Birinci İşmuil 5:1—12
5 Filiştlilər Allahın sandığını ələ keçirəndən sonra+ onu İbnəzərdən Aşdoda apardılar.
2 Onlar Allahın sandığını Daqonun evinə aparıb Daqonun heykəlinin yanına qoydular.+
3 Ertəsi gün aşdodlular tezdən qalxanda gördülər ki, Daqonun heykəli Yehovanın sandığının qarşısında üzüstə yerə düşüb.+ Onlar Daqonu qaldırıb öz yerinə qoydular.+
4 Növbəti gün səhər tezdən duranda gördülər ki, Daqon yenə Yehovanın sandığının qarşısında üzüstə yerə yıxılıb, başı və əlləri biləkdən kəsilib kandara düşüb, təkcə balığa bənzər bədəni bütöv qalıb.
5 Buna görə də Daqon kahinləri və Daqonun evinə girənlər bu günədək Daqonun Aşdoddakı evinin kandarına ayaq basmırlar.
6 Yehovanın əli aşdodlulara qarşı qalxdı. O, Aşdodu ətraf ərazisi qarışıq babasil xəstəliyinə düçar edib camaatı böyük dərdə mübtəla etdi.+
7 Aşdodlular vəziyyəti belə görəndə dedilər: «İsrailin Allahının sandığı bizdə qalmasın, çünki Onun əli bizə və allahımız Daqona qarşı yaman qalxıb».
8 Beləcə, onlar xəbər göndərib bütün Filişt hakimlərini topladılar və onlardan soruşdular: «İsrailin Allahının sandığı ilə nə edək?» Onlar: «İsrailin Allahının sandığını Cata+ aparın», — dedilər. İsrailin Allahının sandığını ora apardılar.
9 Sandığı ora aparandan sonra Yehovanın əli o şəhərə qarşı qalxdı və şəhərdə vahimə yaratdı. O, böyükdən kiçiyə kimi şəhərin bütün əhalisini vurdu və onlarda babasil çıxdı.+
10 Buna görə də Allahın sandığını Ekrona+ göndərdilər, amma Allahın sandığı ora çatar-çatmaz ekronlular haray-həşir qopardılar: «Onlar bizi və xalqımızı məhv etmək üçün İsrailin Allahının sandığını bura gətiriblər!»+
11 Onlar xəbər göndərib bütün Filişt hakimlərini topladılar və dedilər: «İsrailin Allahının sandığını buradan uzaqlaşdırın, onu öz yerinə qaytarın ki, biz və xalqımız ölməyək». Bütün şəhəri ölüm qorxusu bürümüşdü. Allah onları bərk cəzalandırırdı.+
12 Sağ qalanlar isə babasil xəstəliyinə düçar olmuşdu. Şəhərin fəryadı ərşə qalxmışdı.