Mark 1:1—45
1 İsa Məsih haqqındakı xoş xəbərin başlanğıcı.
2 Yeşaya peyğəmbər belə yazmışdır: «(Mən sənin qabağınca elçimi göndərirəm, o, sənin yolunu hazırlayacaq.)
3 Dinləyin! Səhrada kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».
4 Beləcə, vəftizçi Yəhya çöllükdə peyda olub günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi təbliğ edirdi.
5 Bunun müqabilində bütün Yəhudeya və Yerusəlim əhli Yəhyanın yanına gəlir, günahlarını açıq-aşkar boynuna alaraq onun tərəfindən İordan çayında vəftiz olunurdu.
6 Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayır, çəyirtkə və çöl balı ilə qidalanırdı.
7 O təbliğ edərək deyirdi: «Mənim arxamca məndən daha güclüsü gəlir. Mən əyilib onun səndəlinin bağını açmağa belə layiq deyiləm.
8 Mən sizi su ilə vəftiz edirdim, o isə sizi müqəddəs ruhla vəftiz edəcək».
9 O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu.
10 İsa sudan çıxar-çıxmaz göylərin açıldığını və müqəddəs ruhun bir göyərçin kimi üzərinə endiyini gördü.
11 Həmçinin göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan; səndən çox razıyam».
12 Müqəddəs ruh dərhal İsanı çöllüyə apardı.
13 O, qırx gün orada çöl heyvanlarının arasında qaldı. Şeytan onu imtahana çəkir, mələklər isə ona qulluq edirdi.
14 Yəhya həbs edildikdən sonra İsa Qalileyaya getdi və Allahın xoş xəbərini təbliğ etməyə başladı.
15 O deyirdi: «Vaxt yetişdi, Allahın padşahlığı yaxındır. Tövbə edin və xoş xəbərə inanın».
16 İsa Qalileya gölünün sahili boyunca gedərkən suya tor atan Şimonu və onun qardaşı Andreası gördü. Onlar balıqçı idilər.
17 İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız».
18 Onlar dərhal torlarını qoyub İsanın ardınca getdilər.
19 Bir qədər irəli getdikdən sonra o, Zebedeyin oğlu Yaqubu və onun qardaşı Yəhyanı gördü. Onlar qayıqda idilər və torlarını təmir edirdilər.
20 İsa dərhal onları çağırdı, onlar da ataları Zebedeyi muzdlu işçilərlə qayıqda qoyub onunla getdilər.
21 Hamısı bir yerdə Kapernahuma gəldilər.
Şənbə günü başlayan kimi İsa sinaqoqa girdi və təlim verməyə başladı.
22 Camaat onun öyrətmək tərzinə heyran qaldı, çünki o, mirzələr kimi yox, hakimiyyət sahibi kimi öyrədirdi.
23 Bu zaman onların sinaqoqunda murdar ruha tutulmuş bir adam var idi. Birdən o qışqırdı:
24 «Ey nazaretli İsa! Bizdən nə istəyirsən? Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən».
25 Lakin İsa ona zəhmlə: «Səsini kəs və ondan çıx», — dedi.
26 Murdar ruh həmin adamı qıc etdi və bağırıb ondan çıxdı.
27 Hamını heyrət bürüdü. Onlar öz aralarında danışmağa başladılar: «Bu nədir belə? Yeni bir təlimdir? Bu adam hətta murdar ruhlara hökm edir, onlar da itaət edirlər!»
28 Onun sorağı tez bir zamanda Qalileyanın hər tərəfinə yayıldı.
29 Sinaqoqdan çıxan kimi o, Yaqub və Yəhya ilə bərabər Andreas və Şimongilə getdi.
30 Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya çatdırdılar.
31 İsa qadına yaxınlaşdı, əlindən tutub onu qaldırdı. Qadının qızdırması keçdi və o durub onlara qulluq etməyə başladı.
32 Axşam günəş batandan sonra camaat bütün xəstələri və cinə tutulmuş adamları onun yanına gətirdi.
33 Bütün şəhər qapının ağzında toplaşmışdı.
34 O, müxtəlif azarı olan xəstələri sağaltdı və çoxlu cin qovdu, lakin cinləri danışmağa qoymadı, çünki cinlər onun Məsih olduğunu bilirdilər.
35 Səhər ertədən, hələ alaqaranlıq ikən İsa durdu və kimsəsiz bir yerə gedib dua etməyə başladı.
36 Amma Şimon yanındakılarla birlikdə onu axtarmağa başladı.
37 Onlar İsanı tapanda dedilər: «Hamı səni axtarır».
38 Lakin İsa onlara dedi: «Gəlin başqa yerə, bu yaxın kəndlərə gedək ki, mən xoş xəbəri oralarda da təbliğ edim, axı mən bunun üçün gəlmişəm».
39 Beləliklə, İsa bütün Qalileyanı gəzib dolaşaraq onların sinaqoqlarında təbliğ edir və cinləri qovurdu.
40 Bir dəfə bir cüzamlı gəlib onun qarşısında diz çökdü və yalvardı: «Əgər istəsən, məni təmizləyə bilərsən».
41 İsanın ona yazığı gəldi, əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən».
42 O andaca cüzam keçdi, həmin adam təmizləndi.
43 İsa onu dərhal yola saldı və bərk-bərk tapşırdı:
44 «Məbada bunu kiməsə danışasan. Get özünü kahinə göstər və onlara şəhadət olsun deyə, təmizləndiyin üçün Musanın əmr etdiyi şeyləri təqdim et».
45 O adam isə oradan getdi və baş verənləri danışıb aləmə yaydı. İsa artıq heç bir şəhərə açıq-aşkar girə bilmirdi, şəhərin ətrafında kimsəsiz yerlərdə qalırdı. Adamlar isə hər yerdən onun yanına gəlirdi.