İkinci Salnamələr 20:1—37

  • Qonşu xalqlar Yəhudanı hədələyir (1—4)

  • Yəhuşafat Allahdan kömək diləyir (5—13)

  • Yehova hay verir (14—19)

  • Yəhudanın möcüzəvi xilası (20—30)

  • Yəhuşafatın hökmranlığının sonu (31—37)

20  Bundan sonra muabilər+, əmunilər+ və əmmunlardan* bəziləri birləşib Yəhuşafatla müharibə etməyə gəldilər.  Yəhuşafata xəbər verdilər: «Dəniz* tərəfdən, Ədumdan+ sənin üstünə böyük bir izdiham gəlir. Onlar Hasun-Tamarda, yəni Eyn-Gedidədirlər+».  Yəhuşafat bunu eşidəndə qorxuya düşdü. O, Yehovaya üz tutdu+ və bütün Yəhudada oruc elan etdi.  Yəhudalılar Yehovaya müraciət etmək+ üçün bir yerə toplaşdılar. Onlar Yəhudanın bütün şəhərlərindən gəldilər ki, Yehova onlara bir yol göstərsin.  Yəhuşafat Yehovanın məbədində, yeni həyətdə duran Yəhuda və Yerusəlim camaatının önündə dayanıb  dedi: «Ey ata-babalarımızın Allahı Yehova! Ey göylərdə yaşayan Allah!+ Sən bütün xalqların səltənətləri üzərində hökmranlıq edirsən.+ Güc, qüvvət Səndədir. Kim Sənə qarşı dura bilər?+  Məgər Sən, ey Allahımız, bu ölkənin sakinlərini İsrailin qarşısından qovub ölkəni həmişəlik dostun İbrahimin övladlarına vermədin?+  Onlar da burada məskən salıb Sənin adına müqəddəs məkan düzəltdilər+ və dedilər:  “Əgər bizə fəlakət — qılınc, hökm, xəstəlik, aclıq üz verərsə, bu evin qarşısında, Sənin hüzurunda durub (çünki bu ev Sənin adını daşıyır)+ dar günümüzdə Səndən imdad diləyərik, Sən də eşidib bizim dadımıza yetişərsən”.+ 10  Amma indi gör əmunilər, muabilər və Sair dağının+ sakinləri nə edirlər. Misirdən çıxıb gələndə Sən israillilərə izin verməmişdin ki, onlara hücum etsinlər. İsraillilər də onlardan yan keçib onları məhv etməmişdi.+ 11  İndi onun əvəzini bizə gör necə verirlər, Sənin verdiyin mirasdan bizi qovmaq istəyirlər.+ 12  Ey Allahımız, onları cəzalandırmayacaqsan?+ Axı üstümüzə gələn bu böyük izdihamın qarşısında acizik, bilmirik nə edək,+ gözümüzü Sənə dikmişik+». 13  Bu arada qadınlı, uşaqlı, körpəli bütün Yəhuda xalqı Yehovanın önündə durmuşdu. 14  O vaxt Yehovanın ruhu camaatın arasında olan Yahəzilin üzərinə endi. (Asəf övladlarından lavili Yahəzil Zəkəriyyənin, Zəkəriyyə Bənayinin, Bənayi Yaəlin, Yaəl Mətənyahın oğlu idi.) 15  O dedi: «Ey Yəhuda, Yerusəlim sakinləri, Yəhuşafat padşah, eşidin! Yehovanın sizə sözü budur: “Bu böyük qoşundan qorxmayın, dəhşətə gəlməyin. Bu döyüş sizin deyil, Allahındır.+ 16  Sabah onların üstünə gedin. Onlar Sis keçidi ilə yuxarı qalxacaqlar. Onları vadinin qurtaracağında, Yəruil çöllüyünün önündə görəcəksiniz. 17  Bu dəfə siz döyüşməyəcəksiniz. Səf qurun, durub gözləyin+, görün Yehova sizi necə xilas edir.+ Ey Yəhuda və Yerusəlim, qorxmayın, dəhşətə gəlməyin!+ Sabah onların üstünə gedin, Yehova sizinlə olacaq”».+ 18  Onda Yəhuşafat yerədək təzim etdi, bütün Yəhuda və Yerusəlim sakinləri Yehovaya səcdə qıldılar, Yehovanın hüzurunda yerə döşəndilər. 19  Sonra Kəhat+ və Qarun oğullarından olan lavililər qalxıb var gücləri ilə İsrailin Allahı Yehovaya həmd oxudular.