Mark 4:1—41
4 İsa yenidən göl qırağında təlim verməyə başladı. Onun yanına çoxlu adam yığışdı, buna görə də o, qayığa minib sahildən bir az aralandı. Camaat isə sahildə dayanmışdı.
2 İsa məsəllər çəkərək onlara çox şey öyrətməyə başladı. O, bunları deyirdi:
3 «Qulaq asın. Bir əkinçi toxum səpməyə çıxdı.
4 Toxum səpərkən, toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.
5 Bəzisi torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.
6 Amma günəş çıxanda, soldu və kökü olmadığından qurudu.
7 Bəzi toxumlar tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu və onlar bar vermədilər.
8 Amma bəziləri münbit torpağa düşdü, cücərib boy atdı və bar gətirdi. Onlar otuzqat, altmışqat və yüzqat bar verdilər».
9 İsa əlavə etdi: «Qulağı olan qoy eşitsin!»
10 İsa tək qalanda on iki həvarisi və ətrafında olanlar onu məsəllərlə bağlı sorğu-suala tutdular.
11 İsa onlara dedi: «Sizə Allahın padşahlığının müqəddəs sirrini başa düşmək qabiliyyəti verilib, amma qalanlarına isə hər şey məsəllərlə söylənilir ki,
12 baxsalar da bir şey görməsinlər, eşitsələr də bir şey anlamasınlar, heç vaxt geri dönməsinlər və Allah onları bağışlamasın».
13 Sonra əlavə etdi: «Bu məsəli başa düşmürsünüzsə, o birilərini necə başa düşəcəksiniz?
14 Əkinçi Allahın sözünü səpir.
15 Bəzi adamlarda söz sanki yol kənarında əkilib. Onlar sözü eşidər-eşitməz Şeytan gəlib ürəklərində əkilmiş toxumu aparır.
16 Digər adamlarda söz sanki daşlıqda əkilib. Onlar sözü eşidən kimi, sevinclə qəbul edirlər.
17 Amma kök atmadığından uzun müddət dura bilmirlər; Allahın sözünə görə çətinlik, təqib başlayan kimi, onlar zəifləyirlər.
18 Bəzilərində isə toxum sanki tikanlığa düşüb. Onlar sözü eşidir,
19 lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcı qüvvəsi və digər arzular ürəklərinə yol tapır, sözü boğur və söz bar gətirmir.
20 Nəhayət, münbit torpaqda əkilmişlər Allahın sözünü dinləyən, onu sidqi-ürəkdən qəbul edən adamlardır. Belə adamlar otuzqat, altmışqat və yüzqat bəhrə verirlər».
21 İsa sözünə davam etdi: «Heç görmüsünüz ki, çırağı zənbilin və ya çarpayının altına qoysunlar? Onu masanın üstünə qoyurlar, elə deyil?
22 Bəli, elə bir sirr yoxdur ki, əvvəl-axır üstü açılmasın; elə bir gizli şey yoxdur ki, aşkar olunmasın.
23 Qulağı olan qoy eşitsin».
24 Sonra İsa dedi: «Sözlərimə diqqətlə qulaq asın. Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər.
25 Kimdə varsa, ona daha çox veriləcək; kimdə yoxdursa, ondan əlindəki də alınacaq».
26 İsa davam etdi: «Allahın padşahlığı bir adamın torpağa toxum atmasına bənzəyir.
27 O, gecə yatır, səhər durur, toxum da cücərir, böyüyür, amma bu necə olur, o adamın bundan xəbəri yoxdur.
28 Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir.
29 Məhsul yetişən kimi, adam orağı işə salır, çünki biçin vaxtı yetişdi».
30 İsa sözünə davam etdi: «Allahın padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə təsvir edək?
31 Padşahlıq xardal toxumuna bənzəyir. Əkin toxumları arasında ən xırdası odur.
32 Amma yerə əkiləndən sonra o böyüyüb bütün bostan bitkilərinin ən irisi olur və qol-budaq atır, göy quşları da gəlib onun kölgəsində yuva salırlar».
33 İsa buna bənzər çoxlu məsəl çəkir, Allahın sözünü onlara qavraya bildikləri qədər danışırdı.
34 Bəli, İsa danışanda həmişə məsəl çəkərdi, lakin sonra hər şeyi təklikdə şagirdlərinə izah edərdi.
35 Həmin gün axşam düşəndə İsa onlara dedi: «Gəlin o biri sahilə üzək».
36 Onlar camaatı yola salandan dərhal sonra İsanı qayığa mindirdilər. Orada başqa qayıqlar da var idi.
37 Birdən güclü fırtına qopdu. Amansız dalğalar qayığa çırpınırdı; qayıq batmaq üzrə idi.
38 İsa bu zaman qayığın dal tərəfində başını balışa qoyub yatmışdı. Şagirdlər onu oyadıb dedilər: «Müəllim, məgər səni narahat etmir ki, biz batırıq?»
39 İsa durub küləyi ram etdi və suya əmr etdi: «Dayan! Sakit ol!» Külək yatdı, ətrafa dərin sükut çökdü.
40 O, şagirdlərə dedi: «Niyə qorxdunuz? Hələ də imanınız yoxdur?»
41 Onlar, doğrudan da, bərk qorxmuşdular və bir-birilərinə deyirdilər: «Bu kimdir ki, hətta külək və dəniz də ona itaət edir?»