Mark 7:1—37

7  Yerusəlimdən gəlmiş fəriseylər və bir neçə mirzə İsanın başına toplaşdılar.  Onlar gördülər ki, onun bəzi şagirdləri paklanmadan, yəni əllərini yumamış çörək yeyirlər.  (Fəriseylər və bütün yəhudilər əcdadların ənənəsinə ciddi riayət edir, əllərini dirsəyə kimi yumamış yeməyə əl vurmurlar,  bazardan qayıdanda üstlərinə su çiləyib təmizlənməmiş süfrəyə əyləşmirlər. Onlar digər ənənələrə də ciddi riayət edirlər. Məsələn, camları, dolçaları və mis qabları suya batırırlar.)  Bu fəriseylər və mirzələr İsadan soruşdular: «Nəyə görə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəyə riayət etmir, murdar əllə yemək yeyirlər?»  İsa cavab verdi: «İkiüzlülər, Yeşaya peyğəmbər sizin haqqınızda yaxşı yazmışdı: “Bu xalq Mənə dildə hörmət göstərir, amma ürəkləri Məndən çox uzaqdır.  Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdiyi adi insan əmrləridir”.  Siz Allahın əmrini kənara qoyub insan ənənələrinə riayət edirsiniz».  İsa sözünə davam etdi: «Öz ənənələrinizi qorumaq üçün Allahın əmrlərini rədd etməyi yaxşı bacarırsınız. 10  Misal üçün, Musa belə deyib: “Atana və anana hörmət et” və “Atasına və ya anasına pis söz deyən mütləq öldürülməlidir”. 11  Siz isə deyirsiniz: “Kimsə atasına və ya anasına: «Səni saxlamaq üçün nəyim varsa, qurbanlıqdır, (yəni Allaha həsr edilmiş bəxşişdir)», — deyərsə”... 12  Siz qoymursunuz ki, o adam öz atası və ya anası üçün bir şey etsin. 13  Beləliklə, siz uydurduğunuz ənənələrlə Allahın sözünü heçə endirirsiniz. Buna oxşar çox işləriniz var». 14  İsa yenidən camaatı yanına çağırıb dedi: «Hamınız mənə qulaq asın və sözlərimi dərk edin. 15  Elə bir şey yoxdur ki, insanın ağzından keçib onu murdar etsin. İnsanın ağzından keçən yox, daxilindən çıxan onu murdar edir». 16  * —— 17  İsa camaatdan ayrılıb bir evə girəndə şagirdlər həmin məsəllə bağlı onu sorğu-suala tutdular. 18  İsa dedi: «Yəni siz də onlar kimi heç nə başa düşmürsünüz? Məgər bilmirsiniz ki, insanın ağzından keçən heç bir şey onu murdar edə bilməz? 19  Çünki ağızdan keçən ürəyə yox, bağırsaqlara gedir, sonra da çölə çıxır». Beləcə, o, bütün yeməklərin təmiz olduğunu elan etdi. 20  Sonra əlavə etdi: «İnsanın içindən çıxan onu murdar edir. 21  Çünki insanın daxilindən, ürəyindən pis fikirlər çıxır. Bunlar: cinsi əxlaqsızlıq, oğurluq, qətl, 22  zinakarlıq, tamahkarlıq, pis əməllər, yalan, pozğun davranış, paxıllıq, küfr, lovğalıq və ağılsızlıqdır. 23  Bütün bu pislik insanın içindən gəlir və onu murdar edir». 24  İsa oradan çıxıb Sur və Sidon bölgələrinə getdi və bir evə girdi. O istəmirdi ki, kimsə bunu bilsin. Lakin camaat onun gəlişindən xəbər tutdu. 25  Balaca qızına murdar ruh girmiş bir qadın İsa haqqında eşidən kimi gəlib onun ayaqlarına yıxıldı. 26  Bu qadın yunan idi və suriya-finikiyalılarının arasında yaşayırdı. Qadın yalvar-yaxar edirdi ki, İsa qızdan cini qovsun. 27  Amma İsa ona dedi: «Qoy əvvəlcə uşaqlar doysunlar. Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil». 28  Qadın İsaya dedi: «Düz deyirsən, Ağa, amma axı masanın altında oturan küçüklər də uşaqların tökdükləri qırıntıları yeyirlər». 29  Onda İsa qadına dedi: «Sən ki belə dedin, get. Cin qızından çıxdı». 30  Qadın evinə gəlib gördü ki, cin çıxıb, uşaq da çarpayıda uzanıb. 31  İsa Sur bölgəsindən çıxdı, Sidon və Dekapol bölgələrindən keçib Qalileya gölünə gəldi. 32  Onun yanına bir kar və pəltək adam gətirdilər. Camaat xahiş etdi ki, İsa əlini onun üstünə qoysun. 33  İsa onu camaatın arasından çıxarıb kənara çəkdi, barmaqlarını onun qulaqlarına qoydu və tüpürüb onun dilinə toxundu. 34  Sonra göyə baxıb dərindən ah çəkdi və: «Effata», yəni «Açıl», — dedi. 35  O adamın qulaqları və dilinin düyünü açıldı və o, səlis danışmağa başladı. 36  Onda İsa oradakılara tapşırdı ki, bunu heç kəsə danışmasınlar. Amma İsa qadağan etdikcə, insanlar baş verənlər haqqında daha çox danışırdılar. 37  Onlar heyrətlərini gizlədə bilmir və deyirdilər: «Onun hər bir işi mükəmməldir. O, hətta karların qulağını, lalların dilini açır».

Haşiyələr

Bu ayəyə Müqəddəs Kitabın bəzi tərcümələrində rast gəlinir, lakin ən qədim yunan əlyazmalarına uyğun gələn Uestkot və Hortun yunanca mətnində rast gəlinmir