Çıxış 33:1—23

  • Allah israillilərlə getməyəcək (1—6)

  • Düşərgədən kənarda qurulmuş hüzur çadırı (7—11)

  • Musa Yehovanın calalını görmək istəyir (12—23)

33  Sonra Yehova Musaya dedi: «Misirdən çıxardığın xalqla birlikdə buradan yola düşüb İbrahimə, İshaqa və Yaquba and içib övladlarına* verməyi vəd etdiyim torpağa gedin.+  Önünüzdə getmək üçün mələk göndərəcəyəm.+ Kənaniləri, amoriləri, hetləri, fəriziləri, hiviləri və yəbusiləri qarşınızdan qovacağam.+  Süd-bal axan diyara gedin.+ Ancaq Mən sizinlə getməyəcəyəm, yoxsa yarı yolda sizi məhv edərəm, çünki dikbaş xalqsınız».+  Xalq bu bəd xəbəri eşidəndə yasa batdı, heç kim üstünə bər-bəzək taxmadı.  Onda Yehova Musaya dedi: «İsraillilərə belə söylə: “Çox dikbaş xalqsınız.+ Aranızdan keçib bir göz qırpımında kökünüzü kəsərdim.+ İndi bütün bər-bəzəyinizi çıxardın. Mənsə baxım, görüm sizinlə nə edirəm”».  İsraillilər Hurib dağında bər-bəzəklərini çıxarıb daha taxmadılar.  Musa çadırını düşərgədən çıxarıb bir qədər aralıda qurdu və adını hüzur çadırı qoydu. Yehova ilə məsləhətləşmək istəyən hər kəs düşərgədən kənarda qurulan bu hüzur çadırına gedərdi.+  Musa çadıra getmək üçün çıxanda hamı qalxıb öz çadırının ağzında durar, o, çadıra girənə qədər ardınca baxardı.  Musa çadıra girən kimi bulud sütunu+ enib çadırın girişində durardı və Allah Musa ilə danışıb qurtarana kimi oradan ayrılmazdı.+ 10  Camaat bulud sütununun çadırın girişində durduğunu görəndə qalxıb öz çadırının girişində təzim edərdi. 11  İki nəfər bir-biri ilə necə danışırsa, Yehova da Musa ilə elə danışırdı, üz-üzə.+ Sonra Musa düşərgəyə qayıdır, onun xidmətində duran köməkçisi Nun oğlu Yuşə+ isə çadırdan ayrılmırdı. 12  Musa Yehovaya dedi: «Mənə deyirsən: “Bu xalqa rəhbərlik et”, amma mənimlə kimi göndərəcəyini bildirmirsən. Üstəlik, məni yaxından tanıdığını* və məndən razı olduğunu deyirsən. 13  Əgər həqiqətən də, məndən razısansa, xahiş edirəm, yollarını mənə aç,+ qoy Səni yaxşı tanıyım və bundan sonra da Səni razı salım. Axı bu xalq da Sənin xalqındır».+ 14  Onda Allah cavab verdi: «Mən Özüm səninlə gedəcəyəm,+ sənə dinclik verəcəyəm».+ 15  Musa Allaha dedi: «Əgər Özün bizimlə getməyəcəksənsə, bizi buradan çıxarma. 16  Sən bizimlə getməsən, bizi yer üzündəki başqa xalqlardan fərqləndirməsən, nədən biləcəyik ki, mənə, xalqına iltifat göstərirsən?»+ 17  Yehova Musaya dedi: «Bu xahişini də yerinə yetirəcəyəm, çünki sənə hüsn-rəğbətim var, səni yaxından tanıyıram». 18  Onda Musa dedi: «Nə olar, mənə calalını göstər». 19  Allah isə dedi: «Sənə Öz kəramətimi* göstərəcəyəm və qarşında Yehova adını bəyan edəcəyəm.+ İltifat göstərilməli adama iltifat, mərhəmət göstərilməli adama mərhəmət göstərəcəyəm».+ 20  Amma sonra əlavə etdi: «Üzümü isə görə bilməzsən, çünki üzümü görən kəs sağ qala bilməz». 21  Yehova sözünə davam etdi: «Budur, yanımda bir yer var. Gəl dur bu qayanın üstündə. 22  Calalımı göstərəndə səni qayadakı yarığa salacağam və Mən keçib gedənə qədər əlimlə səni örtəcəyəm. 23  Sonra əlimi çəkəcəyəm, Məni arxadan görəcəksən. Ancaq üzümü görməyəcəksən».+

Haşiyələr

Hərfən: toxumlarına.
Hərfən: adımla tanıdığını.
Xeyirxahlıq, lütfkarlıq, səxavət kimi xüsusiyyətləri daxil edən ülvi keyfiyyət.