Mark 9:1—50

9  İsa sonra davam etdi: «Eşidin və agah olun, burada duranlardan bəziləri Allahın padşahlığının böyük qüdrətlə hakimiyyət sürdüyünü görməyincə əsla ölməyəcək».  Beləliklə, altı gün sonra İsa Peteri, Yaqubu və Yəhyanı yanına alıb uca bir dağın başına qalxdı. Dağda onlardan başqa heç kəs yox idi. Orada, şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi.  Onun paltarı parıldayıb dümağ oldu. Paltar elə ağardı ki, dünyada heç bir paltaryuyan onu belə ağarda bilməzdi.  Şagirdlərin qarşısında İlyas və Musa peyda oldu. Onlar İsa ilə söhbət edirdilər.  Onda Peter İsaya dedi: «Müəllim, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa».  Peter bilmirdi daha nə desin, çünki bərk qorxmuşdular.  Bu zaman bir bulud topası gəlib onları bürüdü və buludun içindən bir səs gəldi: «Bu, Mənim sevimli Oğlumdur. Ona qulaq asın!»  Birdən onlar ətrafa baxıb gördülər ki, İsadan başqa yanlarında heç kəs yoxdur.  Dağdan enəndə İsa onlara bərk-bərk tapşırdı ki, insan Oğlu dirilməyincə, gördüklərini heç kəsə danışmasınlar. 10  Şagirdlər İsanın bu sözlərinə əməl etdilər. Amma öz aralarında onun dirilməsinin mənasını müzakirə edirdilər. 11  Onlar sonra İsadan soruşdular: «Nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 12  İsa cavab verdi: «Doğrudur, əvvəlcə İlyas gələcək və hər şeyi bərpa edəcək. Yaxşı, bəs onda niyə Müqəddəs Yazılarda insan Oğlunun çoxlu əzab çəkəcəyi və təhqir olunacağı barəsində yazılıb? 13  Amma bunu bilin ki, İlyas gəldi və Müqəddəs Yazılarda onun haqqında necə yazılmışdısa, elə də oldu: onun başına min cür oyun açdılar». 14  İsagil o biri şagirdlərin yanına gələndə gördülər ki, onların başına çoxlu adam yığışıb və mirzələr şagirdlərlə mübahisə edirlər. 15  Camaat İsanı görəndə çaşqınlığa düşdü və qabağına qaçıb onu salamladı. 16  İsa onlardan soruşdu: «Onlarla nə haqda mübahisə edirsiniz?» 17  Camaatın arasından kimsə cavab verdi: «Müəllim, oğlumu sənin yanına gətirmişdim, çünki o, cinə tutulub. Cin uşağı lal edir. 18  Onu harada tutursa, yerə sərir; uşağın ağzı köpüklənir, dişlərini qıcardır, sonra da lap əldən düşür. Şagirdlərindən xahiş etdim ki, cini qovsunlar, amma bacarmadılar». 19  Onda İsa dedi: «Ey imansız nəsil! Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 20  Oğlanı İsanın yanına gətirdilər. Cin İsanı görən kimi uşağı qıc etdi, oğlanın ağzı köpükləndi, o, yerə yıxılıb yuvarlanmağa başladı. 21  İsa oğlanın atasından soruşdu: «Bu, oğlunda nə vaxtdandır?» Atası cavab verdi: «Uşaqlıqdan. 22  Cin balamı öldürmək üçün dəfələrlə onu suya, oda atıb. Bacararsansa, bizə kömək et, bizə yazığın gəlsin». 23  İsa ona dedi: «Necə dedin? “Bacararsansa”? İmanı olan üçün hər şey mümkündür». 24  Uşağın atası dərhal qışqırdı: «İmanım var! İmanım çatışmayan sahələrdə mənə kömək et!» 25  İsa görəndə ki, onların yanına çoxlu adam axışır, zəhmlə murdar ruha hökm etdi: «Ey lal və kar edən ruh! Əmr edirəm, bu adamdan çıx və bir daha ona girmə!» 