Birinci Padşahlar 20:1—43

  • Aramilər Əhəbin üstünə müharibəyə qalxırlar (1—12)

  • Əhəb aramiləri məğlub edir (13—34)

  • Əhəb barədə peyğəmbərlik (35—43)

20  Aram+ padşahı Bənhədad+ bütün ordusunu topladı. Otuz iki padşah atları və arabaları ilə birlikdə onunla getdi. O, Səməriyyəni mühasirəyə aldı+ və müharibəyə başladı.  Bənhədad şəhərə, İsrail padşahı Əhəbin+ yanına qasidlər göndərib dedi: «Bənhədad belə deyir:  “Qızıl-gümüşün mənimdir. Arvadlarının və oğullarının da ən yaxşısı mənimdir”».  İsrail padşahı ona cavab verdi: «Ağam padşah, dediyin kimi, özüm də, hər şeyim də sənindir».+  Bir müddət sonra qasidlər gəlib dedilər: «Bənhədad belə buyurur: “Mən sənə xəbər göndərib: “Qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə verəcəksən”, — demişdim.  Ancaq sabah təxminən bu vaxt mən öz adamlarımı sənin yanına göndərəcəyəm. Onlar sənin, əyanlarının evini axtaracaq, sənin ən qiymətli şeylərini götürüb aparacaqlar”».  Onda İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adamın niyyəti necə pisdir. O, arvadlarımı, oğullarımı, qızıl-gümüşümü tələb etdi, mən də imtina etmədim».  Onda bütün ağsaqqallar və xalq: «Qulaq asma, razılaşma», — dedilər.  O, Bənhədadın qasidlərinə dedi: «Ağam padşaha belə deyin: “Bu qulundan birinci dəfə nə tələb etmişdinsə, yerinə yetirərəm, amma bunu edə bilməyəcəyəm”». Qasidlər bu xəbərlə qayıtdılar. 10  Bənhədad ona bu xəbəri göndərdi: «Qoşunum elə böyükdür ki, Səməriyyənin torpağından hər əsgərə bir ovuc da çatmayacaq. Əgər mən Səməriyyədə daşı daş üstə qoysam, qoy allahlar məni cəzalandırsın!» 11  İsrail padşahı cavab verdi: «Ona deyin ki, qoy yaraqlanan adam yarağını əynindən çıxaran adam kimi öyünməsin».+ 12  Bənhədad bu cavabı eşidəndə çadırda padşahlarla içki içirdi. O, adamlarına buyurdu: «Hücuma hazırlaşın!» Onlar hücuma hazırlaşdılar. 13  Bir peyğəmbər İsrail padşahı Əhəbə+ yaxınlaşıb dedi: «Yehova belə deyir: “Bu böyük kütləni görürsən? Bu gün onları sənə təslim edəcəyəm, onda biləcəksən ki, Mən Yehovayam”».+ 14  Əhəb soruşdu: «Kimin vasitəsilə?» O cavab verdi: «Yehova belə deyir: “Əyalət başçılarının nökərləri vasitəsilə”». Əhəb soruşdu: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən!» 15  Əhəb başçıların nökərlərini saydı: 232 nəfər yığıldı. Sonra israilliləri saydı, onların sayı 7000 nəfər oldu. 16  Onlar günorta vaxtı şəhərdən çıxdılar. Bu vaxt Bənhədad ona kömək edən otuz iki padşahla çadırda içki içməkdə idi. 17  Birinci əyalət başçılarının nökərləri çıxdılar. Bənhədad bu vaxt qasidlər göndərdi. Onlar xəbər gətirdilər: «Səməriyyədən adamlar çıxdı». 18  O dedi: «Sülhlə gəliblər, ya döyüşməyə gəliblər, fərqi yoxdur, onları diri tutun». 19  Əyalət başçılarının nökərləri və onların ardınca gələn qoşunlar şəhərdən çıxdılar. 20  Hər kəs qarşısına çıxanı öldürdü. Aramilər qaçdılar,+ israillilər də onları təqib etdilər. Aram padşahı ata minib bir neçə süvarisi ilə qaçıb qurtuldu. 21  İsrail padşahı çıxıb süvariləri və arabaçıları qırmağa başladı. Aramilər böyük tələfat verdilər. 22  Sonra peyğəmbər+ İsrail padşahının yanına gəlib dedi: «Get güc topla, nə edəcəyini götür-qoy et.+ Gələn ilin əvvəli* Aram padşahı yenə də sənə hücum edəcək».+ 23  Aram padşahının əyanları ona dedilər: «Onların Allahı dağlar allahıdır, buna görə bizə üstün gəldilər. Amma onlarla düzənlikdə vuruşsaq, qalib gələrik. 