Ərəmya 32:1—44
32 Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin onuncu ilində, Navuxodonosorun hakimiyyətinin on səkkizinci ilində Ərəmyaya Yehovanın sözü nazil oldu.+
2 Həmin vaxt Babil padşahının qoşunları Yerusəlimi mühasirəyə almışdı. Ərəmya peyğəmbər Yəhuda padşahının sarayındakı Keşikçi həyətində dustaq idi.+
3 Yəhuda padşahı Sidqiyyə onu həbs edib+ demişdi: «Nə üçün sən peyğəmbərlik edib deyirsən: “Yehova belə deyir: “Mən bu şəhəri Babil padşahına təslim edəcəyəm, o, şəhəri zəbt edəcək,+
4 Yəhuda padşahı Sidqiyyə kəldanilərin əlindən qurtula bilməyəcək. O, Babil padşahına təslim ediləcək, padşah onunla üz-üzə, göz-gözə danışacaq.+
5 Sidqiyyəni Babilə aparacaq. Sidqiyyə ona nəzər salacağım vaxta kimi orada qalacaq, — bəyan edir Yehova. — Sən kəldanilərlə döyüşsən də, uğur qazanmayacaqsan”».+
6 Ərəmya dedi: «Mənə Yehovanın sözü nazil oldu:
7 “Əmin Səllumun oğlu Hənamil sənin yanına gəlib deyəcək: “Ənatutdakı torpaq sahəmi al,+ çünki onu almağa birinci sənin hüququn çatır”».+
8 Yehovanın dediyi kimi, əmim oğlu Hənamil Keşikçi həyətinə, yanıma gəlib dedi: «İstəyirəm Binyamində, Ənatutdakı torpağımı alasan, çünki ona sahib olmağa, onu almağa sənin hüququn çatır. Onu al». Onda mən bildim ki, bu, Yehovadandır.
9 Beləcə, mən əmim oğlu Hənamildən Ənatutdakı torpağı aldım. Yeddi şekel* və on şekel gümüş çəkib ona verdim.+
10 Sonra alqı-satqını sənədləşdirib+ möhürlədim, şahidlər çağırdım+ və pulu tərəzidə çəkdim.
11 Qayda-qanuna əsasən möhürlənmiş satış sənədini, həmçinin möhürsüz sənədi götürdüm.
12 Satış sənədini əmim oğlu Hənamilin, sənədi imzalayan şahidlərin və Keşikçi həyətində+ oturan yəhudilərin gözü qarşısında Məhsay oğlu Nuryahın oğlu+ Bəruxa+ verdim.
13 Onların qarşısında Bəruxa dedim:
14 «İsrailin Allahı, ordular Allahı Yehova belə buyurur: “Bu sənədləri — möhürlü satış sənədini və möhürsüz sənədi götür, saxsı qaba qoy ki, uzun müddət qalsın”.
15 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu ölkədə yenidən evlər, torpaqlar, üzümlüklər alınacaq”».+
16 Satış sənədini Nuryah oğlu Bəruxa verəndən sonra Yehovaya dua etdim:
17 «Ya Külli-İxtiyar Yehova, Sən böyük qüdrətinlə, qüvvətli qolunla yeri-göyü yaratmısan.+ Sənin üçün mümkün olmayan heç nə yoxdur.
18 Sən minlərcə insana məhəbbət göstərirsən. Sən ataların təqsirinin əvəzini onlardan sonra gələn oğullarına çəkdirirsən.+ Sən təksən, ulusan, qadir Allahsan, adın ordular Allahı Yehovadır.
19 Amalın uca, işlərin əzəmətlidir.+ Sən bəşər övladlarının bütün yollarını seyr edirsən ki,+ hər kəsə yoluna, əməlinə görə əvəz verəsən.+
20 Sən Misir diyarında bu gün də hamıya məlum olan əlamətlər, möcüzələr göstərdin və bugünkü kimi, İsraildə və bütün dünyada şöhrət qazandın.+
21 Xalqın İsraili əlamətlərlə, möcüzələrlə, güclü əlinlə, qüvvətli qolunla, vahiməli işlərinlə Misir torpağından çıxardın.+
22 Sonra ata-babalarına and içib vəd etdiyin bu torpağı,+ süd-bal axan diyarı onlara verdin.+
23 Onlar gəlib bura sahib oldular, amma Sənə itaət etmədilər, qanununa tabe olmadılar, heç bir əmrini yerinə yetirmədilər. Onda Sən onların başına bu fəlakəti gətirdin.+
24 Budur, düşmən şəhəri istila etmək üçün mühasirə bəndləri qurub,+ qılınc,+ aclıq, azar+ ucbatından şəhər onunla döyüşən kəldanilərin əlinə keçəcək. Özün də görürsən ki, dediyin hər şey yerinə yetib.
