Birinci Salnamələr 29:1—30
29 Davud padşah bütün icmaya dedi: «Allahın seçilmişi, oğlum Süleyman+ gənc və səriştəsizdir.+ İş isə böyükdür. Çünki məbəd insan üçün yox, Yehova Allah üçün tikiləcək.+
2 Bütün gücümü səfərbər edib Allahımın evi üçün tədarük görmüşəm. Qızıl əşyalar üçün qızıl, gümüş əşyalar üçün gümüş, mis əşyalar üçün mis, dəmir əşyalar üçün dəmir+, taxta-şalban işi üçün taxta–şalban+, damarlı əqiq, suvağın üstünə vurmaq üçün daş-qaş, rəngbərəng daşlar, cürbəcür qiymətli daşlar, külli miqdarda əhəngdaşı hazırlamışam.
3 Allahımın evini sevdiyimə görə+ bu müqəddəs ev üçün hazırladığım şeylərdən başqa öz qızıl-gümüşümdən+ də Allahımın evinə verirəm.
4 Otaqların divarlarına çəkmək üçün 3000 talant* Ofir qızılı,+ 7000 talant saf gümüş,
5 qızıl əşyalar üçün qızıl, gümüş əşyalar üçün gümüş və sənətkar işləri üçün ləvazimat verirəm. Kim Yehovaya könüllü bəxşiş vermək istəyirsə, buyursun versin».+
6 Nəsil başçıları, İsrail qəbilələrinin əmirləri, minbaşılar, yüzbaşılar,+ padşahın işləri üzərində duran başçılar+ irəli çıxıb
7 Allahın evinə 5000 talant qızıl, 10 000 darik*, 10 000 talant gümüş, 18 000 talant mis və 100 000 talant dəmir verdilər.
8 Kimdə qiymətli daş var idisə onu hirsənli+ Yəhyilin+ nəzarəti altında olan Yehovanın evinin xəzinəsinə verdi.
9 Camaat bu könüllü təqdimələri gətirdiyinə görə sevinirdi, çünki bunları Yehovaya ürəkdən vermişdilər.+ Davud padşahın da sevinci aşıb-daşırdı.
10 Davud bütün icmanın qarşısında Yehovaya alqış oxuyub dedi: «Atamız İsrailin Allahı Yehova, Sənə əzəldən əbədiyyətədək alqış olsun!
11 Ey Yehova, əzəmət+, qüdrət+, cah-calal, şan-şöhrət, həşəmət+ Sənindir, yerdə və göydə nə varsa, hər şey Sənindir.+ Səltənət də Sənindir, ey Yehova.+ Sən hər kəsdən ucasan.
12 Var-dövləti, şan-şöhrəti Sən verirsən.+ Hər şeyin üzərində hökmransan.+ Güc+, qüdrət+ Səndədir, Sən insanı ucaldırsan,+ ona güc verirsən.+
13 Ey Allahımız, Sənə şükür edirik, gözəl adına mədh oxuyuruq.
14 Amma mən kiməm, xalqım kimdir ki, Sənə belə bəxşişlər verək? Hər şeyi bizə Sən vermisən, Sənin əlindən aldığımızı Sənin Özünə qaytarırıq.
15 Ata-babalarımız kimi, qarşında qəribik, yadıq.+ Bu dünyada ömrümüz kölgə kimi ötüb-keçir.+
16 Ey Allahımız Yehova, müqəddəs adına ev tikmək üçün hazırladığımız var-dövlət Səndəndir, hamısı Sənindir.
17 Bilirəm, ey Allahım, Sən ürəkləri araşdırırsan,+ düzlüyü sevirsən.+ Mən saf ürəklə, can-dildən bu şeyləri təqdim edirəm. Xalqının bura gəlib Sənə bəxşiş verdiyini görmək məni sevindirir.
18 Ey İbrahimin, İshaqın, İsrailin, ata-babalarımızın Allahı Yehova, qoy xalqının ürəyində həmişə bu cür istəklər, bu cür niyyətlər olsun. Qoy ürəkləri Sənə bağlansın.+
19 Oğlum Süleymana kömək et ki, Sənin əmrlərinə, nəsihətlərinə, qayda-qanunlarına sidqi-ürəkdən tabe olsun,+ bütün bu işləri görsün, inşasına hazırlıq gördüyüm+ məbədi tiksin».
20 Sonra Davud bütün icmaya dedi: «Allahınız Yehovaya alqış edin!» Bütün icma ata-babalarının Allahı Yehovaya alqış oxudu. Hamı Yehovaya səcdə qıldı, padşaha təzim etdi.
21 Camaat ertəsi gün də Yehovaya qurban kəsdi, Yehovaya yandırma qurbanları+ təqdim etdi. Onlar 1000 cavan buğa, 1000 qoç, 1000 erkək toğlu qurban kəsdilər və bununla yanaşı şərab, təqdiməsi+ gətirdilər. Bütün İsrail üçün çoxlu qurbanlar gətirdilər.+
22 Həmin gün Yehovanın önündə yeyib-içib şənlik etdilər.+ Davudun oğlu Süleymanı təkrarən padşah elan etdilər. Yehovanın önündə onu hökmdar kimi, Sadığı isə kahin kimi+ məsh etdilər.+
23 Süleyman atası Davudun yerinə Yehovanın taxtında oturdu.+ O, uğurlu oldu və bütün israillilər onun itaətində durdu.
24 Bütün başçılar+, igidlər+, Davud padşahın oğullarının+ hamısı Süleyman padşaha tabe oldu.
25 Yehova Süleymanı bütün İsrailin gözündə çox ucaltdı, ona İsrailin əvvəlki padşahlarında olmayan əzəməti bəxş etdi.+
26 Yəssə oğlu Davuda gəlincə, o, bütün İsrailin hökmdarı olmuşdu.
27 O, İsrail üzərində qırx il hakimiyyət sürmüşdü, yeddi il Həbrunda,+ otuz üç il də Yerusəlimdə.+
28 O, uzun ömür sürüb,+ həyatdan məmnun halda, sərvət və şöhrət içində vəfat etdi. Yerinə oğlu Süleyman padşah oldu.+
29 Davudun ilk işlərindən son işlərinə qədər hamısı görücü İşmuilin, Natan peyğəmbərin+ və görücü Cadın+ yazılarında qeydə alınıb.
30 Həmçinin orada onun padşahlığı, əzəməti, başına gəlmiş hadisələr, İsraildə və ətraf məmləkətlərdə baş vermiş hadisələr barədə yazılıb.
Haşiyələr
^ Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
^ Fars qızıl sikkəsi. B14 əlavəsinə bax.