəf həyat yoldaşından ayrılırsa, qoy ayrılsın. Bu halda qardaşımız, yaxud bacımız nikah vəzifəsini yerinə yetirməyə borclu deyil. Allah sizi mehribançılıq içində yaşamağa çağırıb. 16  Ey qadın, nə bilirsən, bəlkə, ərini xilas etdin? Yaxud da sən ey ər, nə bilirsən, bəlkə, arvadını xilas etdin? 17  Yehova hər kəsə bir cür pay müəyyən edib, buna görə də hər kəs çağırılanda necə idisə, eləcə də yaşasın. Bu göstərişə bütün yığıncaqlarda əməl edilsin. 18  Kimsə artıq sünnət edilmiş çağırılıbsa, qoy özünü sünnətsiz etməsin. Kimsə sünnət edilməmiş çağırılıbsa, qoy sünnət edilməsin. 19  Nə sünnət, nə də sünnətsiz olmaq bir məna kəsb etmir. Ən əsası odur ki, insan Allahın əmrlərinə riayət etsin. 20  Çağırılanda kim necə idisə, qoy elə də qalsın. 21  Çağırılanda qul idin? Fikir çəkmə. Əgər azad ola bilərsənsə, belə fürsəti əldən buraxma. 22  Çünki qul ikən Ağamıza xidmətə çağırılmış adam onun tərəfindən azad edilir; eləcə də azad ikən çağırılmış adam Məsihin quludur. 23  Siz baha qiymətə alınmısınız, daha insanların qulu olmayın. 24  Qardaşlar, çağırılanda kim necə idisə, qoy elə də qalsın ki, Allahla münasibəti korlanmasın. 25  Subaylarla* əlaqədar Ağamızdan heç bir göstəriş almamışam, ancaq Ağamızın mərhəməti sayəsində sədaqətli bir adam kimi öz fikrimi söyləyirəm. 26  Məncə, mövcud olan şəraiti nəzərə alaraq, yaxşı olardı ki, hər kəs olduğu kimi qalsın. 27  Evlisən? Ayrılmaq üçün bəhanə axtarma. Arvadın yoxdursa, arvad axtarma. 28  Amma evlənsən də, günah iş tutmazsan. Subay adam da ailə qursa, günah iş tutmaz. Ancaq belələri həyatda yeni çətinliklərlə üzləşəcəklər. Mən isə sizi qorumaq istəyirəm. 29  Qardaşlar, bunu da bilin ki, artıq vaxt azalıb. Buna görə də qoy evli adam arvadsız kimi, 30  ağlayan ağlamayan kimi, sevinən sevinməyən kimi, mal alan malı olmayan kimi, 31  bu dünyadan bəhrələnən, ondan tam şəkildə bəhrələnməyən kimi olsun, çünki bu dünyanın səhnəsi dəyişir. 32  Mən istəmirəm ki, sizin dərdi-səriniz olsun. Subay oğlan Ağaya məxsus şeylərin qeydinə qalır, Ağanın hüsn-rəğbətini qazanmağa çalışır. 33  Evli adam isə arvadını məmnun etmək üçün dünyaya məxsus şeylər barədə düşünür. 34  O, iki yerə bölünür. Ərsiz qadın və subay qız da Ağaya məxsus şeylərin qeydinə qalır ki, həm cismən, həm ruhən pak olsun. Ərli qadın isə ərini məmnun etmək üçün dünyaya məxsus şeylər barədə düşünür. 35  Bunu sizin xeyriniz üçün deyirəm. Elə düşünməyin ki, əl-qolunuzu bağlamaq istəyirəm. Xeyr, sizi ədəblə davranmağa və Ağamıza daima yayınmadan xidmət etməyə təşviq etmək istəyirəm. 36  Kimsə cinsi istəklərini cilovlaya bilmirsə* və gəncliyinin bahar çağı artıq ötübsə, qoy belə etsin: evlənmək istəyirsə, qoy evlənsin. O, günah iş tutmur. Belələri evlənə bilərlər. 37  Lakin kimsə buna ehtiyac duymur, qərarında əzmli və iradəsi möhkəmdirsə, həmçinin ürəyində bakirliyini qorumağı qət edibsə, o, yaxşı iş görür. 38  Buna görə də bakir qalmaq istəməyib evlənən yaxşı iş görür, bakir qalıb evlənməyənsə, daha yaxşı edir. 39  Ər sağ ikən arvad ona bağlıdır. Əgər əri ölüm yuxusuna getsə, qadın azaddır və istədiyi adama ərə gedə bilər, bu şərtlə ki, o adam Ağamızın xidmətçisi olsun. 40  Ancaq zənnimcə, qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Elə düşünürəm ki, məndə də Allahın müqəddəs ruhu var.

Haşiyələr

Hərfən «borcunu». Burada cinsi yaxınlıq ehtiyacının təmin edilməsi nəzərdə tutulur
Orijinalda işlədilmiş söz cinsi yaxınlıq etməmiş bakir oğlanları və bakirə qızları nəzərdə tutur
Hərfən «bakirliyinə qarşı düzgün davranmırsa»