Mark 5:1—43

5  Onlar üzüb gölün o biri sahilinə, gerasalıların torpağına gəldilər.  İsa qayıqdan düşən kimi, onun qarşısına qəbiristanlıqdan bir adam çıxdı. Bu adamın içində murdar ruh vardı və  o, sərdabələrin arasında yaşayırdı. Bu vaxtadək heç kim onu zəncirləyib saxlaya bilməmişdi.  Onu bir neçə dəfə qandallayıb zəncirləmişdilər, lakin o, zənciri qırmış, qandalı sındırmışdı. Heç kim onun öhdəsindən gələ bilmirdi.  Bu adam gecə-gündüz sərdabələrin arasında, dağlarda durmadan bağırır, özünü dağa-daşa çırpıb yaralayırdı.  O, uzaqdan İsanı görəndə yüyürüb ona təzim etdi və  bağırıb dedi: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Səni and verirəm Allaha, məni incitmə!»  Çünki İsa cinə deyirdi: «Ey murdar ruh, bu adamdan çıx!»  İsa ondan soruşdu: «Adın nədir?» O cavab verdi: «Adım Legiondur*, çünki biz çoxuq». 10  O, İsaya yalvar-yaxar etdi ki, cinləri o ərazidən qovmasın. 11  Bu vaxt orada, dağın ətəyində bir donuz sürüsü otlayırdı. 12  Cinlər İsaya yalvarıb dedilər: «Bizi donuzların üstünə göndər, icazə ver, onlara girək». 13  İsa icazə verdi. Onda murdar ruhlar həmin adamdan çıxıb donuzlara girdilər və təxminən iki min donuzdan ibarət olan sürü bütünlüklə uçurumdan gölə atılıb boğuldu. 14  Çobanlar isə qaçıb hadisəni şəhərdə və kəndlərdə camaata xəbər verdilər. Camaat nə baş verdiyini görmək üçün ora gəldi. 15  Adamlar İsanın yanına gəldilər və gördülər ki, içində bir legion cin olmuş adam əynində paltar, ağlı başında sakit oturub. Camaat bərk qorxdu. 16  Hadisəni öz gözləri ilə görənlər cinə tutulmuş adam və donuzlarla bağlı əhvalatı camaata danışdılar. 17  Camaat İsaya yalvardı ki, onların el-obasından çıxıb getsin. 18  İsa qayığa minəndə cinə tutulmuş adam yalvar-yaxar etdi ki, onunla getsin. 19  Amma İsa ona izin vermədi və dedi: «Evinə, qohumlarının yanına get və Yehovanın sənin üçün etdiyi hər şeyi, sənə necə mərhəmət göstərdiyini onlara danış». 20  O adam getdi və İsanın onun üçün etdiyi hər şeyi Dekapol bölgəsinin sakinlərinə danışmağa başladı. Hamı bu işə heyran qalırdı. 21  İsa qayığa minib yenə də o biri sahilə keçdi. Onun yanına çoxlu adam gəldi. İsa gölün qırağında idi. 22  Bu vaxt Yair adında bir sinaqoq rəisi ora gəldi, İsanı görəndə onun ayağına yıxıldı 23  və dönə-dönə yalvardı: «Qızımın vəziyyəti ağırdır. Xahiş edirəm, gəl, əllərini onun üstünə qoy, balamı sağalt, qoyma qızım ölsün». 24  İsa onunla yola düşdü. İsanın dalınca çoxlu adam gedirdi və onu sıxışdırırdı. 25  Camaatın arasında bir qadın var idi. O, düz on iki il idi ki, qanaxmadan əziyyət çəkirdi. 26  Qadın bir çox həkimin yanında olmuş və çox əzab çəkmişdi, bütün var-yoxunu müalicəyə xərcləmiş, amma dərdinə əlac tapılmamışdı, əksinə, vəziyyəti daha da pisləşmişdi. 27  O, İsa haqqında eşidəndə arxadan ona yaxınlaşdı və onun əbasına toxundu. 28  Qadın ürəyində deyirdi: «Təkcə əbasına toxunsam, sağalacağam». 29  Elə o andaca onun qanaxması dayandı və qadın bu əzabverici xəstəlikdən sağaldığını duydu. 30  İsa da özündən qüvvə çıxdığını dərhal hiss etdi. O, camaata tərəf dönüb dedi: «Paltarıma kim toxundu?» 31  Şagirdləri ona dedilər: «Özün görürsən ki, camaat səni sıxışdırır, sənsə “Mənə kim toxundu?” — deyirsən». 32  Ancaq İsa bunu edən qadını gözü ilə axtarırdı. 33  Qadın onunla nə baş verdiyini başa düşüb bərk qorxmuşdu və tir-tir əsirdi. O gəlib İsanın ayaqlarına yıxıldı və həqiqəti açıb ona danışdı. 34  Onda İsa dedi: «Bacım*, imanın səni sağaltdı. Salamat get. Qoy bu xəstəlik səni bir də narahat etməsin». 35  İsa hələ danışarkən sinaqoq rəisinin evindən bir neçə adam gəlib rəisə dedi: «Qızın öldü. Daha müəllimə əziyyət vermə». 36  İsa bu sözləri eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, sən bircə inan». 37  İsa Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kəsə özü ilə getməyə izin vermədi. 38  Beləliklə, onlar sinaqoq rəisinin evinə gəldilər. İsa gördü ki, orada səs-küy, çaxnaşma var, camaat ağlaşıb fəğan eləyir. 39  İsa içəri keçib onlara dedi: «Bu nə hay-küydür? Niyə ağlaşma qurmusunuz? Uşaq ölməyib, yatır». 40  Onda camaat İsaya güldü. İsa hamını bayıra çıxartdı, sonra qızın ata-anasını və öz yoldaşlarını götürüb uşaq olan otağa girdi. 41  O, qızın əlindən tutub ona: «Talita kumi», — dedi. Bu sözün mənası «Qızcığaz, səninləyəm, qalx!», — deməkdir. 42  Qız elə o andaca ayağa durub gəzməyə başladı. Bunu görən valideynlərin sevinci yerə-göyə sığmırdı. Qız on iki yaşında idi. 43  İsa onlara dönə-dönə tapşırdı ki, bunu heç kəsə danışmasınlar. Həmçinin dedi ki, qıza yeməyə bir şey versinlər.

Haşiyələr

Qədim Roma ordusunun baş hərbi hissəsi «legion» adlanırdı. Bu söz burada çoxluq mənasında işlənir
Hərfən «qızım»