A4
Tövratda Allahın adı
Dörd ibrani hərfindən (יהוה) ibarət olan Allahın adı Tövratda təxminən 7000 dəfə yazılıb. Tetraqrammaton adlanan bu dörd hərf bu tərcümədə «Yehova» kimi verilib. Allahın adı Müqəddəs Kitabdakı digər adlar sırasında ən çox işlənən addır. Kəlamı qələmə alan insanlar Allaha «Qüdrət Sahibi», «Haqq-Taala», «Rəbb» kimi çoxsaylı təsviri ad və sifətlər aid etmişlər. Lakin tetraqrammaton Allahı tanıtmaq üçün onların istifadə etdiyi yeganə şəxsi addır.
Yehova Allahın adı Müqəddəs Kitabda Onun Öz hökmü ilə yazılmışdır. Məsələn, Yuil peyğəmbər vəhy almışdı: «Yehovanın adını çağıran hər kəs qurtulacaq» (Yuil 2:32). Allah başqa bir bəndəsinə yazdırmışdı: «Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18). Qeyd edək ki, təkcə Zəbur kitabında Allahın adı təxminən 700 dəfə işlənir. (Zəbur poetik kitabdır. Allahın xalqı oradakı məzmurları nəğmə və şeir kimi söyləyirdi.) Bəs nə üçün bir sıra tərcümələrdə Allahın adına rast gəlinmir? Allahın adı hansı mənanı daşıyır?
Nə üçün Müqəddəs Kitabın bir çox tərcümələrində Allahın adı yazılmamışdır? Səbəblər müxtəlifdir. Bəzi tərcüməçilərin mövqeyi belədir ki, Uca Allahın ada ehtiyacı yoxdur. Digərlərinə, görünür, yəhudi ənənəsi təsir etmişdir. Belə ki, yəhudilər Allahın adına xələl gətirməkdən qorxaraq onu işlətməkdən çəkinirlər. Bir başqaları isə düşünür ki, ilahi adın dəqiq tələffüzü məlum olmadığından, onun yerinə «Allah» və «Rəbb» kimi məfhumları işlətmək daha düzgündür. Lakin bu cür mülahizələri əsassız hesab etmək olar. Niyə?
-
Uca Allahın ada ehtiyacı olmadığını səbəb gətirənlər nəzərdən qaçırırlar ki, Onun adı Müqəddəs Yazıların qədim əlyazmalarında (Məsihdən əvvəlki dövrə aid olanlar da daxil olmaqla) işlənir. Yuxarıda qeyd etdiyimiz kimi, Allah-Taala Öz Kəlamında bu adı təxminən 7000 dəfə yazdırmışdır. Bundan belə qənaətə gəlirik ki, O, bizim bu adı həm bilməyimizi, həm də işlətməyimizi istəyir.
-
Yəhudi ənənəsinə hörmətdən irəli gələrək, Allahın adını yazmayan tərcüməçilər mühüm bir məqamı nəzərə almırlar. Belə ki, bəzi yəhudi mirzələri bu adı tələffüz etməkdən imtina etsələr də, köçürdükləri nüsxələrdən onu çıxarmamışlar. Ölü dəniz yaxınlığında, Kumranda tapılan qədim əlyazmalarda ilahi ada bir çox yerlərdə rast gəlinir. Bəzi tərcüməçilər «RƏBB» sözünü böyük hərflərlə yazaraq ilahi adın orijinal mətndə olduğuna işarə edirlər. Lakin sual açıq olaraq qalır: nə üçün orijinal mətndə adın min dəfələrlə yazıldığını etiraf edən bu tərcüməçilər Müqəddəs Kitabdan bu adı çıxarmağa cəsarət ediblər? Görəsən, onlara bu ixtiyarı kim verib? Bu sualın cavabını yalnız onların özləri bilir.
-
Allahın adının tələffüzünün dəqiq məlum olmadığına görə onu istifadə etməyin əleyhdarları digər tərəfdən İsa adını tərəddüdsüz işlədirlər. Halbuki bu gün bu adı əksər məsihilər birinci əsrdəki şagirdlərdən fərqli tələffüz edirlər. İsa peyğəmbərin yəhudilərdən olan davamçıları onun adını, çox güman ki, Yeşua kimi, Məsih ləqəbini isə Maşiyax kimi tələffüz edirdilər. Yunandilli ardıcıllar Yesus Xristos, latındillilər isə Yesus Xristus deyirdilər. Bu göstərir ki, birinci əsrdə məsihilər üçün bu adın doğma dillərində qəbul olunmuş formasını işlətmək tamamilə məqbul sayılırdı. Unutmayaq ki, İsa Məsihin adının yunanca tərcüməsi Müqəddəs Kitaba məhz Allahın ilhamı ilə yazılmışdır. Bu mülahizəni əsas götürərək, bu tərcümənin müəllifləri Allahın adının «Yehova»
formasını işlətməyi məqbul bilmişlər, baxmayaraq ki, bu forma qədim ibrani tələffüzünü tam əks etdirməyə bilər.
