2 Peter 2:1—22
2 İsrail xalqının arasında saxta peyğəmbərlər olduğu kimi, sizin aranızda da saxta müəllimlər peyda olacaq. Onlar xəlvətcə iman yıxan təriqətlər yaradacaq, onları satın almış Sahibdən üz döndərəcək və beləcə, məhvlərini sürətləndirəcəklər.
2 Bundan başqa, bir çoxları onlardan nümunə götürüb pozğun işlərlə məşğul olacaq və belələrinə görə həqiqət yolu təhqirlərə məruz qalacaq.
3 Onlar sizi saxta sözlərlə aldadıb tamahkarlıqla öz məqsədləri üçün istifadə edəcəklər. Onlar üçün hökm çoxdan kəsilib və bu hökm artıq gözləmir, onların məhv olacağı gün mütləq gələcək.
4 Allah günaha batmış mələklərə rəhm etməyib onları Tartara* ataraq Hökm gününə qədər zülmət qaranlığın dibində saxlayır;
5 allahsızlarla dolu qədim dünyaya rəhm etməyib onu daşqında məhv edərkən salehlik təbliğçisi olan Nuhu və onunla bərabər yeddi nəfəri xilas etdi;
6 Sodom və Homorra şəhərlərinə hökm kəsib onları külə çevirərək allahsızlara başlarına gələcək şeyləri əyani şəkildə göstərdi,
7 qanun tanımayan adamların azğınlıqla törətdikləri pozğunluğa görə əzab çəkən saleh Lutu isə qurtardı,
8 axı bu saleh adam onların arasında günbəgün yaşayarkən törətdikləri qanunsuz əməlləri görüb-eşidir, onun saleh ürəyi ağrıyırdı.
9 Bəli, Yehova Ona sadiq insanları sınaqlardan necə qurtarmağı, qeyri-salehləri isə məhv olacaqları Hökm gününə qədər necə saxlamağı yaxşı bilir.
10 Onların sırasına başqalarını ləkələmək üçün onlarla cinsi əlaqəyə girənlər, həmçinin üzərilərində başçılıq edənlərə həqarətlə baxanlar daxildir.
Onlar məğrurdurlar, özlərindən başqa heç kəsi bəyənmirlər, Allahın şöhrətə yüksəltdiyi adamlar haqqında qorxmadan təhqiramiz sözlər danışırlar,
11 halbuki qüvvətdə və qüdrətdə qat-qat üstün olan mələklər Yehovaya hörmət bəslədiklərinə görə onlar barədə pis danışıb ittiham irəli sürmürlər.
12 Bu adamlar kəsilmək üçün doğulmuş şüursuz heyvanlara bənzəyirlər. Onlar dərk etmədikləri şeylər barəsində təhqiramiz şəkildə danışırlar. Buna görə də məhvə aparan yoldaca məhv olub
13 etdikləri pisliklərin haqqını alacaqlar.
Onlar gündüz vaxtı öz nəfslərini doyuzdurmaqdan həzz alırlar. Onlar sizi üzüqara edən ləkələrdir, çünki sizin ziyafətlərdə oturarkən sonsuz həzzlə öz yalan təlimlərini yayırlar.
14 Onların gözü daima zina axtarır və günahdan doymur. Onlar zəifləri yoldan çıxarırlar. Onların ürəyi başqasının malına tamah salmaqda məharətlidir. Onlar lənətlənmişlərdir.
15 Bu adamlar düz yolu qoyub əyri yola qədəm basdılar; qazanc uğrunda şər işlərə əl atan Beor oğlu Bilamın yolunu tutdular.
16 O, cinayətinə görə ifşa olundu. Dilsiz-ağızsız yük heyvanı insan səsi ilə danışıb onu tutduğu ağılsız fikirdən daşındırdı.
17 Bunlar qurumuş çeşmə, şiddətli küləklə qovulan dumandırlar. Onları zülmət qaranlıq gözləyir.
18 Onlar boş və lovğa sözlər danışırlar, yanlış həyat sürənlərin əlindən təzəlikcə qurtulanları bədən istəkləri və pozğun əməllərlə tələlərinə salırlar.
19 Özləri çürüklüyün qulu ola-ola onlara azadlıq vəd edirlər. Axı məğlub olan qalibin qulu olur.
20 Əgər Ağamız və Xilaskarımız İsa Məsih haqqındakı dəqiq bilik vasitəsilə bu dünyanın çirkindən azad olandan sonra onlar yenidən çirkaba qayıdıb məğlub olurlarsa, onda axırları əvvəllərindən daha betər olur.
21 Salehlik yolunu dəqiqliklə öyrənəndən sonra onlara əmanət edilmiş müqəddəs əmrdən üz döndərməkdənsə, onu heç öyrənməsəydilər onlar üçün daha yaxşı olardı.
22 Belələri haqqında «it qusduğunun üstünə, çimizdirilmiş donuz da palçıqda ağnamağa qayıdır» məsəli yerində deyilib.
Haşiyələr
^ Nuhun günlərində itaətsizlik etmiş mələklərin atıldığı həbsxanaya bənzər alçaldılmış vəziyyət