Birinci Padşahlar 13:1—34

  • Beyteldəki qurbangaha qarşı peyğəmbərlik (1—10)

    • Qurbangah iki yerə bölünür (5)

  • Allah adamının itaətsizliyi (11—34)

13  Bir Allah adamı+ Yehovanın buyruğu ilə Yəhudadan çıxıb Beytelə gəldi. Bu vaxt Ərubam qurban tüstüsü təqdim etmək üçün qurbangahın+ yanında durmuşdu.  Allah adamı Yehovanın buyruğu ilə qurbangaha səsləndi: «Ay qurbangah! Ay qurbangah! Yehova belə deyir: “Davud evində Yuşiyyə+ adlı bir oğul dünyaya gələcək. O, sənin üstündə qurban tüstüsü təqdim edən səcdəgah kahinlərini elə sənin üstündəcə qurban gətirəcək, sənin üstündə insan sümükləri yandıracaq”».+  Allah adamı həmin gün əlamət verib dedi: «Yehovanın verdiyi əlamət budur: qurbangah bölünəcək, üstündəki kül yerə səpələnəcək».  Ərubam padşah Allah adamının Beyteldəki qurbangah əleyhinə dediyi sözləri eşidəndə qurbangahdan əlini uzadıb dedi: «Onu tutun!»+ O anda padşahın uzatdığı əli qurudu*, əlini özünə tərəf çəkə bilmədi.+  Yehovanın buyruğu ilə Allah adamının verdiyi əlamətə görə qurbangah bölündü və üstündəki kül yerə dağıldı.  Padşah Allah adamına dedi: «Xahiş edirəm, məndən ötrü Allahın Yehovaya yalvar, dua elə, qoy mənə rəhm eləsin, əlimi əvvəlki kimi etsin».+ Allah adamı Yehovadan rəhm dilədi və padşahın əli əvvəlki kimi oldu.  Padşah Allah adamına dedi: «Gəl mənimlə evimə gedək, çörək ye. Sənə hədiyyə verim».  Lakin Allah adamı padşaha dedi: «Mənə hətta evinin yarısını versən belə, səninlə getmərəm, bu yerdə çörək yeyib, su içmərəm.  Yehova mənə buyurub: “Çörək yemə, su içmə və getdiyin yolla qayıtma”». 10  Beləcə, Allah adamı başqa yolla qayıtdı, Beytelə gəldiyi yolla getmədi. 11  Beyteldə bir qoca peyğəmbər yaşayırdı. Onun oğulları evə gəlib Allah adamının həmin gün Beyteldə etdiklərini, padşaha dediklərini ona danışdılar. Hadisəni danışıb qurtaranda 12  ataları soruşdu: «O, hansı yolla getdi?» Oğulları yəhudalı Allah adamının getdiyi yolu göstərdilər. 13  O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Oğulları eşşəyi palanladılar, o da minib getdi. 14  O, Allah adamının izinə düşüb onu böyük ağacın altında oturan tapdı. Ondan soruşdu: «Yəhudadan gələn Allah adamı sənsən?»+ O: «Bəli», — deyə cavab verdi. 15  Qoca ona dedi: «Dur bizə gedək, bir tikə çörək ye». 16  Ancaq o dedi: «Dəvətini qəbul edib səninlə qayıda bilmərəm, səninlə bu yerdə çörək yeyib su içə bilmərəm. 17  Yehova mənə belə deyib: “Orada nə çörək ye, nə də su iç. Getdiyin yolla da geri qayıtma”». 18  Onda qoca ona dedi: «Mən də sənin kimi peyğəmbərəm. Yehovanın buyruğu ilə bir mələk mənə dedi: “Onu qaytarıb evinə gətir, qoy çörək yeyib su içsin”». O, Allah adamını aldatdı. 19  Allah adamı onunla qayıtdı və onun evində çörək yeyib su içdi. 20  Onlar hələ süfrə arxasında oturanda Allah adamını yoldan qaytaran peyğəmbərə Yehovanın sözü nazil oldu. 21  Peyğəmbər yəhudalı Allah adamına xitabən dedi: «Yehova belə deyir: “Sən Yehovanın əmrindən çıxdın, Allahın Yehovanın sənə verdiyi əmrə itaət etmədin, 22  geri qayıdıb sənə “çörək yemə, su içmə” deyilən bu yerdə çörək yeyib, su içdin. Ona görə də meyitin ata-babalarının qəbrinə qoyulmayacaq”».+ 23  Allah adamı çörək yeyib su içəndən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı. 24  O yola düşdü. Yolda qabağına şir çıxıb onu öldürdü.+ Onun meyiti yolda sərilib qaldı. Eşşəklə şir cəsədin yanında durmuşdu. 25  Yoldan keçənlər yolda sərilib qalan cəsədi və onun yanında duran şiri gördülər və qoca peyğəmbər yaşayan şəhərə gedib gördüklərini danışdılar. 26  Onu yoldan qaytaran peyğəmbər bunu eşidən kimi dedi: «O, Yehovanın əmrindən çıxan Allah adamıdır.+ Yehova onu şirin pəncəsinə verdi. Yehovanın dediyi kimi, şir onu parçalayıb öldürdü».+ 27  Sonra o, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar. 28  O gedib yolda sərili qalan meyiti tapdı. Eşşək və şir meyitin yanında durmuşdu. Şir meyiti yeməmiş, eşşəyi parçalamamışdı. 29  Peyğəmbər Allah adamının cəsədini qaldırıb eşşəyin belinə qoydu və onu ağlayıb dəfn etmək üçün öz yaşadığı şəhərə apardı. 30  O, meyiti özü üçün düzəltdiyi qəbrə qoydu və: «Qardaşım vay!» — deyib onu ağladı. 31  Onu dəfn edəndən sonra oğullarına dedi: «Mən öləndə məni Allah adamını dəfn etdiyim yerdə dəfn edərsiniz. Sümüklərimi onun sümüklərinin yanına qoyarsınız.+ 32  Yehovanın buyruğu ilə Beyteldəki qurbangahın və Səməriyyənin şəhərlərindəki səcdəgahlarda tikilən ibadətxanaların əleyhinə onun dediyi söz+ mütləq yerinə yetəcək».+ 33  Bütün bunlardan sonra da Ərubam tutduğu pis yoldan dönmədi. O, xalqın arasından səcdəgahlarda xidmət etmək üçün kahinlər təyin edirdi.+ O, kahin olmaq istəyən hər kəsi, «qoy səcdəgah kahini olsun!» deyib kahin təyin edirdi.+ 34  Ərubam evinin bu günahı+ onların məhvinə, yer üzündən yox edilmələrinə bais oldu.+

Haşiyələr

Yaxud iflic oldu.