Matta 14:1—36

14  O vaxt vilayət hakimi Hirod* İsa haqqında gedən söhbətləri eşitdi  və nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O dirilib, buna görə də onun vasitəsilə qüdrətli işlər görülür».  Hirod bundan bir az əvvəl qardaşı Filipin arvadı Hirodiadaya görə Yəhyanı tutub həbsxanaya atmışdı.  Çünki Yəhya ona deyirdi: «Sənin o qadınla yaşamağın düzgün deyil».  Hirod onu öldürmək istəyirdi, amma xalqdan qorxurdu, çünki hamı onu bir peyğəmbər bilirdi.  Hirodun ad günü qeyd ediləndə Hirodiadanın qızı məclisdə rəqs etdi. Hirod qızın rəqsini elə bəyəndi ki,  ona istədiyi hər şeyi verməyə and içdi.  Onda anası qıza tapşırdı ki, belə desin: «Vəftizçi Yəhyanın başını bu sinidə mənə ver».  Padşah kədərləndi, amma həm and içdiyinə, həm də məclisdə əyləşmiş qonaqlara görə qızın sözünü yerə salmadı. 10  O, həbsxanaya adam göndərib Yəhyanın boynunu vurdurdu. 11  Onun başını bir sinidə gətirib qıza verdilər, qız da aparıb anasına verdi. 12  Sonra Yəhyanın şagirdləri onun cəsədini aparıb basdırdılar və gəlib bu hadisəni İsaya danışdılar. 13  İsa bunu eşidəndə təklikdə qalmaq üçün qayığa minib sakit bir yerə çəkildi. Amma camaat bundan xəbər tutanda şəhərlərdən axışıb quru ilə onun dalınca getdi. 14  İsa qayıqdan çıxanda böyük bir izdiham gördü. İsanın onlara yazığı gəldi və xəstələrini sağaltdı. 15  Axşam düşəndə şagirdlər ona yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb. Camaatı burax, kəndlərə gedib özləri üçün yeməyə bir şey alsınlar». 16  İsa onlara dedi: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin». 17  Şagirdlər dedilər: «Burada cəmi beş çörək və iki balıq var». 18  İsa dedi: «Onları mənə gətirin». 19  Sonra camaata dedi ki, otun üstündə əyləşsinlər. O, beş çörəyi və iki balığı götürdü, göyə baxıb bərəkət dilədi. Sonra çörəkləri bölüb şagirdlərinə verdi, şagirdlər də onları camaata payladılar. 20  Beləliklə, hamı yeyib doydu. Artıq qalmış tikələrdən on iki dolu zənbil yığıldı. 21  Qadınları və uşaqları hesablamasaq, çörək yeyən kişilərin sayı təxminən beş min nəfər idi. 22  Bundan dərhal sonra İsa şagirdlərinə dedi ki, qayığa minib o biri sahilə üzsünlər. Özü isə camaatı yola salmaq üçün orada qaldı. 23  İsa camaatı yola salandan sonra dua etmək üçün dağa qalxdı. O, gecəyə kimi dağda tək qaldı. 24  Qayıq sahildən xeyli* uzaqlaşmışdı. Külək qarşıdan əsdiyi üçün, dalğalar qayığı atıb-tuturdu. 25  Səhərə yaxın* İsa gölün üzəri ilə yeriyərək onların yanına gəldi. 26  Onun suyun üzəri ilə yeridiyini görən şagirdlər vahimələndilər və qorxudan: «Bu qarabasmadır!», — deyib qışqırdılar. 27  Lakin İsa dərhal onlara dedi: «Mənəm, qorxmayın, cəsarətli olun!» 28  Peter dedi: «Ağam, əgər sənsənsə, mənə əmr et suyun üzəri ilə yanına gəlim». 29  İsa ona: «Gəl!», — dedi. Peter qayıqdan çıxıb suyun üzəri ilə İsaya tərəf getdi. 30  Ancaq fırtınaya baxanda qorxub batmağa başladı və: «Ağam, məni xilas et!», — deyə qışqırdı. 31  İsa dərhal əlini uzadıb onu tutdu və dedi: «Ey az imanlı, nə üçün şübhə etdin?» 32  Onlar qayığa mindikdən sonra fırtına sakitləşdi. 33  Bu zaman qayıqdakılar İsanın qarşısında təzim edib dedilər: «Sən, doğrudan da, Allahın Oğlusan». 34  Sonra o biri sahilə yan alıb Gennesaret torpağına gəldilər. 35  O ərazinin sakinləri İsanı tanıyanda bütün ətraf kəndlərə xəbər göndərdilər və camaat bütün xəstələrini onun yanına gətirdi. 36  Onlar İsaya yalvarırdılar ki, heç olmasa əbasının saçağına toxunsunlar və onun paltarına toxunanların hamısı tamamilə sağalırdı.

Haşiyələr

Yəni Böyük Hirodun oğlu Hirod Antipa
Yaxud «yüzlərlə metr»
Hərfən «dördüncü növbədə». Təxminən səhər saat üçdən altıya qədər