Mark 3:1—35
3 İsa yenə də sinaqoqa gəldi. Orada əli qurumuş bir adam var idi.
2 Fəriseylər İsanı ittiham etmək istəyirdilər. Buna görə də onun şənbə günü o adamı sağaldıb-sağaltmayacağını diqqətlə izləyirdilər.
3 İsa əli qurumuş adama dedi: «Dur, ortaya keç».
4 Sonra onlardan soruşdu: «Şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?» Onlar susub dinmədilər.
5 İsa onların nə qədər daşürəkli olduğunu görüb bərk kədərləndi. Qəzəblə onlara göz gəzdirdi, sonra o adama dedi: «Əlini uzat». O, əlini uzatdı və əli sağaldı.
6 Onda fəriseylər çölə çıxdılar və İsanı öldürmək barəsində Hirodun ardıcılları ilə yubanmadan məşvərət etdilər.
7 İsa öz şagirdləri ilə bərabər oradan çıxıb göl qırağına getdi. Qalileya və Yəhudeyadan çoxlu adam da onun dalınca gedirdi.
8 Hətta Yerusəlimdən, İdumeyadan, İordanın o biri tayından, Sur və Sidon bölgələrindən xeyli adam İsanın işləri haqda eşidib onun yanına gəldi.
9 Camaat onu sıxışdırmasın deyə İsa şagirdlərinə balaca bir qayığı hazır vəziyyətdə saxlamağı tapşırdı.
10 İsa bir çox adamı sağaltmışdı. Buna görə də ağır xəstəliyi olanlar İsaya toxunmaq üçün ona yaxınlaşmağa can atırdılar.
11 Hətta murdar ruhlar da İsanı görəndə onun qarşısında yerə yıxılır və qışqırırdılar: «Sən Allahın Oğlusan».
12 Ancaq İsa cinlərə dəfələrlə qadağan edirdi ki, onun kim olduğunu deməsinlər.
13 İsa dağa çıxdı və ürəyi istədiyi şagirdləri yanına çağırdı. Onlar İsanın yanına gəldilər.
14 İsa onu müşayiət etmək üçün on iki şagird seçdi və onları «həvari» adlandırdı. İsa bu şagirdlərə müxtəlif yerlərə gedib təbliğ etmək tapşırığı
15 və cinləri qovmaq səlahiyyəti verdi.
16 Həmin on iki şagird bunlardır: Şimon (İsa ona həmçinin Peter ləqəbi vermişdi),
17 Zebedeyin oğlu Yaqub və Yaqubun qardaşı Yəhya (İsa həmçinin onlara Boanerges, yəni «ildırım oğulları» ləqəbini vermişdi),
18 Andreas, Filip, Bartolomey, Matta, Tomas, Alfey oğlu Yaqub, Taday, Qeyrətli Şimon
19 və sonradan İsanı satmış Yəhuda İskariot.
İsa bir evə girdi.
20 Bu dəfə də onun yanına çoxlu adam gəldi. O və şagirdləri hətta çörək yeməyə imkan tapmadılar.
21 İsanın qohumları onun işləri barəsində eşidəndə: «O, ağlını itirib», — deyərək onu aparmaq üçün gəldilər.
22 Yerusəlimdən mirzələr də gəlib dedilər: «Onda Beelzebub var. Bu adam cinləri elə cinlərin hökmdarının əli ilə qovur».
23 İsa mirzələri yanına çağırdı və məsəl çəkərək sözə başladı: «Şeytan Şeytanı necə qova bilər?
24 Əgər padşahlıq daxildən parçalanarsa, o, dura bilməz.
25 Daxildən parçalanan ev də dura bilməz.
26 Əgər Şeytan özünə qarşı çıxıb daxildən parçalanıbsa, o dura bilməz, deməli, onun axırı yaxındır.
27 Heç kim güclü bir adamın evinə girib onun əl-qolunu bağlamamış var-dövlətini qarət edə bilməz. Yalnız əl-qolunu bağlayandan sonra evi qarət edə bilər.
28 Bunu bilin ki, insan hansı günahı işləsə, nə cür küfr danışsa, hamısı ona bağışlanacaq.
29 Lakin müqəddəs ruha qarşı küfr danışan heç vaxt bağışlanmayacaq, bu günah əbədiyyən onun boynunda qalacaq».
30 İsa bu sözləri mirzələrin: «Onda cin var», — dedikləri üçün söylədi.
31 İsanın anası və qardaşları gəlib bayırda durdular və adam göndərib onu çağırtdırdılar.
32 İsanın ətrafında çoxlu adam oturmuşdu. Ona xəbər verdilər: «Anan və qardaşların bayırdadırlar, səni axtarırlar».
33 İsa onlara dedi: «Mənim anam və qardaşlarım kimdir?»
34 Sonra ətrafında oturanlara göz gəzdirib dedi: «Budur mənim anam və qardaşlarım!
35 Allahın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır».