3 Yəhya 1:1—14

 Mən ağsaqqaldan, ürəkdən sevdiyim əziz qardaşım Qaya məktub.  Əziz qardaşım, sənə Allahdan can sağlığı diləyirəm, həm də dua edirəm ki, işlərin həmişəki kimi hər cəhətdən avand olsun.  Bura gələn qardaşlar sənin həqiqətə sadiq qaldığını danışanda mən çox sevindim. Şadam ki, sən daima həqiqət yolunda yeriyirsən.  Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz.  Əziz qardaşım, hətta tanımadığın qardaşlar üçün hər bir işi sədaqətlə görürsən.  Onlar yığıncaq qarşısında sənin məhəbbətindən danışdılar. Xahiş edirəm onları Allahın xidmətçilərinə yaraşan tərzdə yola salasan.  Çünki onlar Allahın adı naminə yola çıxıb başqa millətlərdən olan adamlardan heç bir şey götürmədilər.  Belə qardaşları qonaqpərvərliklə qəbul etmək bizim borcumuzdur. Bu halda həqiqət yolunda onlarla əməkdaş ola bilərik.  Yığıncağa bəzi şeylər yazmışdım, amma aralarında rəhbərlik etməyi sevən Diotref hörmətsizlik göstərərək bizdən heç nəyi qəbul etmir. 10  Buna görə də, əgər gəlsəm, onun işlərinin üstünü açacağam. O, bizi daima pisləyir, bu azmış kimi, həm özü hörmətsizlik göstərib qardaşları qəbul etmir, həm də onları qəbul etmək istəyənlərə əngəl törədib onları yığıncaqdan qovmağa çalışır. 11  Əziz qardaşım, pislərdən yox, yaxşı insanlardan nümunə götür. Yaxşılıq edən Allah adamıdır. Pislik edən isə Allahı görməmişdir. 12  Demetri haqqında isə hamı yaxşı danışır və onun həqiqət yolunda yeriməsi bunu təsdiq edir. Biz də bu deyilənləri təsdiqləyirik və sən sözümüzün doğru olduğunu bilirsən. 13  Sənə deyiləsi hələ çox sözüm var, lakin bunları mürəkkəb və qələmlə yazmaq istəmirəm. 14  Ümid edirəm ki, tezliklə səni görəcəyəm, onda üz-üzə danışarıq. Salamat qal! Buradakı dostlar sənə salam göndərirlər. Mənim salamımı bir-bir oradakı dostlara çatdır.

Haşiyələr