Birinci Padşahlar 3:1—28

  • Süleyman fironun qızını alır (1—3)

  • Yehova röyada Süleymana görünür (4—15)

    • Süleyman hikmət diləyir (7—9)

  • Süleymanın müdrik hökmü (16—28)

3  Süleyman Misir padşahı fironla qohum oldu. O, fironun qızını alıb+ onu Davud şəhərinə+ gətirdi və öz evini,+ Yehovanın evini,+ həmçinin Yerusəlimin qala divarlarını tikənə qədər+ orada saxladı.  Xalq səcdəgahlarda* qurban gətirirdi,+ çünki o vaxtlar hələ Yehovanın adına ev inşa edilməmişdi.+  Süleyman atası Davudun qayda-qanununa əməl edir, Yehovanı sevirdi, ancaq yandırma qurbanı və digər qurbanları səcdəgahlarda təqdim edirdi.+  Padşah qurban kəsmək üçün Gibyona getdi, çünki baş səcdəgah orada idi.+ Süleyman oradakı qurbangahda 1000 yandırma qurbanı təqdim etdi.+  Gibyonda gecə vaxtı Yehova Süleymana yuxuda göründü. Allah dedi: «Məndən nə istəyirsən dilə, sənə verim».+  Süleyman dedi: «Mənim atam, qulun Davud sədaqətlə, salehliklə, sidqi-ürəklə Sənin yolunda yeriyib. Sən də həmişə ona məhəbbət göstərmisən və bu məhəbbətini bu günədək davam etdirib taxtında oturmaq üçün ona oğul bəxş etmisən.+  Ey Allahım Yehova, cavanlığıma, naşılığıma baxmayaraq,+ Sən məni, bu qulunu atam Davudun yerinə padşah etmisən.  Bu qulun seçdiyin xalqın,+ saya-hesaba gəlməyən xalqın rəhbəridir.  İndi xalqına hökm etmək, xeyiri şərdən ayıra bilmək üçün+ quluna itaətkar ürək ver.+ Axı bu boyda* xalqa kim hökm edə bilər?» 10  Süleymanın bunu istəməsi Yehovaya xoş getdi.+ 11  Allah ona dedi: «Sən ki bunu dilədin, özünə uzun ömür, var-dövlət diləmədin, düşmənlərinin məhvini istəmədin, amma divan işlərini aparmaq üçün ağıl-kamal dilədin,+ 12  Mən də diləyini yerinə yetirəcəyəm,+ ürəyinə hikmət, dərrakə verəcəyəm.+ Belə ki, sənin kimisi nə səndən əvvəl olub, nə də səndən sonra olacaq.+ 13  Üstəlik, sənə diləmədiyin şeyləri+ — var-dövlət və şan-şöhrət də verəcəyəm.+ Bütün ömrün boyu sənə tay padşah olmayacaq.+ 14  Əgər atan Davud kimi, qayda-qanunlarıma və əmrlərimə əməl etsən, yollarımı tutsan,+ sənə uzun ömür də bəxş edəcəyəm».+ 15  Süleyman oyananda bunun röya olduğunu anladı. O, Yerusəlimə gəldi və Yehovanın Əhd sandığının önündə durub yandırma qurbanı və ünsiyyət qurbanı+ təqdim etdi, bütün əyan-əşrəfinə ziyafət verdi. 16  Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. 17  Qadınlardan biri dedi: «Ağam, bu qadınla mən bir evdə yaşayırıq. Evdə onun yanında uşağım oldu. 18  Mən doğandan üç gün sonra bu qadın da doğdu. Biz bir yerdə idik. Evdə bizdən başqa heç kim yox idi, təkcə ikimiz idik. 19  Gecə bu qadının oğlu onun altında qalıb öldü. 20  O, gecə yarısı durdu, mən qarabaşın yuxuda ikən uşağı yanımdan götürüb öz qoynuna saldı, özünün ölü oğlunu isə qoynuma qoydu. 21  Mən səhər oğlumu əmizdirmək üçün duranda gördüm uşaq ölüdür. Ona diqqətlə baxanda gördüm ki, bu, mənim uşağım deyil». 22  O biri qadın dedi: «Yox, diri uşaq mənimdir, ölü sənin». Birinci qadın isə deyirdi: «Yox, ölü uşaq sənindir, diri mənim». Onlar beləcə padşahın hüzurunda mübahisə edirdilər. 23  Axırda padşah dedi: «Biri deyir, “sağ uşaq mənimdir, ölü sənin”, o biri deyir, “yox, ölü uşaq sənindir, sağ mənim”». 24  O buyurdu: «Mənə qılınc verin!» Padşaha qılınc gətirdilər. 25  Padşah dedi: «Sağ uşağı iki yerə bölün, yarısını bir qadına, yarısını o biri qadına verin». 26  Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha yalvardı: «Amandır, ağam! Uşağı öldürmə, ver ona». O biri qadın isə deyirdi: «Bölün! Qoy nə mənim olsun, nə də onun!» 27  Onda padşah dedi: «Uşağı öldürməyin, birinci qadına verin. Uşağın anası odur». 28  Bütün İsrail padşahın verdiyi hökm barədə eşitdi. Onlar padşaha dərin ehtiram bəsləməyə başladılar,+ çünki gördülər ki, Allah ona ədalətlə hökm etmək üçün hikmət verib.+

Haşiyələr

Hərfən: yüksəkliklərdə.
Digər variant: çətin. Hərfən: ağır.