Əstər 5:1—14

  • Əstər şahın hüzuruna gəlir (1—8)

  • Həmanın hirsi; lovğalanması (9—14)

5  Üçüncü gün+ Əstər məlikə libasını geyinib şah sarayının həyətində, sarayın qarşısında durdu. Şah sarayda, sarayın girişi ilə üzbəüz, taxtında əyləşmişdi.  O, həyətdə durmuş məlikə Əstəri görəndə üzü güldü və əlindəki qızıl əsanı ona uzatdı.+ Əstər yaxınlaşıb əsanın ucuna toxundu.  Şah Əstərə dedi: «Ey məlikə Əstər, nə isə olub? Nə diləyin var? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!»  Əstər dedi: «Əgər şaha xoşdursa, bu gün buyurub Həmanla+ birgə şahın şəninə hazırladığım ziyafətə gəlsin».  Şah buyruq verdi: «Həmana deyin, qoy tez gəlsin. Əstərin istəyi yerinə yetirilsin». Beləcə, şah və Həman Əstərin qurduğu ziyafətə təşrif buyurdular.  Şərab məclisində şah Əstərdən soruşdu: «Xahişin nədir? De, sənə veriləcək! Nədir diləyin? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!»+  Əstər cavab verdi: «Xahişim, diləyim budur:  əgər mən şahın iltifatını qazanmışamsa və xahişimi, diləyimi çin etmək şaha xoşdursa, qoy şah Həmanla sabah onlar üçün hazırladığım ziyafətə gəlsin. Diləyimi sabah bildirəcəyəm».  O gün Həman oradan kefi kök, damağı çağ çıxdı. Amma şah darvazasında oturan Mərdəhayın onun hüzurunda ayağa qalxmadığını, ondan qorxmadığını görəndə hirsindən alışıb-yandı.+ 10  O, hirsini boğub evinə getdi. Sonra dostlarını və arvadı Zərəşi+ çağırtdırdı. 11  Həman onlara aşıb-daşan var-dövlətindən, çoxlu oğullarından,+ şahın onu digər əyan və qulluqçulardan daha uca mənsəbə qaldırmasından+ danışıb öyünməyə başladı. 12  Həman sonra dedi: «Üstəlik, məlikə Əstər qurduğu ziyafətə şahla bərabər heç kimi yox, yalnız məni çağırıb.+ Sabah da şahla bərabər onun qonağıyam.+ 13  Lakin bu yəhudi Mərdəhayın şah darvazasında oturduğunu görəndə hər şey gözümdən düşür». 14  Onda arvadı Zərəş və dostları ona məsləhət gördülər: «Əlli qulac* hündürlüyündə bir dirək qoydur. Sabah səhər şaha deyərsən, Mərdəhayı bu dirəkdən asdırsın.+ Sonra şahla ziyafətə gedib kef edərsən». Bu fikir Həmanın xoşuna gəldi və o, bir dirək qoydurdu.

Haşiyələr

Təx. 22,3 m. B14 əlavəsinə bax.