Əstər 9:1—32
9 On ikinci ay olan adar* ayının on üçüncü günü+ şah fərmanının və qanununun icrası vaxtı çatdı.+ Düşmənlər həmin gün yəhudilərə üstün gələcəklərini güman edirdilər, amma hər şey tərsinə oldu, yəhudilər düşmənləri qırdılar.+
2 Yəhudilər onların qəsdinə duranları məhv etmək üçün şah Ahaşveroşun bütün əyalətlərində,+ yaşadıqları şəhərlərdə bir yerə toplaşdılar. Onların xofu bütün xalqları bürüdüyündən+ heç kim qarşılarında duruş gətirə bilmirdi.
3 Bütün əyalət başçıları, canişinlər+, valilər və şah məmurları Mərdəhayın qorxusundan yəhudilərə kömək etdilər.
4 Çünki Mərdəhay şah sarayında nüfuz sahibi olmuşdu.+ Onun qüdrəti getdikcə artır, şan-şöhrəti bütün əyalətlərə yayılırdı.
5 Yəhudilər düşmənlərini qılıncdan keçirdilər, hamısını qırıb məhv etdilər, onlara ədavət bəsləyənlərə istədiklərini etdilər.+
6 Şuş+ qalasında yəhudilər beş yüz nəfəri qətlə yetirdilər.
7 Onlar həmçinin Pərşandatı, Dəlfunu, Əspatı,
8 Furatı, Ədalayı, Əridatı,
9 Fərməsti, Ərsayı, Əridayı, Veysəti öldürdülər.
10 Bu on nəfər yəhudilərin düşməni Həmədat oğlu Həmanın+ oğulları idi. Lakin yəhudilər talana girişmədilər.+
11 O gün Şuş qalasında qırılanların sayı şaha bildirildi.
12 Şah məlikə Əstərə dedi: «Yəhudilər Şuş qalasında beş yüz nəfəri qırdılar, Həmanın on oğlunu qətlə yetirdilər. Gör şahın o biri əyalətlərində nələr ediblər?!+ Daha nə xahişin var? De, sənə veriləcək. İndi nə diləyirsən? De, yerinə yetəcək».
13 Əstər cavab verdi: «Əgər şah məqbul bilirsə,+ qoy Şuşdakı yəhudilərə izin verilsin ki, bugünkü qanunu+ sabah da icra etsinlər və Həmanın on oğlu dirəkdən asılsın».+
14 Şah bu işlərin icrasına əmr verdi. Şuşda fərman çıxdı. Həmanın oğulları dirəkdən asıldı.
15 Beləcə, Şuşdakı yəhudilər adar ayının on dördüncü günü+ də toplaşıb Şuşda üç yüz nəfəri qırdılar, lakin talana girişmədilər.
16 Şahın əyalətlərindəki digər yəhudilərə gəlincə, onlar toplaşıb öz canlarını qorumuşdular.+ Düşmənlərindən qisas almış,+ onlara ədavət bəsləyənlərdən yetmiş beş min nəfəri qırmışdılar, lakin talana girişməmişdilər.
17 Bu hadisə adar ayının on üçüncü günündə baş vermişdi. Ayın on dördüncü günündə onlar dincəldilər, o gün onlar üçün toy-bayram günü oldu.
18 Şuşdakı yəhudilər həm ayın on üçüncü,+ həm də on dördüncü günü+ toplaşmışdılar. Ayın on beşinci günü onlar dincəldilər, o gün onlar üçün toy-bayram günü oldu.
19 Vilayət şəhərlərində yaşayan yəhudilərsə adar ayının on dördüncü gününü toy-bayram günü etdilər, onlar şənlik edir,+ bir-birinə pay göndərirdilər.+
20 Mərdəhay+ bu hadisələri qələmə aldı. O, şah Ahaşveroşun uzaq və yaxın əyalətlərindəki bütün yəhudilərə namə göndərib
21 onlara hər il adar ayının on dördüncü və on beşinci gününü qeyd etməyi buyurdu.
22 Çünki bu günlərdə yəhudilər düşmənlərindən qurtulmuşdular, həmin ay kədərləri sevincə, yasları şənliyə çevrilmişdi.+ Bu günlərdə onlar toy-bayram etməli, bir-birinə pay göndərməli, kasıblara sədəqə verməli idilər.
23 Yəhudilər Mərdəhayın namədə yazdıqlarını qəbul etdilər, bayramı bundan sonra da qeyd etməyə razı oldular.
24 Bütün yəhudilərin düşməni aqaqlı+ Həmədat oğlu Həman+ yəhudiləri qırmaq üçün qəsd qurmuşdu,+ onları vahiməyə salıb məhv etmək üçün pur, yəni püşk atmışdı.+
25 Lakin Əstər şahın hüzuruna gəlmiş və şah fərman vermişdi:+ «Qoy Həmanın yəhudilərə qarşı qurduğu qəsd+ onun öz başına gətirilsin». Beləcə, onu və oğullarını dirəkdən asmışdılar.+
26 Bu bayram pur* sözündən Purim adlandı.+ Yəhudilər Mərdəhayın naməsində yazılanların, başlarına gəlib gözləri ilə gördüklərinin əsasında
27 bu iki günü mütləq qeyd etməyə boyun oldular. Özləri, övladları və onlara qoşulanlar+ hər il təyin edilmiş vaxtda və yazılanlara müvafiq olaraq, bayram etməli idilər.
28 Bu günlər nəsildən-nəslə, hər ailədə, hər əyalətdə və hər şəhərdə anılıb qeyd edilməli idi. Yəhudilər Purim günlərini itirməməli, gələcək nəsilləri bu günləri daim qeyd etməli idilər.
29 Daha sonra Abihailin qızı məlikə Əstər və yəhudi Mərdəhay tam səlahiyyətlə Purimlə bağlı başqa namə yazıb təsdiq etdilər.
30 Sonra xoş və etimadalayiq sözlərlə yazılmış namə Ahaşveroşun səltənətinin yüz iyirmi yeddi əyalətində+ yaşayan bütün yəhudilərə göndərildi.
31 Bu namə Purim günlərinin təyin olunmuş tarixdə oruc+ və yalvarışlarla+ keçirilməsini təsdiq edirdi. Bu barədə yəhudi Mərdahay və məlikə Əstər göstəriş vermişdi,+ üstəlik, xalq özünün və övladlarının adından buna boyun olmuşdu.+
32 Əstərin əmri Purimlə+ bağlı qaydaları təsdiq etdi və kitaba yazıldı.
Haşiyələr
^ B15 əlavəsinə bax.
^ Mənası: püşk. Cəmdə purim. Dini təqvimin 12-ci ayında qeyd olunan yəhudi bayramı. B15 əlavəsinə bax.