2 Timoteyə 4:1—22

4  Zühur edib padşah kimi gələndə diriləri və ölüləri mühakimə edəcək Məsih İsanın və Allahın qarşısında sənə ciddi şəkildə tapşırıram:  Allahın sözünü təbliğ et, bu işi yubanmadan, həm sabit, həm də gərgin vaxtda gör, bütün səbrini və təlim vermək qabiliyyətini toplayaraq tənbeh et, məzəmmət et, ürəkləndir.  Çünki elə bir zəmanə gələcək ki, insanlar sağlam təlimdən imtina edəcək, qulaqlarına xoş gələni eşitmək üçün öz istəklərinə uyğun müəllim seçəcəklər.  Onlar həqiqətə qulaq asmayacaq, uydurma rəvayətlərə meyil salacaqlar.  Sən isə hər sahədə ayıq ol, əziyyətlərə qatlaş, xoş xəbəri təbliğ et, xidmətini tam yerinə yetir.  Mən artıq şərab təqdimi kimi qurbangahın üzərinə tökülürəm və qurtuluşumun vaxtı yaxındır.  Mən cəsarətlə vuruşdum, qarşımdakı məsafəni axıradək qaçdım və iman yolundan kənara çıxmadım.  Bu vaxtdan etibarən mənim üçün salehlik tacı qorunub saxlanılır. Saleh hakim olan Ağamız Hökm günündə bu tacı mənə mükafat kimi verəcək və təkcə mənə yox, onun zühurunu həsrətlə gözləyənlərin hamısına mükafat verəcək.  Çalış tezliklə yanıma gələsən. 10  Çünki Dimas bu dövrü sevdiyi üçün məni tərk edib Salonikiyə getdi, Kreskes Qalatiyaya, Titus isə Dalmatiyaya yollandı. 11  Təkcə Luka yanımdadır. Gələndə Markı da özünlə götürərsən, çünki onun mənə böyük köməyi dəyir. 12  Tixiki Efesə göndərdim. 13  Troasda Karpgildə qoyduğum kürkü və tumarları, xüsusən də perqament tumarlarını gələndə özünlə gətirərsən. 14  Misgər Aleksandr mənə çox pislik edib; Yehova ona etdiyi pisliyin əvəzini verəcək. 15  Sən də özünü ondan gözlə, çünki sözlərimizə yaman müqavimət göstərirdi. 16  Müdafiəm üçün ilk dəfə çıxış edəndə heç kəs tərəfimi saxlamadı, hamı məni tərk etdi. Qoy Allah bunu onların ayağına yazmasın. 17  Ancaq Ağamız yanımda durub mənə güc verirdi ki, təbliğ işi mənim vasitəmlə tam yerinə yetirilsin və bütün millətlər bu xoş xəbəri eşitsin. Beləcə, mən şirlərin ağzından qurtuldum. 18  Ağamız məni hər bir pislikdən qurtaracaq və öz səmavi padşahlığı üçün qoruyub saxlayacaq. Ona əbədiyyət boyu eşq olsun! Amin. 19  Priskaya və Akilaya, həmçinin Onisiforun ailəsinə salam de. 20  Erast Korinfdə qaldı, Trofimi xəstə halda Miletdə qoydum. 21  Çalış qışa qədər gələsən. Evbul, həmçinin Pudens, Lin, Klaudia və bütün qardaşlar sənə salam göndərirlər. 22  Qoy Ağamız sənin ovqatına xeyir-dua versin. Onun lütfü sizə yar olsun.

Haşiyələr