Mark 14:1—72
14 Pasxa və Mayasız Çörək bayramına iki gün qalırdı. Böyük kahinlər və mirzələr İsanı hiylə ilə tutub öldürmək üçün yol axtarırdılar.
2 Amma deyirdilər: «Bircə bayramda olmasın, yoxsa xalq ayağa qalxar».
3 İsa Betaniyada, cüzamlı Şimonun evində süfrədə əyləşərkən bir qadın əlində bir qab* içəri girdi. Qabın içində bahalı ətirli yağ, xalis nard* var idi. Qadın qabın boğazını qırıb yağı İsanın başına tökdü.
4 Bunu görənlərdən bəzilərinin qadına acığı tutdu, onlar bir-birilərinə dedilər: «Bu ətirli yağ niyə zay edilir?
5 Yağı üç yüz dinardan baha qiymətə satıb pulu kasıblara paylamaq olardı!» Onlar qadının bu hərəkətindən çox narazı qaldılar.
6 Amma İsa onlara dedi: «Qadınla işiniz olmasın. Ondan nə istəyirsiniz? O, mənə yaxşılıq etdi.
7 Kasıblar həmişə yanınızdadır, nə vaxt istəsəniz onlara yaxşılıq edə bilərsiniz. Amma mən həmişə yanınızda olmayacağam.
8 Bu qadın gücü çatanı etdi. O, bədənimi ətirli yağla yağlayıb məni qabaqcadan dəfnə hazırladı.
9 İnanın, xoş xəbər dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü iş barəsində danışılacaq, özü isə yad ediləcək».
10 On iki həvaridən biri olan Yəhuda İskariot İsanı ələ vermək üçün böyük kahinlərin yanına getdi.
11 Kahinlər bunu eşidəndə sevindilər və ona gümüş pul verməyi boyun oldular. Bu vaxtdan etibarən Yəhuda İsanı ələ vermək üçün fürsət axtarmağa başladı.
12 Mayasız Çörək bayramının ilk günündə (həmin gün pasxa qurbanını kəsirdilər) İsanın şagirdləri ona dedilər: «Sənin üçün pasxa yeməyini gedib harada hazırlayaq?»
13 Onda İsa iki şagirdini göndərib dedi: «Şəhərə gedin. Orada qabağınıza saxsı səhəngdə su aparan bir adam çıxacaq. Onun dalınca gedin.
14 O, hansı evə girsə, siz də o evin sahibinə deyin: “Müəllim soruşur: «Şagirdlərimlə pasxa yeməyini hansı qonaq otağında yeyəcəyəm?»”
15 O adam sizə yuxarı mərtəbədə böyük bir otaq göstərəcək. Otaqda hər nə lazımdırsa olacaq. Şam yeməyimizi orada hazırlayın».
16 Şagirdlər yola düşüb şəhərə gəldilər. Hər şey İsanın dediyi kimi oldu. Onlar Pasxanı qeyd etmək üçün hazırlıq gördülər.
17 Axşam düşəndə İsa on iki həvarisi ilə oraya gəldi.
18 Onlar süfrə arxasında oturub yeyərkən İsa dedi: «Bunu bilin: hal-hazırda mənimlə süfrədə oturan sizlərdən biri məni satacaq».
19 Şagirdləri qəm-qüssə bürüdü və onlar bir-bir ondan soruşmağa başladılar: «Bu mən deyiləm ki?»
20 İsa onlara dedi: «O adam mənimlə bir qabdan yeyən on iki həvaridən biridir.
21 Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi, gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı».
22 Onlar yemək yedikləri zaman İsa çörək götürüb dua etdi, sonra çörəyi bölüb şagirdlərinə uzatdı və dedi: «Götürün, bu, mənim bədənimi təmsil edir».
23 Sonra İsa bir cam götürdü, Allaha şükür edib camı onlara verdi. Hamı camdan içdi.
24 İsa onlara dedi: «Bu, bir çoxları uğrunda axıdılacaq qanımı, “əhd qanını” təmsil edir.
25 Bunu bilin ki, Allahın padşahlığında təzə şərab içəcəyim günə qədər dilimə əsla şərab vurmayacağam».
26 Axırda onlar mədhiyyələr oxuyub Zeytun dağına yollandılar.
27 İsa onlara dedi: «Hamınız məndən üz döndərəcəksiniz, çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”.
28 Amma diriləndən sonra mən sizin qabağınızca Qalileyaya gedəcəyəm».
29 Onda Peter dedi: «Hamı səndən üz döndərsə də, mən üz döndərmərəm».
30 İsa cavab verdi: «Bunu bil ki, bu gün, elə bu gecə xoruz iki dəfə banlamamış sən məni düz üç dəfə danacaqsan».
31 Peter isə daha çılğınlıqla dedi: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni əsla danmaram». Digərləri də eyni şeyi deyirdi.
32 Onlar Getsemani deyilən yerə gəldilər. Orada İsa şagirdlərinə dedi: «Siz burada oturun, mən isə dua edim».
33 İsa Peteri, Yaqubu və Yəhyanı özü ilə götürdü. Sonra o, bərk həyəcanlandı və sarsıntı keçirdi.
34 O, şagirdlərə dedi: «Ürəyimdən qara qanlar axır, kədərim hədsizdir. Siz burada durun və oyaq qalın».
35 İsa bir az irəli gedib diz üstə yıxıldı və: «Əgər mümkünsə, qoy bu sınaq məndən yan keçsin», — deyə dua etməyə başladı.
36 Sonra əlavə etdi: «Atacan*, Ata, Sənin üçün hər şey mümkündür. Bu camı məndən uzaqlaşdır. Amma qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun».