+ 20  Onlar ertəsi gün səhər tezdən qalxıb Təquh+ çöllüyünə getdilər. Gedəndə Yəhuşafat onların qarşısında durub dedi: «Ey Yəhuda və Yerusəlim sakinləri, məni dinləyin. Allahınız Yehovaya inanın, onda möhkəm dura biləcəksiniz. Onun peyğəmbərlərinə inanın,+ onda uğur qazanacaqsınız». 21  Xalqla məsləhətləşdikdən sonra Yəhuşafat müqəddəs libasda Yehovaya məzmur oxuyan+, Onu mədh edən kişilər təyin etdi. Onlar qoşunun önündə gedib: «Yehovaya şükür edin, Onun məhəbbəti əbədidir»,+ — deyə oxuyurdular. 22  Onlar sevinclə mədh oxumağa başladı. Onda Yehova Yəhudaya hücum edən əmunilərə, muabilərə və Sair dağının sakinlərinə qarşı pusqu düzəltdi. Onlar bir-birini qırmağa başladılar.+ 23  Əmunilərlə muabilər Sair dağının+ sakinlərinə hücum edib onları qırdılar. Sair sakinlərini qırıb qurtarandan sonra bir-birilərini öldürdülər.+ 24  Yəhudalılar çöllükdəki+ gözətçi qülləsinə çatdılar. Onlar düşmən qoşunlarına tərəf baxanda gördülər ki, hər yer meyitlə doludur,+ bir nəfər də sağ adam yoxdur. 25  Yəhuşafatla adamları meyitləri soymağa getdilər. Çoxlu mal, paltar, qiymətli şeylər tapdılar. O qədər şey götürdülər ki, daşımağa gücləri çatmadı.+ Qənimət çox olduğundan onu üç günə daşıdılar. 26  Dördüncü gün Bərəkət dərəsində yığışıb Yehovaya alqış etdilər. Beləliklə, həmin yerin adını Bərəkət dərəsi qoydular+ və ora bu günədək belə adlanır. 27  Sonra bütün yəhudalılar və yerusəlimlilər Yəhuşafatın başçılığı altında şənlik içində Yerusəlimə qayıtdılar. Yehova düşmənlərini məğlub edib onlara qələbə sevinci bəxş etmişdi.+ 28  Onlar telli alətlər, çəng+, kərənay+ çala-çala Yerusəlimə daxil oldular və Yehovanın məbədinə gəldilər.+ 29  Yehovanın İsrailin düşmənlərinə qarşı döyüşdüyünü eşidəndə bütün səltənətləri Allahın xofu bürüdü.+ 30  Beləliklə, Yəhuşafatın səltənətində əmin-amanlıq oldu. Allahı ona hər tərəfdən dinclik verdi.+ 31  Yəhuşafat bundan sonra da Yəhuda üzərində hakimiyyət sürdü. O, taxta çıxanda otuz beş yaşında idi və iyirmi beş il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Şilhi qızı Əzubə idi.+ 32  Yəhuşafat atası Asanın yolu ilə getdi,+ o yoldan dönmədi. O, Yehovanın bəyəndiyi işləri görürdü.+ 33  Lakin səcdəgahlar yox edilmədi.+ Xalqın ürəyi hələ də ata-babalarının Allahına tərəf meyillənməmişdi.+ 34  Yəhuşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər hamısı İsrail padşahlarının kitabına daxil edilən Hənani+ oğlu Yəhunun+ yazılarında qeydə alınıb. 35  Bu hadisədən sonra Yəhuda padşahı Yəhuşafat pis işlər görən İsrail padşahı Əhəzya ilə ittifaq bağladı.+ 36  Onlar birlikdə Tarşişə gedən gəmilər+ düzəltmək qərarına gəldilər və gəmiləri Əzyun-Qəbərdə düzəltdilər.+ 37  Amma Meraş oğlu Dudəvahın oğlu Əlyəzər Yəhuşafatın əleyhinə peyğəmbərlik edib dedi: «Əhəzya ilə ittifaq bağladığın üçün Yehova sənin işini pozacaq».+ Beləliklə, gəmilər qəzaya uğradı,+ Tarşişə gedib çıxmadı.

Haşiyələr

Digər variant: məunilərdən.
Görünür, Ölü dəniz nəzərdə tutulur.