Matta 17:1—27
17 Bu söhbətdən altı gün sonra İsa Peteri, Yaqubu və onun qardaşı Yəhyanı yanına alıb uca bir dağın başına qalxdı. Dağda onlardan başqa heç kəs yox idi.
2 Orada, şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi: onun üzü günəş kimi şəfəq saçdı və paltarı ağappaq olub par-par parıldadı.
3 Birdən onlar gördülər ki, Musa və İlyas peyda olub İsa ilə söhbət edirlər.
4 Onda Peter İsaya dedi: «Ağa, bizim bura gəlməyimiz nə yaxşı oldu! İstəyirsən, üç çadır qurum: birini sənə, birini Musaya, birini də İlyasa».
5 Peter hələ danışarkən onları bir ağ bulud topası bürüdü və buludun içindən bir səs dedi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın».
6 Şagirdlər bunu eşidəndə üzüstə yerə yıxıldılar. Onlar bərk qorxmuşdular.
7 Onda İsa yaxınlaşıb onlara toxundu və dedi: «Durun, qorxmayın».
8 Şagirdlər başlarını qaldıranda gördülər ki, İsa təkdir.
9 Onlar dağdan enəndə İsa tapşırdı: «İnsan Oğlu dirilməyincə gördüyünüzü heç kimə danışmayın».
10 Onda şagirdlər İsadan soruşdular: «Bəs nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
11 İsa onlara cavab verdi: «İlyas, doğrudan da, gəlib hər şeyi bərpa edəcək.
12 Amma bunu bilin ki, İlyas artıq gəlib. Heyf ki, onu tanımadılar, başına oyun açdılar. Onlar insan Oğluna da zülm edəcəklər».
13 Onda şagirdlər başa düşdülər ki, İsa Vəftizçi Yəhyadan danışır.
14 Onlar camaatın yanına çatanda bir kişi İsaya yaxınlaşdı, onun qarşısında diz çöküb dedi:
15 «Ağa, oğluma rəhmin gəlsin. Balam xəstədir, ürəkgetməsi, tutmaları olur, gah suya düşür, gah da oda yıxılır.
16 Onu sənin şagirdlərinin yanına gətirdim, amma onlar uşağı sağalda bilmədilər».
17 İsa cavab verdi: «Ey imansız və pozğun nəsil! Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir».
18 İsa cinə hökm etdi, cin oğlandan çıxdı və o, dərhal sağaldı.
19 Sonra şagirdlər təklikdə İsanın yanına gəlib soruşdular: «Biz cini niyə qova bilmədik?»
20 İsa onlara cavab verdi: «İmanınızın az olduğundan. Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq».
21 * ——
22 Onlar Qalileyada bir yerdə olanda İsa şagirdlərə dedi: «İnsan Oğlu ələ veriləcək,
23 onu öldürəcəklər və Allah onu üçüncü gündə dirildəcək». Bunu eşidən şagirdlər çox kədərləndilər.
24 Onlar Kapernahuma gələndə iki draxma* vergisini yığan adam Peterə yaxınlaşıb dedi: «Müəlliminiz məbəd vergisini ödəmir?»
25 Peter cavab verdi: «Ödəyir». Peter evə girəndə İsa onu qabaqlayıb soruşdu: «Şimon, necə düşünürsən, padşahlar rüsumu və can vergisini kimdən yığırlar: öz oğullarından, yoxsa başqalarından?»
26 Peter cavab verdi: «Başqalarından». Onda İsa dedi: «Deməli, oğullar vergidən azaddır.
27 Amma qalmaqal yaratmamaq üçün gölə get, tilovu suya at və tilova düşən birinci balığı tut, onun ağzını aç, orada bir gümüş pul* tapacaqsan. Pulu götür, həm mənim, həm də öz əvəzinə onlara ver».
Haşiyələr
^ Bu ayəyə Müqəddəs Kitabın bəzi tərcümələrində rast gəlinir, lakin ən qədim yunan əlyazmalarına uyğun gələn Uestkot və Hortun yunanca mətnində rast gəlinmir
^ Yaxud didraxma. Draxma yunan gümüş pulu olub, təxminən iki günlük əmək haqqına bərabər idi
^ Hərfən «statir». Bir statir dörd draxmaya bərabər idi