Birinci İşmuil 19:1—24

  • Talutun Davuda nifrəti soyumayıb (1—13)

  • Davud canını Talutdan qurtarır (14—24)

19  Talut oğlu Yonatana və əyanlarına dedi ki, Davudu aradan götürmək lazımdır.+  Talutun oğlu Yonatan Davudun xətrini çox istədiyi üçün+ onu xəbərdar etdi: «Atam Talut səni öldürmək istəyir. Sabah səhər gözdə-qulaqda ol, bir yer tapıb gizlən.  Mən gedib çöldə, sənin olduğun yerdə atamla sənin barəndə söhbət edəcəyəm. Nə öyrənsəm, gəlib sənə danışacağam».+  Yonatan Davudu atası Taluta tərifləyib+ dedi: «Qoy padşah qulu Davuda qarşı günah etməsin. Onun sənin qarşında təqsiri yoxdur, sənə ancaq yaxşılığı keçib.  O, özünü oda atıb filiştlini gəbərtdi.+ Yehova da bütün İsrailə böyük qələbə verdi. Sən özün də bunu görmüşdün və çox sevinmişdin. Bəs indi nə üçün səbəbsiz yerə Davudu öldürüb günahsız qan tökmək istəyirsən?»+  Talut Yonatanı dinlədi və and içib dedi: «Yehovaya and olsun, onu öldürməyəcəyəm».  Sonra Yonatan Davudu çağırıb hər şeyi ona danışdı. Yonatan Davudu Talutun hüzuruna gətirdi və o, əvvəlki kimi, padşahın qulluğunda durdu.+  Yenə müharibə başladı. Davud qoşun çəkib filiştlilərlə vuruşdu və onları darmadağın etdi. Filiştlilər onun önündən qaçdılar.  Yehovanın izni ilə şər ruh Talutun üzərinə endi.+ O, evində oturmuşdu, əlində nizə var idi. Davud isə çəng çalırdı.+ 10  Talut Davudu nizə ilə divara pərçimləmək istədi, amma Davud Talutun nizəsindən yayındı, nizə divara sancıldı. Davud həmin gecə qaçıb canını qurtardı. 11  Talut Davudun evini güdməyə adamlar göndərdi. Onlar səhər açılanda Davudu öldürməli idilər.+ Amma Davudun arvadı Məkyal ona dedi: «Bu gecə qaçıb canını qurtarmasan, səhər buradan meyitin çıxacaq». 12  Məkyal cəld Davudu pəncərədən düşürdü. O qaçıb canını qurtardı. 13  Məkyal ev bütünü* çarpayıya uzatdı, baş tərəfinə isə keçi qılından hörülmüş şal qoyub üstünü paltarla örtdü. 14  Talut Davudu gətirtmək üçün adamlar göndərdi, Məkyal isə onun xəstə olduğunu dedi. 15  Talut adamlarını göndərdi ki, gedib öz gözləri ilə Davudu görsünlər və onlara dedi: «Onu yatağındaca buraya gətirin, canını alım».+ 16  Adamlar gələndə gördülər ki, çarpayıya ev bütü uzadılıb, baş yerinə də keçi qılından şal qoyulub. 17  Talut Məkyala dedi: «Nə üçün mənə kələk gəldin? Düşmənimi+ buraxdın, o da qaçıb qurtuldu». Məkyal cavab verdi: «O dedi ki, “məni burax, yoxsa səni öldürəcəyəm”». 18  Davud qaçıb Ramaya İşmuilin yanına gəldi.+ Talutun onun başına gətirdiklərini bir-bir İşmuilə danışdı. Sonra onlar Nayata gedib orada qaldılar.+ 19  Bir qədər sonra Taluta xəbər gətirdilər: «Davud Ramada, Nayatdadır». 20  Talut Davudu tutmaq üçün dərhal adamlar göndərdi. Talutun adamları peyğəmbərlik edən yaşlı peyğəmbərləri və onların üstündə duran İşmuili görəndə Allahın ruhu onların üzərinə endi və onlar da peyğəmbər kimi hərəkət etməyə başladılar. 21  Bunu Taluta xəbər verdilər. O, dərhal başqa adamları ora göndərdi, amma onlar da peyğəmbər kimi hərəkət etməyə başladılar. Talut yenə adamlar göndərdi. Üçüncü dəstə də peyğəmbər kimi hərəkət etməyə başladı. 22  Sonda Talut özü Ramaya getdi. Səkidəki böyük hovuzun yanına çatanda soruşdu: «İşmuillə Davud haradadır?» Camaat dedi: «Ramada, Nayatdadırlar+». 23  Ramadakı Nayata gedəndə Allahın ruhu Talutun üzərinə endi və o, Ramadakı Nayata gəlib çıxana qədər bütün yol boyu peyğəmbər kimi hərəkət etdi. 24  Talut paltarlarını soyundu. O da İşmuilin qabağında peyğəmbər kimi hərəkət etdi, bütün o günü və gecəni çılpaq halda* yerə sərilib qaldı. Buna görə də deyirlər: «Talut da peyğəmbər olub?»+

Haşiyələr

Yaxud yarıçılpaq halda.