Nə üçün Allahın adının dəqiq tələffüzü məlum deyil? Dörd hərfdən ibarət olan tetraqrammaton יהוה Azərbaycan dilində YHVH samitləri ilə verilir. Qədim ibrani dilində saitlər yazılmadığından tetraqrammaton da saitsiz yazılırdı. Qədimdə ibrani dilinin daşıyıcıları mətni oxuyanda hansı saitləri tələffüz etməyi yaxşı bilirdilər.
Tövratın yazılmasından təxminən min il sonra yəhudi alimləri mətndə hansı saitləri tələffüz etməyi göstərmək üçün işarələr sistemi icad edirlər. Artıq o dövrdə yəhudilər arasında ilahi adı dilə gətirməyin haram olması mövhumatı geniş yayılmışdı, belə ki, onlar Allahın adı əvəzinə başqa sözləri işlədirdilər. Görünür ki, onlar tetraqrammatonu yazanda dörd samit hərf üçün işlətdikləri alternativ sözlərin sait işarələrini əlavə edib yazırdılar. Bu cür əlyazmalardan adın ibrani dilindəki əsil tələffüzünü müəyyən etmək çox çətindir. Bəzilərinin fikrincə, bu ad Yahve kimi tələffüz olunmalıdır. Digərləri başqa variantlar irəli sürürlər. Ölü dəniz əlyazmaları arasında Lavililər kitabının yunanca tərcüməsi yazılmış bir parçada Allahın adı Yao kimi transliterasiya olunub. Bundan başqa, qədim yunan yazıçıları adın Yae, Yabe və Yaoue tələffüz formalarını da təklif etmişlər. Lakin bu məsələdə doqmatiklikdən çəkinməyimiz düzgün olardı. Fakt odur ki, qədim vaxtlarda ibadətçilərin ilahi adı necə tələffüz etdikləri bizə məlum deyil (Yaradılış 13:4; Çıxış 3:15). Məlum olan odur ki, Allah-Taala ibadətçilərinə xitab edərkən Öz adını çəkir, onlar da Onu bu adla çağırır və gündəlik həyatda bu adı sərbəst işlədirdilər (Çıxış 6:2; 1 Padşahlar 8:23; Zəbur 99:9).
Yehova adının mənası nədir? İbrani dilində bu ad «olmaq» felindən əmələ gəlib və bir sıra alimlərin qənaətinə görə, həmin felin icbar növünü əks etdirir. Yeni Dünya Tərcüməsi Komitəsinin nəzərincə, tetraqrammaton «olmasına səbəb olur» mənasına gəlir, lakin bu barədə alimlərin fikri müxtəlif olduğundan komitə bu mövqeyi qəti olaraq irəli sürmür. Bununla belə, Yehova Allahın Ulu Yaradan və Öz məqsədinin icraçısı olduğu nəzərə alınsa, adın bu cür açıqlanması tam ağlabatan və münasibdir. Çünki canlı-cansız, şüurlu-şüursuz nə varsa, hər şeyi var edən də, Öz hökm və istəyini həyata keçirən də məhz Odur.
Yehova adının mənası Çıxış 3:14 ayəsində «Kim İstəsəm, Olacağam» ifadəsində işlənən eyniköklü fellə məhdudlaşmır. Bu ifadə öz-özlüyündə adın mənasını tam açmır, sadəcə Allahın bir xüsusiyyətini bizə çatdırır. Yəni Allah-Taala Öz məqsədini həyata keçirmək üçün hər dəfə müvafiq sifətlərdə çıxış edir. Düzdür, Allahın adının mənası özünə bu fikri də daxil edə bilər, lakin təkcə bununla məhdudlaşmır. Mənaya həmçinin bu fikir də daxildir ki, Allah-Taala Öz xilqəti ilə və məqsədinin həyata keçməsi ilə əlaqədar lazımi şeylərin olmasına səbəb olur.