2 Timoteyə 2:1—26
2 Oğlum, Məsih İsa yolunda sənə göstərilmiş lütfdən daima güc al,
2 məndən eşitdiyin və bir çoxlarının şəhadət etdiyi şeyləri sadiq adamlara əmanət et ki, onlar da təlim vermək üçün yararlı olsunlar.
3 Məsih İsanın cəsur əsgəri kimi, payına düşən əziyyətlərə sinə gər.
4 Axı heç bir əsgər qazanc dalınca düşmür, əksinə, onu hərbi xidmətə çağırmış adamın rəğbətini qazanmağa çalışır.
5 Yarış iştirakçılarından da kimsə qaydaları pozursa, mükafat* almır.
6 Məhsulun ilk payını zəhmətkeş əkinçi götürür.
7 Dediklərim üzərində daima düşün. Rəbb sənə hər sahədə dərrakə verəcək.
8 Unutma ki, İsa Məsih dirilib. O, Davudun nəslindən idi. Təbliğ etdiyim xoş xəbər də bu haqdadır.
9 Mən bu xoş xəbərə görə əzab-əziyyətə qatlaşıram, hətta cinayətkar kimi qandallanmışam. Ancaq Allahın sözünü heç kim qandallaya bilməz.
10 Buna görə də seçilmişlərdən ötrü hər şeyə dözürəm ki, onlar da Məsih İsa yolunda xilasa və əbədi şöhrətə yetişə bilsinlər.
11 Doğru deyilib ki, əgər onunla birlikdə ölmüşüksə, birlikdə də yaşayacağıq,
12 hər şeyə dözürüksə, birlikdə də padşahlıq edəcəyik. Əgər onu dansaq, o da bizi danacaq.
13 Biz vəfasız çıxsaq da o, həmişə vəfalıdır, çünki özünü dana bilməz.
14 Bütün bunları daima onlara xatırlat, Allahın qarşısında bir şahid kimi, onları hər sözə görə mübahisə etməkdən çəkindir. Bu mübahisələrin heç bir xeyri yoxdur, onları dinləyənlərin isə imanı sarsılır.
15 Var qüvvənlə çalış ki, Allahın hüzuruna Onun bəyəndiyi bir adam, həqiqət sözünü düzgün öyrədən, alnıaçıq bir işçi kimi çıxasan.
16 Müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən isə uzaq ol, çünki bu cür söhbətləri edənlər Allaha qarşı get-gedə daha çox hörmətsizlik edəcəklər
17 və onların sözü qanqrena kimi yayılacaq. Himeney və Filit bu qəbildəndirlər.
18 Bu adamlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən uzaqlaşıblar və bəzilərinin imanını yıxırlar.
19 Bununla belə, Allahın qoyduğu möhkəm bünövrə durur və onun üzərində bu möhür qoyulub: «Yehova Ona məxsus olanları tanıyır» və «Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin».
20 Böyük bir evdə qızıldan və gümüşdən düzəldilmiş qablar olduğu kimi, ağacdan və gildən düzəldilmiş qablar da olur. Onlardan bəzisini şərəfli, digərlərini isə şərəfsiz məqsəd üçün istifadə edirlər.
21 Əgər kimsə şərəfsiz məqsəd üçün istifadə olunan qablardan uzaq durursa, şərəfli məqsəd üçün istifadə edilən, paklanmış, sahibi üçün yararlı, hər cür yaxşı işə hazır bir qab olacaq.
22 Buna görə də gəncliyə xas istəklərdən qaç, əvəzində Rəbbi sidqi-ürəkdən çağıranlarla birlikdə salehliyə, imana, məhəbbətə və sülhə can at.
23 Bundan əlavə, axmaq, mənasız mübahisələrin davaya gətirib çıxartdığını bildiyin üçün onları rədd et.
24 Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim* davranmalı, təlim verməyə yararlı olmalı, haqsızlıqla qarşılaşanda özünü ələ almalı,
25 bədxahlara həlimliklə nəsihət verməlidir. Bəlkə, Allah onlara tövbə üçün yol açar və onlar həqiqət barəsində dəqiq biliyə yiyələnər,
26 İblisin istəklərini yerinə yetirmək üçün onun toruna diri-diri düşdüklərini görər və ağıllarını başlarına yığıb onun əlindən azad ola bilərlər.