Matta 2:1—23
2 İsa padşah Hirodun* dövründə Yəhudeyadakı Betlehem şəhərində anadan oldu. O, doğulandan sonra şərqdən Yerusəlimə münəccimlər gəldilər
2 və soruşdular: «Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır? Biz şərqdə olanda onun ulduzunu gördük və ona təzim etməyə gəlmişik».
3 Bunu eşidən padşah Hirod və bütün Yerusəlim əhli bərk təşvişə düşdü.
4 Padşah xalqın bütün böyük kahinlərini və mirzələrini bir yerə yığdı və onlardan Məsihin harada doğulacağını xəbər aldı.
5 Onlar dedilər: «Yəhudeyanın Betlehem şəhərində, çünki peyğəmbər belə yazıb:
6 “Ey Yəhuda diyarındakı Betlehem, sən Yəhuda hakimlərinin gözündə heç də balaca şəhər deyilsən. Çünki səndən bir rəhbər çıxacaq. O, Mənim xalqım İsrailə rəhbərlik* edəcək”».
7 Onda Hirod münəccimləri xəlvəti yanına çağırdı və onlardan ulduzun nə vaxt peyda olduğunu dəqiqliklə öyrəndi.
8 Sonra onları Betlehemə göndərib tapşırdı: «Gedin, uşağı yaxşı-yaxşı axtarın və tapan kimi mənə xəbər verin ki, mən də gəlib ona təzim edim».
9 Padşah sözünü qurtarandan sonra onlar yola düşdülər. Şərqdə gördükləri ulduz onların qabağınca getdi və gəlib düz uşaq olan yerin üzərində dayandı.
10 Onlar ulduzun dayandığını görəndə çox sevindilər.
11 Münəccimlər evə girib uşağı və anası Məryəmi gördülər və uşağın qabağında diz çöküb təzim etdilər, sonra gətirdikləri qiymətli hədiyyələri: qızıl, ağ buxur və mürr* çıxarıb ona təqdim etdilər.
12 Münəccimlər yuxuda Allahdan xəbərdarlıq aldılar ki, Hirodun yanına qayıtmasınlar. Ona görə də öz ölkələrinə başqa yolla getdilər.
13 Onlar gedəndən sonra Yehovanın mələyi yuxuda Yusifə görünüb dedi: «Dur, uşağı və anasını götürüb Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir».
14 Yusif uşağı və onun anasını götürüb həmin gecə Misirə yola düşdü
15 və Yehovanın peyğəmbər vasitəsilə dediyi: «Oğlumu Misirdən çağırdım», — sözləri yerinə yetsin deyə, Hirodun ölümünə qədər orada qaldı.
16 Hirod münəccimlərin onu aldatdığını başa düşəndə bərk qəzəbləndi və adam göndərib Betlehemdə və onun ətrafında yaşayan iki yaşa qədərki oğlan uşaqlarının hamısını öldürtdürdü. Münəccimlərdən öyrəndiyi vaxta əsasən, uşaq təxminən bu yaşda olmalı idi.
17 O zaman Yeremya peyğəmbər vasitəsilə deyilən sözlər yerinə yetdi:
18 «Ramada səs eşidilir, ağlaşma və böyük şivən səsi. Rəhilə uşaqları üçün ağlayır, sakitləşmək bilmir, çünki onlar artıq yoxdurlar».
19 Hirod öləndən sonra Yehovanın mələyi Misirdə Yusifin yuxusuna girdi
20 və dedi: «Dur, uşağı və anasını götür və İsrail torpağına get, çünki uşağın canına qəsd etmək istəyənlər öldülər».
21 Yusif durdu, uşağı və onun anasını götürüb İsrail torpağına gəldi.
22 Amma eşidəndə ki, Yəhudeyada indi Hirodun yerinə oğlu Arxela hakimlik edir, Yusif ora getməyə ürək eləmədi. Bundan əlavə, Allah da yuxuda onu xəbərdar etmişdi, ona görə də o, Qalileya torpağına getdi.
23 Beləliklə, peyğəmbərlər vasitəsilə söylənilmiş: «Ona nazaretli deyəcəklər», — sözləri yerinə yetsin deyə, Yusif gəlib Nazaret şəhərində məskən saldı.