Matta 15:1—39

15  Yerusəlimdən fəriseylər və mirzələr İsanın yanına gəlib dedilər:  «Sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəni niyə pozurlar? Misal üçün, onlar yeməkdən qabaq əllərini yumurlar».  İsa onlara cavab verdi: «Bəs siz niyə öz ənənələrinizə görə Allahın əmrini pozursunuz?  Misal üçün, Allah belə deyib: “Atana və anana hörmət et” və “Atasına və ya anasına pis söz deyən mütləq öldürülməlidir”.  Siz isə deyirsiniz: “Atasına və ya anasına: «Səni saxlamaq üçün nəyim varsa, hamısı Allaha həsr edilmiş bəxşişdir», — deyən,  atasına hörmət etməyə bilər”. Bununla, siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz.  Ey ikiüzlülər, Yeşaya sizin haqqınızda yaxşı peyğəmbərlik etmişdir:  “Bu xalq Mənə dildə hörmət edir, amma ürəkləri Məndən çox uzaqdır.  Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”». 10  Bu sözlərdən sonra İsa camaatı yanına çağırıb dedi: «Qulaq asın və sözlərimi dərk edin. 11  Ağıza girən şey adamı murdar etmir, ağızdan çıxan şey adamı murdar edir». 12  Onda şagirdlər yaxınlaşıb ona dedilər: «Xəbərin var ki, fəriseylər sənin sözlərindən inciyiblər?» 13  İsa onlara cavab verdi: «Səmavi Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. 14  Qoy incisinlər. Onlar kor bələdçilərdir. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər». 15  Peter ona dedi: «O məsəli bizə başa sal». 16  İsa dedi: «Yəni siz də hələ başa düşməmisiniz? 17  Məgər bilmirsiniz ki, ağıza girən hər şey bağırsaqlardan keçib bayıra çıxır? 18  Ancaq ağızdan çıxan şeylər ürəkdən gəlir. Bax, bunlar adamı murdar edir. 19  Misal üçün, pis fikirlər, qətl, zina, cinsi əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır. 20  Adamı belə şeylər murdar edir. Ancaq yuyulmamış əllə çörək yemək insanı murdar etmir». 21  İsa oradan çıxıb Sur və Sidon ərazisinə getdi. 22  Orada yaşayan bir finikiyalı qadın çıxıb ucadan dedi: «Ağa, Davud Oğlu, mənə rəhmin gəlsin. Cinlər qızıma zülm edirlər». 23  İsa ona bir kəlmə söz demədi. Belə olduqda, şagirdləri yaxınlaşıb ondan xahiş etdilər: «Nə olar, ona de çıxıb getsin. Bayaqdan dalımızca düşüb qışqırır». 24  İsa dedi: «Mən yalnız və yalnız İsrail evinin itmiş qoyunlarının yanına göndərilmişəm». 25  Qadın yaxınlaşıb ona təzim edə-edə dedi: «Ağa, məndən köməyini əsirgəmə!» 26  İsa qadına dedi: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil». 27  Qadın dedi: «Düz deyirsən, Ağa, amma küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər». 28  Onda İsa qadına dedi: «Ey qadın, sən böyük iman sahibisən. Qoy istədiyin kimi olsun». Onun qızı dərhal sağaldı. 29  İsa oradan çıxıb yoluna davam etdi. O, Qalileya gölünə gəldi və dağa qalxıb oturdu. 30  Bu zaman İsanın yanına çoxlu adam gəldi. Onların arasında topal, şikəst, kor, lal və başqa xəstələr vardı. Camaat xəstələri az qala onun ayağına atırdı və İsa xəstələri sağaldırdı. 31  Camaat lalların danışdığını, korların gördüyünü və topalların yeridiyini görəndə heyrətə gəldi və İsrailin Allahını mədh etdi. 32  İsa şagirdlərini yanına çağırıb dedi: «Camaata yazığım gəlir. Artıq üç gündür ki, yanımdadırlar, yeməyə də heç nələri yoxdur. Onları ac yola salmaq istəmirəm. Yolda taqətdən düşə bilərlər». 33  Şagirdlər isə ona dedilər: «Biz bu çöllükdə bu qədər adam üçün çörəyi haradan tapaq?» 34  İsa onlara dedi: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi çörəyimiz var, bir neçə dənə də xırda balığımız». 35  İsa camaata dedi ki, yerə otursunlar, 36  sonra həmin yeddi çörəyi və balıqları götürdü, şükür edib çörəyi böldü və şagirdlərinə verməyə başladı, onlar da camaata payladılar. 37  Hamı yedi və doydu. Artıq qalan tikələrdən yeddi dolu səbət yığıldı. 38  Qadınları və uşaqları hesaba almasaq, yeyənlərin sayı dörd min kişi idi. 39  İsa camaatı yola salandan sonra qayığa minib Maqadan torpağına gəldi.

Haşiyələr