İkinci işmuil 6:1—23
6 Davud yenidən İsrailin bütün say-seçmə döyüşçülərini topladı, 30 000 nəfər toplandı.
2 Sonra Davud adamları ilə Allahın sandığını gətirmək üçün Baali-Yəhudaya yollandı.+ (Xalq sandığın önündə taxtını kərrublar üzərində* quran+ ordular Allahı Yehovanı+ çağırır.)
3 Onlar Allahın sandığını təzə arabaya qoyub+ Əbunədəbin təpədə olan evindən çıxartdılar.+ Əbunədəbin oğulları Üzzah və Əxyu arabanın qabağında gedirdi.
4 Beləcə, onlar Allahın sandığını Əbunədəbin təpədə olan evindən apardılar. Əxyu sandığın önündə gedirdi.
5 Davud və bütün İsrail əhli Yehovanın önündə şənlik edir, ardıc ağacından olan cürbəcür alətlərdə, çəngdə, başqa telli alətlərdə+, qavalda+, şax-şaxda və sincdə+ çalırdılar.
6 Gələ-gələ Naxonun xırmanına çatdılar. Orada heyvanlar az qalmışdı sandığı aşırsın. Üzzah tez əlini uzadıb Allahın sandığını tutdu.+
7 Onda Yehova Üzzaha bərk qəzəbləndi, hörmətsizlik etdiyinə görə+ Allah onu vurdu.+ O, Allahın sandığının yanındaca öldü.
8 Davud Yehovanın Üzzaha qəzəbləndiyinə görə dilxor oldu*. Həmin yer bu günədək Farəs-Üzzah* adlanır.
9 O gün Davud Yehovadan qorxub+ dedi: «Yehovanın sandığı yanıma necə gətirilə bilər?»+
10 O, Yehovanın sandığını özünün yaşadığı yerə, Davud şəhərinə+ gətirmək istəmədi. Onu catlı Abid-Ədumun evinə göndərdi.+
11 Yehovanın sandığı üç ay catlı Abid-Ədumun evində qaldı. Yehova Abid-Ədumun, onun külfətinin başına bərəkət yağdırdı.+
12 Davud padşaha xəbər gəldi: «Yehova Öz sandığına görə Abid-Ədumun ev-eşiyinə bərəkət verib». Onda Davud Allahın sandığını Davud şəhərinə gətirmək üçün şənlik edə-edə Abid-Ədumun evinə getdi.+
13 Yehovanın sandığını daşıyanlar+ altı addım atandan sonra Davud bir buğa və bir bəslənmiş heyvanı qurban kəsdi.
14 Davud əyninə kətan döşlük geyinib böyük bir coşqu ilə Yehovanın önündə rəqs edirdi.+
15 Davud və bütün İsrail əhli Yehovanın sandığını+ şeypur səsi+ və sevinc harayları altında+ gətirirdilər.
16 Yehovanın sandığı Davud şəhərinə daxil olanda Talutun qızı Məkyal+ pəncərədən baxırdı. O, Davud padşahın Yehovanın önündə rəqs etdiyini, hoppanıb-düşdüyünü görəndə Davud onun gözündən düşdü.+
17 Yehovanın sandığını gətirib Davudun ondan ötrü qurduğu çadırın içindəki yerinə qoydular.+ Sonra Davud Yehovanın hüzurunda yandırma+ və ünsiyyət qurbanları+ təqdim etdi.+
18 Davud yandırma və ünsiyyət qurbanları gətirdikdən sonra ordular Allahı Yehovanın adı ilə xalqa xeyir-dua verdi.
19 Sonra bütün xalqa, bütün İsrail toplantısına, hər kişiyə və qadına bir halqavarı çörək, bir xurma lavaşanası və bir kişmiş lavaşanası verdi. Sonra camaat dağılışıb hərə öz evinə getdi.
20 Davud öz külfətinə də xeyir-dua vermək üçün evinə dönəndə Talutun qızı Məkyal+ onu qarşılamağa çıxdı. O dedi: «Gör bu gün İsrailin padşahı özünü necə ucaltdı! O, başıboş bir adam kimi, əyanlarının qarabaşları qabağında soyundu».+
21 Onda Davud Məkyala dedi: «Mən Yehovanın önündə şənlənirdim. Yehova sənin atanın və onun evinin yerinə məni seçib Öz xalqı İsrailin üzərində hökmdar qoydu.+ Buna görə mən Yehovanın önündə şənlənəcəyəm.
22 Özümü bundan da aşağı tutacağam və öz gözümdə daha da kiçiləcəyəm. Amma dediyin o qul-qarabaşların gözündə ucalacağam».
23 Buna görə də Talutun qızı Məkyalın+ ölənə qədər uşağı olmadı.