İkinci Padşahlar 15:1—38

15  İsrail padşahı Ərubamın* hakimiyyətinin iyirmi yeddinci ilində Yəhuda padşahı Amisayın+ oğlu Əzriya*+ padşah oldu.+  O taxta çıxanda on altı yaşında idi və əlli iki il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası yerusəlimli Yəhliyə idi.  O, atası Amisay kimi Yehovanın bəyəndiyi işləri görürdü.+  Ancaq səcdəgahlar yox edilməmişdi,+ xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi.+  Yehova padşahın canına azar saldı və o, ömrünün axırınadək cüzamlı+ qaldı. O, ayrı evdə yaşayırdı,+ oğlu Yutəm+ sarayı idarə edir, xalqa hakimlik edirdi.+  Əzriyanın+ qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.  Əzriya ata-babalarına qovuşdu.+ Onu Davud şəhərində ata-babalarının yanında dəfn etdilər. Oğlu Yutəm onun yerinə taxta çıxdı.  Yəhuda padşahı Əzriyanın+ hakimiyyətinin otuz səkkizinci ilində Ərubam oğlu Zəkəriyyə+ Səməriyyədə İsrailin padşahı oldu və altı ay hakimiyyət sürdü.  O, ata-babaları kimi Yehovanın bəyənmədiyi pis işlər gördü, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan dönmədi.+ 10  Yabeş oğlu Səllum sui-qəsd qurub onu Yivlamda+ öldürdü+ və onun yerinə taxta çıxdı. 11  Zəkəriyyənin qalan işləri İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 12  Beləliklə, Yehovanın Yəhuya dediyi «dörd nəsil övladların+ İsrail taxtında oturacaq»+ sözü yerinə yetdi. 13  Yabeş oğlu Səllum Yəhuda padşahı Üziyyənin hakimiyyətinin otuz doqquzuncu ilində+ padşah oldu və bir ay Səməriyyədə hakimiyyət sürdü. 14  Sonra Cadi oğlu Mənahim Tirzədən+ gəlib Səməriyyədə Yabeş oğlu Səllumu öldürdü+ və onun yerinə taxta çıxdı. 15  Səllumun qalan işləri, qurduğu sui-qəsd İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 16  Həmin vaxt Mənahim Tirzədən gəlib Tifsahı dağıtdı, şəhər sakinlərini və ətraf əhalini qırdı. Çünki onlar şəhərin darvazalarını ona açmamışdılar. Mənahim şəhəri yerlə yeksan etdi, hamilə qadınların qarnını yırtdı. 17  Yəhuda padşahı Əzriyanın hakimiyyətinin otuz doqquzuncu ilində Cadi oğlu Mənahim İsrailin padşahı oldu və on il Səməriyyədə hakimiyyət sürdü. 18  O, Yehovanın bəyənmədiyi pis işlər gördü, bütün ömrü boyu Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan dönmədi.+ 19  Aşşur padşahı Pül+ İsrailə yürüş etdi. Mənahim Pülün köməyilə hakimiyyətini gücləndirmək üçün ona 1000 talant* gümüş verdi.+ 20  Mənahim İsrailin nüfuzlu, varlı adamlarından gümüş toplayıb+ Aşşur padşahına hər adam üçün 50 şekel* gümüş verdi. Aşşur padşahı ölkədə qalmadı, çıxıb getdi. 21  Mənahimin+ qalan işləri, bütün etdikləri İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 22  Mənahim ata-babalarına qovuşdu. Oğlu Fəqay onun yerinə taxta çıxdı. 23  Yəhuda padşahı Əzriyanın hakimiyyətinin əllinci ilində Mənahim oğlu Fəqay Səməriyyədə İsrailin padşahı oldu və iki il hakimiyyət sürdü. 24  O, Yehovanın bəyənmədiyi pis işlər gördü, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan dönmədi.+ 25  Onun yavəri Rəmali oğlu Fəqa+ ona sui-qəsd qurdu. Fəqa özü ilə əlli giladlı götürüb Arqub və Aryəhlə birlikdə Səməriyyədə sarayın bürcündə Fəqayı öldürdü və onun yerinə taxta çıxdı. 26  Fəqayın qalan işləri, bütün etdikləri İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 27  Yəhuda padşahı Əzriyanın hakimiyyətinin əlli ikinci ilində Rəmali oğlu Fəqa+ Səməriyyədə İsrailin padşahı oldu və iyirmi il hakimiyyət sürdü. 28  O, Yehovanın bəyənmədiyi pis işlər gördü, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan dönmədi.+ 29  İsrail padşahı Fəqanın dövründə Aşşur padşahı Tiqlatpalasar+ hücum edib İyunu, Abil-Beyt-Məkahı+, Yənuhu, Qədəsi+, Həzuru, Giladı+, Cəliləni, bütün Niftalı diyarını+ tutub əhalisini Aşşura sürgün etdi.+ 30  İlah oğlu Huşə+ sui-qəsd qurub Rəmali oğlu Fəqanı öldürdü və Üziyyə oğlu Yutəmin hakimiyyətinin iyirminci ilində onun yerinə taxta çıxdı.+ 31  Fəqanın qalan işləri, bütün etdikləri İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 32  İsrail padşahı Rəmali oğlu Fəqanın hakimiyyətinin ikinci ilində Yəhuda padşahı Üziyyə+ oğlu Yutəm+ padşah oldu. 33  O taxta çıxanda iyirmi beş yaşında idi və on altı il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Sadığın qızı Yərusə idi.+ 34  O, atası Üziyyə kimi, Yehovanın bəyəndiyi işləri görürdü.+ 35  Ancaq səcdəgahlar yox edilməmişdi, xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi.+ O, Yehovanın məbədinin yuxarı darvazasını tikdi.+ 36  Yutəmin qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 37  O günlərdə Yehova Aram padşahı Rəsini və Rəmali oğlu Fəqanı+ Yəhudanın üstünə göndərməyə başladı.+ 38  Yutəm ata-babalarına qovuşdu. Onu əcdadı Davudun şəhərində ata-babalarının yanında dəfn etdilər. Oğlu Əhəz onun yerinə taxta çıxdı.

Haşiyələr

II Ərubam.
Əzriya adının mənası: Yehova kömək etdi. 2Pd 15:13; 2Sm 26:1—23; Əş 6:1; Zk 14:5 ayələrində Üziyyə.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.