Birinci Padşahlar 1:1—53

  • Davud və Abişaq (1—4)

  • Əduniyyənin padşahlıq iddiası (5—10)

  • Natanla Badsəbanın tədbiri (11—27)

  • Süleymanın məsh edilməsi üçün əmr (28—40)

  • Əduniyyə qurbangaha qaçır (41—53)

1  Davud padşah yaşa dolub qocalmışdı.+ Onun üstünü nə qədər örtsələr də, canı qızmırdı.  Axırda əyanları dedilər: «Hökmdar üçün bakirə qız tapmaq lazımdır. O, padşaha qulluq edər, qoynuna girib onu isindirər».  Onlar bütün İsraili qarış-qarış gəzib gözəl qız axtardılar. Axırda Şunamdan+ Abişaq+ adlı bir qız tapıb padşahın yanına gətirdilər.  Qız misilsiz gözəl idi. O, padşaha qulluq etməyə başladı, amma padşah onunla yaxınlıq etmədi.  Bu arada Haqqitin oğlu Əduniyyə+ öyünüb deyirdi: «Mən padşah olacağam!» O, özü üçün cəng arabası və süvarilər hazırladı, həmçinin qabağında qaçmağa əlli adam qoydu.+  Atası heç vaxt onu məzəmmət etmir, «bu nədir edirsən?» demirdi. Əduniyyə həm də çox yaraşıqlı idi. O, Absalamdan sonra anadan olmuşdu.  O, Sərya oğlu Yuab və kahin Əbyatarla+ danışdı, onlar da Əduniyyəyə dayaq olacaqlarına söz verdilər.+  Ancaq kahin Sadıq+, Yəhyaday oğlu Bənayi+, Natan+ peyğəmbər, Şimay+, Rey və Davudun igidləri+ Əduniyyənin tərəfinə keçmədilər.  Əduniyyə Eyn-Rogel yaxınlığında, Zöhlətdəki daşın yanında qoyun, qaramal, kök heyvanlar qurban kəsdi+. Bütün qardaşlarını, şahzadələri, yəhudalıları və padşahın əyanlarını ora dəvət etdi. 10  Lakin Natan peyğəmbəri, Bənayini, igidləri və qardaşı Süleymanı çağırmadı. 11  Onda Natan+ Süleymanın anası+ Badsəbaya+ dedi: «Bilirsən, Haqqitin oğlu Əduniyyə+ padşah olub. Hökmdarımız Davudun isə bundan xəbəri yoxdur. 12  Məsləhətimə qulaq as, onda özünün də, oğlun Süleymanın da canını ölümdən qurtararsan.+ 13  Davud padşahın yanına gedib belə de: “Ey hökmdar, məgər sən bu qarabaşına and içib deməmişdin ki, səndən sonra mənim oğlum Süleyman padşah olacaq, sənin taxtında o oturacaq?+ Bəs onda nə üçün Əduniyyə padşah olub?” 14  Sən padşahla danışan vaxt mən dalınca girib sənin sözlərini təsdiq edərəm». 15  Badsəba padşahın otağına girdi. Padşah çox qocalmışdı, şunamlı Abişaq+ ona qulluq edirdi. 16  Badsəba padşahın hüzurunda baş əyib yerəcən təzim etdi. Padşah soruşdu: «Diləyin nədir?» 17  Badsəba dedi: «Ey hökmdar! Məgər sən bu qarabaşına Allahın Yehovanın adı ilə and içib deməmişdin ki, səndən sonra oğlum Süleyman padşah olacaq, sənin taxtında o oturacaq?+ 18  Amma budur, Əduniyyə padşah olub, hökmdarın isə bundan xəbəri yoxdur.+ 19  Əduniyyə çoxlu sayda buğa, qoyun, kök heyvan qurban kəsib, bütün şahzadələri, kahin Əbyatarı, ordu başçısı Yuabı ora dəvət edib,+ lakin qulun Süleymanı çağırmayıb.+ 20  Ey hökmdar, bütün İsrail gözünü sənə dikib. Hamı gözləyir ki, özündən sonra kimi taxta çıxaracağını bəyan edəsən. 21  Yoxsa padşah ata-babalarına qovuşan kimi mənə də, oğlum Süleymana da xain adı veriləcək». 22  Badsəba padşahla danışan vaxt Natan peyğəmbər gəldi.+ 23  Padşaha Natan peyğəmbərin gəldiyini xəbər verdilər. O, padşahın hüzuruna gəlib yerə qədər təzim etdi. 24  Sonra Natan dedi: «Ey hökmdar! Məgər sən demisən ki, səndən sonra Əduniyyə padşah olacaq, taxtında o oturacaq?+ 25  Bu gün o gedib çoxlu sayda buğa, qoyun, kök heyvan qurban kəsib+, bütün şahzadələri, sərkərdələri, kahin Əbyatarı ora dəvət edib.+ Onlar onunla yeyib-içir, bir ağızdan: “Yaşasın padşah Əduniyyə!” — deyirlər. 26  Əduniyyə nə bu qulunu, nə kahin Sadığı, nə Yəhyaday oğlu Bənayini+, nə də qulun Süleymanı dəvət etməyib. 