26  Cin bağırdı, oğlanı bərk qıc edib ondan çıxdı. Uşaq uzanıb ölü kimi qaldı, camaatın əksəriyyəti elə bildi ki, o ölüb. 27  Ancaq İsa uşağın əlindən tutub qaldırdı və oğlan qalxdı. 28  İsa evə girəndən sonra şagirdləri ondan təklikdə soruşdular: «Bəs biz onu niyə qova bilmədik?» 29  İsa cavab verdi: «Bu cür cinləri yalnız dua vasitəsilə qovmaq olar». 30  İsa şagirdləri ilə oradan çıxıb getdi. Onlar Qalileyanın içindən keçirdilər. İsa istəmirdi ki, kimsə onun buralarda olduğundan xəbər tutsun, 31  çünki şagirdlərinə bunları öyrədirdi: «İnsan Oğlu ələ veriləcək, onu öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək». 32  Şagirdlər isə onun nə dediyini anlamırdılar, soruşmağa da qorxurdular. 33  Onlar Kapernahuma gəldilər. İsa evdə onlardan soruşdu: «Yolda nə haqda mübahisə edirdiniz?» 34  Şagirdlər susurdular, çünki yol ilə gedərkən aralarında kimin ən böyük olduğu barəsində mübahisə edirdilər. 35  İsa oturub on iki həvarini yanına çağırdı və onlara dedi: «Aranızda birinci olmaq istəyən hamıdan axırıncı olmalı və hamıya xidmət etməlidir». 36  Sonra bir uşaq götürüb onu şagirdlərin arasına qoydu və uşağı qucaqlayıb dedi: 37  «Belə balaca uşaqlardan birini mənim xatirimə qəbul edən məni də qəbul edir; məni qəbul edən isə, nəinki məni, məni göndərəni də qəbul edir». 38  Yəhya ona dedi: «Müəllim, biz bir adam gördük. O, sənin adından istifadə edib cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o bizimlə gəzmir». 39  Ancaq İsa dedi: «Ona mane olmayın, çünki mənim adımla qüdrətli işlər görən adam bundan dərhal sonra qayıdıb məni pisləməz. 40  Bizə qarşı çıxmayan, bizim tərəfimizdədir. 41  Məsihə məxsus olduğunuz üçün sizə bir parç su verən, inanın ki, mükafatsız qalmayacaq. 42  Ancaq iman edən bu kiçiklərdən birini günaha sürükləyən adam üçün yaxşı olardı ki, boynuna dəyirman daşı* asıb onu dənizə tullasınlar. 43  Əgər əlin səni günaha sürükləyirsə, onu kəs. İki əllə Hinnom dərəsinə*, sönməz alova düşməkdənsə, şikəst olub həyata qovuşmaq daha yaxşıdır. 44  * —— 45  Əgər ayağın səni günaha sürükləyirsə, onu kəs. İki ayaqla Hinnom dərəsinə atılmaqdansa, topal olub həyata qovuşmaq daha yaxşıdır. 46  * —— 47  Əgər gözün səni günaha sürükləyirsə, onu tulla. Allahın padşahlığına bir gözlə girmək, iki gözlə Hinnom dərəsinə atılmaqdan daha yaxşıdır. 48  Orada qurdlar ölmür və alov heç vaxt sönmür. 49  Belə adamlar alovla* duzlanmalıdır. 50  Duz yaxşı şeydir, ancaq duz öz gücünü itirsə, onun dadını nə ilə qaytarmaq olar? Qoy içinizdə duz olsun, bir-birinizlə mehriban* olun».

Haşiyələr

Burada söhbət eşşək vasitəsilə fırladılan dəyirman daşından gedir
Yaxud gehennaya. Tullantı yandırmaq üçün Yerusəlimdən kənarda yerləşən zibillik. Hinnom dərəsi əbədi məhvin simvoludur. 8–ci Əlavəyə bax
Mark 7:16 haşiyəsinə bax
Mark 7:16 haşiyəsinə bax
Burada Hinnom dərəsinin alovu, yəni əbədi ölüm nəzərdə tutulur
Hərfən «aranızda sülh olsun»