Mark 10:1—52
10 İsa oradan çıxıb İordanın o biri tayına, Yəhudeyanın sərhədlərinə gəldi. Bu dəfə də onun yanına çoxlu adam axışdı və o, həmişəki kimi, onlara Allahın sözünü öyrətməyə başladı.
2 Bu zaman fəriseylər İsaya yaxınlaşdılar və ərin arvadını boşamağının düzgün olub-olmadığını soruşdular. Onlar İsanı sınağa çəkirdilər.
3 İsa da onlardan soruşdu: «Bəs Musa sizə nə buyurub?»
4 Onlar dedilər: «Musa izin verib ki, ər boşanma kağızı yazaraq arvadını boşasın».
5 Lakin İsa onlara dedi: «Musa bu əmri sizin daşürəkli olduğunuza görə yazmışdı.
6 Ancaq Allah başlanğıcda onları “kişi və qadın olaraq yaratdı.
7 Buna görə insan ata-anasından ayrılacaq
8 və ikisi bir bədən olacaq”. Beləliklə, onlar artıq iki yox, bir bədəndir.
9 Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».
10 Onlar yenə də evdə olanda şagirdlər bu haqda ondan soruşdular.
11 İsa onlara dedi: «Arvadını boşayıb başqası ilə evlənən boşadığı arvada qarşı zina edir.
12 Eynilə də ərindən boşanıb başqasına ərə gedən qadın zina etmiş olur».
13 Sonra camaat uşaqlarını İsanın yanına gətirməyə başladı ki, İsa onlara toxunsun. Şagirdlər isə camaatı danlayırdı.
14 İsa bunu görəndə qəzəblənib onlara dedi: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın, çünki Allahın padşahlığı belələrinə məxsusdur.
15 Bilin və agah olun: Allahın padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək».
16 Bundan sonra İsa uşaqları qucaqladı, əllərini onların üzərinə qoyub xeyir-dua verdi.
17 İsa yola düşməyə hazırlaşarkən bir adam qaça-qaça gəlib onun qabağında diz çökdü və dedi: «Yaxşı Müəllim, əbədi həyatı almaq üçün mən nə etməliyəm?»
18 İsa ona dedi: «Məni niyə “Yaxşı” adlandırırsan? Allahdan başqa Yaxşı şəxsiyyət yoxdur.
19 Sən ki: “Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şəhadət vermə, aldatma, atana və anana hörmət et”, — əmrlərini bilirsən».
20 O adam dedi: «Müəllim, bütün bunlara ta uşaqlıqdan əməl edirəm».
21 Oğlan İsanın ürəyinə yatdı* və İsa ona baxıb dedi: «Bircə şeyin çatmır. Get, nəyin varsa sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl*».
22 O isə bu sözləri eşidəndə kədərləndi və qəm-qüssə içində çıxıb getdi, çünki çox dövlətli idi.
23 İsa ətrafına baxıb şagirdlərinə dedi: «Pullu adamlara Allahın padşahlığına girmək necə də çətin olacaq!»
24 Şagirdlər bu sözlərə təəccübləndilər. Onda İsa onlara yenə dedi: «Övladlarım! Allahın padşahlığına girmək necə də çətindir!
25 Dəvə üçün iynə deşiyindən keçmək, varlı adam üçün Allahın padşahlığına girməkdən daha asandır».
26 Onlar daha da təəccüblənib: «Bəs onda kim xilas ola bilər?», — deyə soruşdular.
27 İsa düz onların gözünün içinə baxıb dedi: «Bu, insan üçün mümkün deyil, Allah üçünsə mümkün olmayan şey yoxdur».
28 Onda Peter dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəlmişik».
29 İsa dedi: «Əmin olun, mənim yolumda və xoş xəbər uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyan adam
30 mütləq bu dövrdə təqiblərlə yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcək dövrdə isə əbədi həyat alacaq.
31 Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq».
32 Onlar Yerusəlimə qalxırdılar. İsa qabaqda gedirdi. Şagirdlər təəccüb içində idilər, arxadan gələnləri isə qorxu bürümüşdü. O, bir daha on iki həvarisini kənara çəkib başına gələcək şeylər haqqında onlara danışmağa başladı:
33 «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək, onlar insan Oğlunu ölümə məhkum edəcək və başqa millətlərdən olan adamlara təslim edəcəklər.
34 Onlar da insan Oğlunu lağa qoyacaq, üzünə tüpürəcək, qamçılayacaq və öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».
35 Zebedeyin iki oğlu Yaqub və Yəhya İsaya yaxınlaşıb dedilər: «Müəllim, səndən bir xahişimiz var, onu yerinə yetir».
36 O soruşdu: «Nə istəyirsiniz? Sizin üçün nə edim?»
37 Onlar cavab verdilər: «Sən cah-calalına yetişəndə izin ver, birimiz sağında, birimiz də solunda oturaq».
38 Ancaq İsa onlara dedi: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içdiyim camdan içə bilərsinizmi? Yaxud vəftiz olunduğum vəftizlə vəftiz oluna bilərsinizmi?»
39 Onlar dedilər: «Bəli». Onda İsa dedi: «İçdiyim camdan içəcəksiniz, vəftiz olunduğum vəftizlə də vəftiz olunacaqsınız.
40 Amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Bu yerlər kimin üçün hazırlanıbsa, onlar da orada oturacaqlar».
41 Bu söhbəti eşidən digər on həvari Yaqubla Yəhyaya bərk qəzəbləndi.
42 Ancaq İsa onları yanına çağırıb dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları sayılanlar onların üzərində ağalıq edir və xalqların rəhbərləri* onlara başçılıq edirlər.
43 Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyüklük etmək istəyən qulluğunuzda durmalıdır,
44 birinci olmaq istəyən hamınıza nökərçilik etməlidir.
45 Axı insan Oğlu ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib».
46 Onlar Yerixoya gəldilər. İsa şagirdləri və çoxlu adamla birlikdə Yerixodan çıxan zaman Bartimey (Timey oğlu) adında bir kor dilənçi yol kənarında oturmuşdu.
47 O, nazaretli İsanın həmin yoldan keçdiyini eşidəndə qışqırıb dedi: «Ey Davud Oğlu İsa, mənə rəhm et!»
48 Bir çoxları təpinərək onu susdurmağa çalışdılar. O isə daha bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!»
49 İsa ayaq saxlayıb dedi: «Onu bura çağırın». Camaat: «Qorxma, dur, səni çağırır», — deyə onu səslədi.
50 Dilənçi əbasını üstündən atıb yerindən sıçradı və İsanın yanına gəldi.
51 İsa ondan soruşdu: «Nə istəyirsən? Sənin üçün nə edim?» Kor adam dedi: «Müəllim*, başına dönüm, gözlərimə şəfa ver».
52 İsa ona dedi: «Get, imanın səni sağaltdı». Kor adamın gözləri dərhal açıldı və o, İsanın dalınca getdi.
Haşiyələr
^ Hərfən «İsa onu sevdi»
^ Hərfən «böyük adamlar»
^ Hərfən «Rabbuni». Yəhya 20:16 ayəsinə bax