27  Ey padşah, doğrudanmı, qullarından bixəbər ona səlahiyyət vermisən? Özündən sonra taxta kimin oturacağını qullarına bildirməmisən?» 28  Davud padşah buyurdu: «Badsəbanı yanıma çağırın». O gəlib padşahın hüzurunda durdu. 29  Padşah and içib dedi: «Məni bütün bəlalardan qurtaran+ Yehovaya and olsun! 30  Sənə İsrailin Allahı Yehovanın adı ilə and içib “oğlun Süleyman məndən sonra padşah olacaq, mənim yerimdə, taxtımda o oturacaq!” dediyimi bu gün həyata keçirəcəyəm». 31  Badsəba yerə qədər təzim edib padşaha dedi: «Ağam Davud padşah var olsun!» 32  Davud padşah dərhal buyurdu: «Kahin Sadığı, Natan peyğəmbəri, Yəhyaday oğlu Bənayini+ yanıma çağırın». Onlar padşahın hüzuruna gəldilər. 33  Padşah onlara dedi: «Əyanlarımı özünüzlə götürün, oğlum Süleymanı mənim qatırıma mindirib+ Gihona+ aparın. 34  Kahin Sadıq və Natan peyğəmbər onu İsrailin padşahı kimi məsh etsinlər.+ Sonra şeypur çalıb: “Yaşasın padşah Süleyman!” — deyərək car çəkin.+ 35  Özünüz də onun ardınca gəlin. Qoy o gəlib taxtımda otursun. Mən onu İsrailin və Yəhudanın rəhbəri təyin edəcəyəm, o, mənim yerimə padşah olacaq». 36  Yəhyaday oğlu Bənayi padşaha dedi: «Amin! Qoy hökmdarım padşahın Allahı Yehova bu işi mübarək etsin! 37  Qoy Yehova hökmdarım padşaha yar olduğu kimi, Süleymana da yar olsun!+ Onun taxt-tacını Davud padşahınkından da möhkəm etsin!»+ 38  Kahin Sadıq, Natan peyğəmbər, Yəhyaday oğlu Bənayi,+ kəritilər və fələslilər+ Süleymanı Davud padşahın qatırına mindirib+ Gihona+ gətirdilər. 39  Kahin Sadıq çadırdan+ yağ buynuzunu götürüb+ Süleymanı məsh etdi.+ Sonra şeypur çaldılar və bütün camaat car çəkdi: «Yaşasın padşah Süleyman!» 40  Hamı şadyanalıqla, ney çala-çala onun ardınca getdi. Onların səsindən yer lərzəyə gəlirdi.+ 41  Əduniyyə və onun dəvət etdiyi adamlar yeyib-içməyi+ qurtarandan sonra bu səs-küyü eşitdilər. Yuab şeypur səsini eşitcək soruşdu: «Şəhərdən gələn bu səs-küy nədir belə?» 42  Sözü hələ ağzında ikən kahin Əbyatarın oğlu Yonatan+ gəlib çıxdı. Əduniyyə ona dedi: «Gəl, sən yaxşı adamsan. Gətirdiyin xəbər də yaxşı olacaq». 43  Yonatan Əduniyyəyə dedi: «Xeyr. Hökmdarımız Davud padşah Süleymanı taxta çıxartdı. 44  Padşah kahin Sadığı, Natan peyğəmbəri, Yəhyaday oğlu Bənayini, kəritiləri və fələsliləri Süleymanla göndərdi, onlar da Süleymanı padşahın qatırına mindirdilər.+ 45  Kahin Sadıqla Natan peyğəmbər onu Gihonda padşah olaraq məsh etdilər və şadyanalıqla geri qayıtdılar. İndi şəhərdə bayramdır. Eşitdiyiniz səs-küy də bayram səs-küyüdür. 46  Süleyman artıq taxta çıxıb. 47  Hökmdarımız Davudun əyanları da Davud padşahın yanına gəlib onu təbrik edərək dedilər: “Qoy sənin Allahın Süleymanın adını sənin adından da uca etsin, taxtını taxtından da möhkəm etsin!” Padşah da elə yatağındaca təzim etdi. 48  Sonra padşah dedi: “İsrailin Allahı Yehovaya alqış olsun! O, taxtımı boş qoymadı, mənə də bunu görməyi nəsib etdi”». 49  Əduniyyənin dəvət etdiyi adamların canına qorxu düşdü. Hamı durub dağılışdı. 50  Əduniyyə də Süleymanın qorxusundan gedib qurbangahın buynuzlarından yapışdı.+ 51  Süleymana xəbər gətirdilər: «Əduniyyə Süleyman padşahın qorxusundan gedib qurbangahın buynuzundan yapışıb. O deyir: “Qoy Süleyman padşah mənə and içsin ki, bu qulunu qılıncdan keçirməyəcək”». 52  Süleyman dedi: «Əgər o, mərd adam olsa, başından bir tük də əskik olmayacaq. Lakin namərdlik etsə,+ öləcək». 53  Padşah Süleyman onun dalınca adam göndərib onu qurbangahdan gətizdirdi. Əduniyyə gəlib Süleyman padşaha təzim etdi. Süleyman ona dedi: «Evinə get».

Haşiyələr