İkinci işmuil 12:1—31

  • Natan peyğəmbər Davudu məzəmmət edir (1—15a)

  • Badsəbanın oğlu ölür (15b—23)

  • Badsəba Süleymanı dünyaya gətirir (24, 25)

  • Rabbah şəhəri zəbt edilir (26—31)

12  Yehova Natanı+ Davudun yanına göndərdi. Natan Davudun yanına gəlib+ belə bir əhvalat danışdı: «Bir şəhərdə iki kişi var idi. Onlardan biri varlı, o birisi kasıb idi.  Varlı kişinin saysız-hesabsız sürüləri, naxırları var idi.+  Kasıbın isə aldığı balaca quzudan savayı heç nəyi yox idi.+ Kişi bu quzunu bəsləyir, öz yanında böyüdür, oğullarından ayırmırdı. Quzuya öz tikəsindən yedizdirir, onu öz camından içizdirir, qoynunda yatızdırırdı. Quzu ona doğma qızı kimi idi.  Bir gün varlı kişinin qonağı gəldi. Ancaq kişi qonağına yemək hazırlamaq üçün öz sürüsündən, naxırından heyvan qıymadı, gedib kasıbın quzusunu kəsdi, qonağı üçün yemək hazırladı».+  Bunu eşitcək Davudun kişiyə qəzəbi alovlandı. O, Natana dedi: «Yehovaya and olsun,+ bu kişi ölümə layiqdir!  İnsafsızlıq etdiyinə görə quzunun əvəzini dörd qat ödəməlidir».+  Natan Davuda dedi: «Həmin adam sənsən! İsrailin Allahı Yehova belə deyir: “Mən səni məsh edib İsrailə padşah qoydum.+ Səni Talutun əlindən qurtardım.+  Sənə ağanın evini verdim.+ Ağanın arvadlarını qoynuna saldım.+ İsrail və Yəhuda nəsillərini sənə verdim.+ Bu, az idisə, bundan artığını edərdim.+  Nə üçün sən Yehovanın sözünü tapdalayıb Onun önündə pis iş tutdun? Het Uryayı qılıncın ağzına verdin!+ Onu əmunilərin qılıncı ilə öldürüb+ arvadını özünə arvad etdin.+ 10  Sən ki Mənə xor baxıb het Uryayın arvadını özünə arvad etdin, bundan sonra evindən qılınc əskik olmayacaq”.+ 11  Yehova belə deyir: “Öz evinin içindən başına bəla gətirəcəyəm.+ Gözün görə-görə arvadlarını götürüb başqasına verəcəyəm,+ o, günün günorta çağı arvadlarınla yatacaq.+ 12  Sən gizlində etdin,+ Mən isə bunu günün günorta çağı bütün İsrailin gözü qarşısında edəcəyəm”». 13  Davud Natana dedi: «Yehovaya qarşı günah etmişəm».+ Natan Davuda cavab verdi: «Yehova günahından keçir.+ Sən ölməyəcəksən.+ 14  Amma bu hərəkətinlə Yehovaya qarşı böyük hörmətsizlik göstərdiyin üçün doğulan oğlun öləcək». 15  Natan öz evinə getdi. Yehova Davudun Uryayın arvadından doğulan uşağının canına azar saldı. 16  Davud uşağa görə Allaha yalvarmağa başladı. Oruc tutdu, otağına girib bütün gecəni yerdə sərili qaldı.+ 17  Evinin ağsaqqalları başına toplaşıb onu yerdən qaldırmaq istədilər. Ancaq o qalxmadı, onlarla çörək yemədi. 18  Yeddinci gün körpə öldü. Davudun xidmətçiləri uşağın öldüyünü ona deməyə qorxdular. Onlar deyirdilər: «Uşaq hələ sağ olanda onu dilə tutduq, amma o, bizə qulaq asmadı. İndi ona necə deyək ki, uşaq ölüb. Əlindən bir xəta çıxar». 19  Davud əyanlarının öz aralarında pıçıldaşdığını görəndə başa düşdü ki, uşaq ölüb. Onlardan soruşdu: «Uşaq ölüb?» Onlar: «Bəli», — deyə cavab verdilər. 20  Onda Davud yerdən qalxdı, yuyunub ətirli yağla yağlandı,+ paltarlarını dəyişdi və Yehovanın evinə gedib+ səcdə qıldı. Sonra evinə qayıdıb yemək istədi. Yemək gətirdilər və o yedi. 21  Əyanları dedilər: «Sən niyə belə edirsən? Uşaq sağ olanda oruc tutub ağlayırdın, öləndə isə qalxıb çörək yeyirsən». 22  O dedi: «Tifil sağ olanda oruc tutub+ ağlayırdım, fikirləşirdim, kim bilir, bəlkə, Yehova mənə rəhm edib onu sağ saxladı.+ 23  İndi isə uşaq ölüb, daha nə üçün oruc tutum? Məgər onu qaytara biləcəyəm?+ O daha mənim yanıma qayıdan deyil,+ mən onun yanına gedəcəyəm».+ 24  Davud arvadı Badsəbanı+ ovundurdu. Onun otağına gedib onunla yaxınlıq etdi. Vədəsi tamam olanda qadın bir oğlan doğdu. Uşağın adını Süleyman*+ qoydular. Uşaq Yehovaya çox əziz oldu.+ 25  Allah Natan+ peyğəmbəri göndərib uşağın adını Yədidyə* qoydu. Çünki uşaq Yehovaya çox əziz idi. 26  Yuab əmunilərin+ Rabbah şəhərinə+ qarşı vuruşurdu. O, padşah şəhərini tutdu+ 27  və Davuda qasid göndərib dedi: «Rabbaha qarşı döyüşüb+ şəhərin su mənbələrini* ələ keçirmişəm. 28  İndi qalan qoşunları topla, gəl şəhərə qarşı ordugah qur. Yoxsa şəhəri mən alacağam, qələbə mənim adıma yazılacaq». 29  Davud qoşunu yığıb Rabbahın üstünə getdi və hücum edib şəhəri aldı. 30  O, Məlkumun başından qızıl tacı götürdü. Qızılın çəkisi bir talant* idi, tac daş-qaşla bəzədilmişdi. Tacı Davudun başına qoydular. O həm də şəhərdən çoxlu qənimət ələ keçirdi.+ 31  Şəhərin əhalisini köçürdü. Onları daş kəsən mişarlarla, kəsici dəmir alətlərlə, dəmir baltalarla görülən işlərə və kərpic hazırlama işinə təhkim etdi. O, əmunilərin bütün şəhərlərində belə etdi. Axırda Davud qoşunu ilə birlikdə Yerusəlimə qayıtdı.

Haşiyələr

İbranicə sülh mənasını verən sözün kökündən əmələ gəlib.
Mənası: Yahın sevimlisi.
 Hərfən: sular şəhərini.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.