25 Amma Sən, ey Külli-İxtiyar Yehova mənə dedin: “Get pul ver, torpaq al və şahidlər çağır”, halbuki şəhər kəldanilərin əlinə keçəcək».
26 Onda Ərəmyaya Yehovanın sözü nazil oldu:
27 «Mən Yehova bütün bəşərin Allahıyam. Mənim üçün mümkün olmayan bir şey varmı?
28 Buna görə də Yehova deyir: “Mən bu şəhəri kəldanilərə, Babil padşahı Navuxodonosora təslim edirəm, o, şəhəri istila edəcək.+
29 Bu şəhərə qarşı döyüşən kəldanilər şəhərə girəcək, ona od vuracaq.+ Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında camaat Baala qurban təqdim edirdi, başqa allahlara şərab təqdiməsi gətirib Məni qəzəbləndirirdi”.+
30 “İsrail və Yəhuda xalqı gəncliyindən bəri yalnız bəyənmədiyim pis işlər görür.+ İsrail xalqı əllərinin işi ilə məni qəzəbləndirir, — bəyan edir Yehova. —
31 Bu şəhər tikildiyi vaxtdan bu günədək Məni ancaq qəzəbləndirir, hiddətləndirir.+ Odur ki, o, önümdən yox edilməlidir.+
32 Çünki İsrail və Yəhuda xalqı — padşahları+, əyanları+, kahinləri, peyğəmbərləri,+ Yəhuda camaatı, Yerusəlim əhli pis əməllərlə Məni qəzəbləndirir.
33 Onlar Mənə üzlərini yox, kürəklərini çevirdilər.+ Hərçənd ki Mən dönə-dönə onlara öyüd-nəsihət verdim, amma heç biri nəsihətə qulaq asmadı.+
34 İyrənc bütlərini adımı daşıyan evə qoyub oranı murdarladılar.+
35 Bu azmış kimi Bəni-Hinnom vadisində*+ Baalın şərəfinə səcdəgahlar düzəltdilər ki, oğul-qızlarını odda yandırıb Molekə qurban versinlər.+ Mən Yəhudanı günaha sürükləyən bu iyrənc şeyi nə buyurmuşdum,+ nə də ağlımdan keçirmişdim”.
36 Siz deyirsiniz ki, bu şəhər “qılıncla, aclıqla, azarla Babil padşahına təslim ediləcək”. Amma İsrailin Allahı Yehova belə deyir:
37 “Onları qeyz-qəzəbimlə, böyük hiddətimlə səpələdiyim ölkələrdən yığacağam.+ Onları bura qaytarıb əmin-amanlıqda yaşadacağam.+
38 Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı.+
39 Onlara bir ürək,+ bir yol verəcəyəm ki, özlərinin və övladlarının rifahı naminə həmişə Məndən qorxsunlar.+
40 Onlarla əbədi əhd kəsəcəyəm,+ bu əhdə görə heç vaxt onlardan yaxşılığımı əsirgəməyəcəyəm,+ ürəklərinə xofumu salacağam ki, heç vaxt Məndən üz döndərməsinlər.+
41 Onlara yaxşılıq etməkdən sevinc duyacağam,+ onları bu torpaqda əkəcəyəm.+ Bunu can-dildən edəcəyəm”».
42 «Yehova belə bəyan edir: “Onların başına bu böyük bəlanı gətirdiyim kimi, vəd etdiyim yaxşılıqları da onlara edəcəyəm.+
43 Ölkə barədə “xaraba qalıb, adam, heyvan yoxdur, kəldanilərə təslim edilib” desəniz də, bu ölkədə yenə də torpaqlar alınacaq”.+
44 “Binyamin torpağında, Yerusəlim ətrafında, Yəhuda şəhərlərində,+ dağlıq bölgədəki, düzənlikdəki şəhərlərdə,+ cənub şəhərlərində pulla torpaqlar alınacaq, satış sənədləri tərtib ediləcək, möhürlənəcək, şahidlər çağırılacaq,+ çünki Mən onlardan sürgünə gedənləri geri qaytaracağam”,+ — bəyan edir Yehova».