24  Həmçinin bütün padşahları vəzifəsindən götür,+ onları valilərlə əvəz elə. 25  At yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özünə bir ordu düzəlt. Qoy biz onlarla düzənlikdə vuruşaq, mütləq qalib gələcəyik». Padşah onların məsləhətini dinlədi və belə də etdi. 26  İlin əvvəlində* Bənhədad aramiləri toplayıb İsraillə döyüşmək üçün Əfiqə+ getdi. 27  İsraillilər də toplaşdılar, tədarük gördülər və onların qarşısına getdilər. İsraillilər onların önündə ordugah quranda iki kiçik keçi sürüsü kimi idilər, aramilər isə bütün ərazini doldurmuşdular.+ 28  Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Yehova belə deyir: “Aramilər deyirlər: “Yehova düzənliklər allahı deyil, dağlar allahıdır”. Buna görə Mən bütün bu böyük kütləni sizə təslim edəcəyəm.+ Siz biləcəksiniz ki, Mən Yehovayam”».+ 29  Onlar ordugah qurub yeddi gün qarşı-qarşıya durdular. Yeddinci gün döyüş başladı. İsraillilər bir gündə aramilərdən 100 000 piyada döyüşçünü qırdılar. 30  Qalanları qaçıb Əfiqə,+ şəhərin içinə girdilər. Bu qalan 27 000 nəfərin də üstünə divar uçdu. Bənhədad şəhərə qaçıb iç otaqda gizləndi. 31  Onun əyanları dedilər: «Biz eşitmişik ki, İsrail evinin padşahları mərhəmətlidirlər. İzin ver, çul geyinək, boynumuza kəndir keçirək və İsrail padşahının hüzuruna gedək. Bəlkə, o, səni sağ qoydu».+ 32  Beləcə, onlar çul geyinib, boyunlarına kəndir salıb İsrail padşahının hüzuruna gəldilər və ona dedilər: «Qulun Bənhədad belə deyir: “Yalvarıram, məni sağ saxla”». Padşah dedi: «O, sağdır? O, mənim qardaşımdır». 33  Onlar bunu yaxşı əlamət kimi qəbul etdilər, onun sözündən yapışıb dedilər: «Bəli, Bənhədad sənin qardaşındır». O dedi: «Gedin onu gətirin». Bənhədad onun yanına gəldi, padşah onu öz arabasına mindirdi. 34  Bənhədad ona dedi: «Atamın sənin atandan aldığı şəhərləri sənə qaytaracağam. Mənim atam Səməriyyədə bazarlar düzəltdiyi kimi, sən də Dəməşqdə bazarlar açarsan». Əhəb cavab verdi: «Bu şərtlərlə səni buraxaram gedərsən». Bunu deyib Bənhədadla saziş bağladı və onu buraxdı. 35  Peyğəmbər oğullarından* biri+ Yehovanın buyruğu ilə yoldaşına dedi: «Məni vur». Yoldaşı onu vurmaq istəmədi. 36  Onda o, yoldaşına dedi: «Yehovanın sözünə qulaq asmadığın üçün yanımdan gedəndə səni şir öldürəcək». Yoldaşı onun yanından gedəndə rastına şir çıxıb onu öldürdü. 37  O, başqa bir adam tapıb dedi: «Məni vur». Həmin adam onu vurub yaraladı. 38  Peyğəmbər tanınmamaq üçün gözlərini sarıdı və gedib padşahın yolu üstündə durdu. 39  Padşah oradan keçəndə o, padşahı səslədi: «Bu qulun döyüş meydanının ortasında idi. Orada bir döyüşçü bir nəfəri yanıma gətirib dedi: “Bu adamın qarovulunu çək. Əgər o itsə, əvəzində ya canını verəcəksən,+ ya da bir talant* gümüş”. 40  Bu qulunun başı ora-bura qarışan vaxt o adam aradan çıxdı». İsrailin padşahı ona dedi: «Sənə elə o cür hökm çıxarılacaq, qərarı özün vermisən». 41  Onda o, tez gözündəki sarğını açdı, padşah onun peyğəmbərlərdən biri olduğunu gördü.+ 42  O, padşaha dedi: «Yehova belə deyir: “Məhvə məhkum etdiyim adamı əldən buraxdığın üçün+ onun yerinə sən öləcəksən,+ sənin xalqın onun xalqının yerində olacaq”».+ 43  İsrail padşahı qanıqara və dilxor halda Səməriyyəyə+ evinə getdi.

Haşiyələr

Yəni gələn yaz.
Yəni yazda.
Görünür, peyğəmbər oğulları dedikdə peyğəmbərlərin təlim aldığı məktəb və ya peyğəmbərlər birliyi nəzərdə tutulur.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.