37 İsa qayıdanda gördü ki, onlar yatırlar və Peterə dedi: «Şimon, sən yatırsan? Bircə saat da oyaq qalmağa gücün çatmadı?
38 Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz. Ruh güclü, bədən isə zəifdir».
39 Bundan sonra İsa yenidən uzaqlaşıb eyni sözlərlə dua etdi.
40 Şagirdlərin isə yuxudan gözləri bağlanırdı. İsa təkrarən qayıdanda gördü ki, onlar yenə yatıblar. Onlar bilmədilər İsaya nə cavab versinlər.
41 İsa üçüncü dəfə qayıdanda onlara dedi: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! Yetər! Vaxt yetişdi! İnsan Oğlu günahlıların əlinə verilir.
42 Durun gedək. Xain yaxınlaşır».
43 İsa hələ danışarkən on iki həvaridən biri olan Yəhuda xeyli adamla ora gəldi. Bu adamlar qılınc və dəyənəklə silahlanmışdılar; onları böyük kahinlər, mirzələr və ağsaqqallar göndərmişdi.
44 Xain onlara işarə vermişdi: «Kimi öpsəm, İsa odur. Onu tutun və mühafizə altında aparın».
45 Yəhuda düz İsanın qabağına gəlib: «Müəllim!», — dedi və onu nəvazişlə öpdü.
46 Onda kütlə İsanı tutub həbs etdi.
47 Bu vaxt İsanın yanında duranlardan biri qılıncını çəkdi və vurub baş kahinin nökərinin qulağını kəsdi.
48 İsa o adamlara dedi: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlirsiniz?
49 Hər gün məbəddə Allahın sözünü öyrədəndə sizin yanınızda idim, heç onda məni həbs etmirdiniz?! Lakin Müqəddəs Yazılarda yazılanlar yerinə yetsin deyə bunlar baş verir».
50 Şagirdlər onu qoyub qaçdılar.
51 Əyninə zərif kətandan paltar geymiş bir cavan İsanın dalınca gedirdi. Onu da tutmaq istədilər,
52 amma o, kətan paltarını qoyub yarıçılpaq qaçdı.
53 İsanı baş kahinin yanına gətirdilər. Bütün böyük kahinlər, ağsaqqallar və mirzələr ora toplaşmışdı.
54 Peter bir qədər aralıdan İsanın dalınca gəlirdi. O, baş kahinin həyətinə girib qulluqçularla oturdu və tonqalın qırağında isinməyə başladı.
55 Bu vaxt böyük kahinlər və bütün Sinedrion İsanı öldürmək üçün onun əleyhinə şəhadət axtarırdılar, amma tapa bilmirdilər.
56 Halbuki bir çoxları İsanın əleyhinə yalandan şəhadət verirdilər, lakin sözləri bir-biri ilə düz gəlmirdi.
57 Bəziləri durub ona qarşı yalandan şahidlik edir və deyirdi:
58 «Biz bu adamın sözlərini öz qulağımızla eşitmişik. O belə deyib: “Mən insan əli ilə tikilmiş bu məbədi dağıdıb üç günə başqasını, əllə tikilməmiş məbəd ucaldacağam”».
59 Ancaq bu məsələdə də onların ifadələri bir-birinə uyğun gəlmirdi.
60 Nəhayət, baş kahin ayağa qalxdı və İsadan soruşdu: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?»
61 İsa susub cavab vermədi. Baş kahin yenidən soruşdu: «Mübarək Allahın Oğlu Məsih sənsən?»
62 Onda İsa dedi: «Bəli, mənəm. Siz insan Oğlunun Qüdrətlinin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».
63 Baş kahin bunu eşidəndə köynəyini cırıb dedi: «Daha şahidlər nəyimizə gərəkdir?
64 Siz öz qulağınızla onun ağzından küfr eşitdiniz. İndi nə deyirsiniz?» Onlar yekdilliklə İsaya ölüm hökmü çıxartdılar.
65 Sonra bəziləri İsaya tüpürdülər, onun üzünü örtüb yumruqlamağa başladılar. Onlar deyirdilər: «Peyğəmbərsənsə, sübut et! De görək səni kim vurdu?» Məhkəmə icraçıları İsanı sillələyib apardılar.
66 Bu vaxt Peter həyətdə, tonqalın qırağında isinirdi. Baş kahinin qarabaşı gəlib
67 onu gördü və düz gözlərinin içinə baxıb dedi: «Sən də bu nazaretli İsanın adamlarındansan».
68 Peter inkar etdi: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm». Sonra darvazaya tərəf getdi.
69 Qarabaş onu orada görüb yan-yörəsindəkilərə dedi: «Bu da onlardandır».
70 Peter yenə də inkar etdi. Bir qədər sonra orada duranlar Peterə dedilər: «Hə, doğrudan da, sən onlardansan, özün də qalileyalısan».
71 Peter özünə lənət yağdırıb and-aman etdi: «Dediyiniz adamı tanımıram!»
72 Elə bu vaxt xoruz ikinci dəfə banladı və İsanın dediyi: «Xoruz iki dəfə banlamamış sən məni üç dəfə danacaqsan», — sözləri Peterin yadına düşdü. Onda Peter özünü saxlaya bilməyib hönkür-hönkür ağladı.
Haşiyələr
^ Yunan mətnində: «alabaster qabı». Misirin Alabastron şəhəri yaxınlığında çıxarılan daşdan düzəldilən balaca qab
^ Himalay dağlarında bitən xoş qoxulu bitkidən alınan ətirli yağ
^ Hərfən «Abba». Arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması