Korinflilərə ikinci məktub 12:1—21
12 Öyünməyə məcburam. Hərçənd bunun heç bir faydası yoxdur, amma yenə də, fövqəltəbii görüntülərə+ və Ağadan gələn vəhylərə+ keçim.
2 Məsihin yolunda olan bir adam tanıyıram. On dörd il bundan əvvəl o, üçüncü göyə* aparılmışdı (düzü bilmirəm, bədəndə, yoxsa bədəndən ayrı, bunu bir Allah bilir).
3 Bəli, belə adamı tanıyıram (bədəndə, yoxsa bədəndən ayrı aparılmışdı, deyə bilmərəm, bunu bir Allah bilir).
4 O, cənnətə aparılmışdı və dilə gətirilməsi, deyilməsi yasaq olan sözlər eşitmişdi.
5 Bax belə adamla öyünəcəyəm, özümlə isə yox, öyünsəm də ancaq zəifliklərimlə öyünəcəyəm.
6 Hətta öyünmək istəsəm də, bu, ağılsızlıq olmayacaq, çünki həqiqəti söyləyəcəyəm. Ancaq öyünmürəm ki, heç kəs məndə gördüyündən, ya da məndən eşitdiyindən artığını mənə aid etməsin,
7 nə var-nə var mənə belə qeyri-adi vəhylər verilib.
Lovğalanmayım deyə, cismimə bir tikan batırılıb.+ Bu tikan, Şeytanın elçisi mənə əzab verir ki, qürrələnməyim.
8 Bununla bağlı Rəbbə düz üç dəfə yalvardım ki, canımı bu bəladan qurtarsın,
9 ancaq O, mənə dedi: «Lütfüm sənə yetər. Çünki sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir».+ Buna görə də mən böyük məmnuniyyətlə öz zəifliklərimlə öyünərəm ki, Məsihin gücü çadır kimi üzərimdə qalsın.
10 Buna görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, sıxıntılara, təqiblərə, çətinliklərə qatlaşmaqdan həzz alıram. Mən zəif olanda güclüyəm.+
11 Mən ağılsızlıq etdim. Məni buna siz məcbur etdiniz. Məni gərək siz tərifləyəydiniz. Axı sizin gözünüzdə heç nə olsam da, o görkəmli həvarilərinizdən heç nəyim əskik deyil.+
12 Doğrudan da, həvariliyimi təsdiq edən dəlillər sizə əlamət, möcüzə, qüdrətli işlər+ və tam dözümlə+ nümayiş etdirilib.
13 Sizi nədə başqa yığıncaqlardan aşağı tutmuşam? Sizə yük olmamaqda?+ Keçin bu günahımdan da.
14 Artıq üçüncü dəfədir yanınıza gəlmək istəyirəm. Bu dəfə də sizə yük olmayacağam. Mənə sizin malınız yox,+ özünüz lazımsınız. Çünki uşaqlar+ valideynləri üçün yox, valideynlər uşaqları üçün yığmalıdırlar.
15 Nəyim varsa, hər şeyimi, hətta öz canımı belə, sizin yolunuzda fəda etməyə hazıram.+ Bir belə sevgimin müqabilində məgər az sevilməliyəm?
16 Hər halda mən sizə yük olmamışam.+ Siz isə deyirsiniz ki, mən hiyləgərlik etmişəm, kələk işlədib sizi tələyə salmışam.
17 Məgər yanınıza göndərdiyim adamlar vasitəsilə sizdən mənfəət əldə etmişəm?
18 Mən Titusu dilə tutdum və bir qardaşla birlikdə yanınıza göndərdim. Olmaya, Titus sizdən mənfəət əldə edib?+ Məgər niyyətimiz eyni olmayıb? Eyni cür davranmamışıq?
19 Hələ də özümüzü müdafiə etdiyimizi düşünürsünüz? Biz Məsihin davamçıları kimi Allahın qarşısında danışırıq. Əzizlərim, yadınızdan çıxarmayın ki, nə ediriksə imanınızın möhkəmlənməsi üçün edirik.
20 Qorxuram ki, mən gələndə sizi istədiyim vəziyyətdə görməyim, siz də məni istədiyiniz halda görməyəsiniz. Qorxuram, aranızda çəkişmə, paxıllıq, hirs-qəzəb, ixtilaf, didişmə, dedi-qodu, lovğalıq, qatma-qarışıqlıq olsun.
21 Qorxuram ki, bu dəfə yanınıza gələndə Allahım məni utandırsın və mən günah işləmiş və hələ də natəmiz işlərindən, əxlaqsızlıqdan*, azğınlıqdan* tövbə etməyənlərə görə yasa batım.
Haşiyələr
^ Burada məcazi mənada başqa aləm nəzərdə tutulur.
^ Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.
^ Yaxud abırsızlıqdan. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.