İkinci Salnamələr 21:1—20

  • Yəhuda padşahı Yəhuram (1—11)

  • İlyas peyğəmbərdən gələn namə (12—15)

  • Yəhuramın aqibəti (16—20)

21  Yəhuşafat ata-babalarına qovuşub Davud şəhərində ata-babalarının yanında dəfn olundu. Oğlu Yəhuram onun yerinə taxta çıxdı.+  Onun qardaşları, Yəhuşafatın oğulları bunlar idi: Əzriya, Yəhyil, Zəkəriyyə, Əzriya, Mikayıl və Şəfətay. Bunlar İsrail padşahı Yəhuşafatın oğulları idi.  Yəhuşafat onlara çoxlu hədiyyələr — qızıl, gümüş və başqa qiymətli əşyalar, həmçinin Yəhudada qala-şəhərlər+ bağışladı. Səltənəti isə Yəhurama+ verdi, çünki o, ilk oğul idi.  Yəhuram atasının taxtında oturdu. O, bütün qardaşlarını, eləcə də İsraildə bir neçə əmiri qılıncdan keçirib+ öz mövqeyini möhkəmləndirdi.  Yəhuram padşah olanda otuz iki yaşında idi və səkkiz il Yerusəlimdə hakimiyyət sürdü.+  O, Əhəb evindən olanlar kimi, İsrail padşahlarının yolu ilə getdi,+ çünki onun arvadı Əhəbin qızı idi.+ Yəhuram Yehovanın bəyənmədiyi pis işlər görürdü.  Amma Yehova qulu Davudla kəsdiyi əhd naminə+ Davudun nəslini məhv etmək istəmədi, çünki O, Davuda söz vermişdi ki, onun və oğullarının çırağı heç vaxt sönməyəcək.+  Onun dövründə ədumilər Yəhudaya qarşı üsyan qaldırıb+ üzərlərinə padşah qoydular.+  Yəhuram sərkərdələri və cəng arabaları ilə Əduma keçdi. O, gecə ikən qalxıb onu və araba başçılarını mühasirəyə alan ədumiləri məğlub etdi. 10  Lakin Ədum bu günə qədər Yəhudaya tabe olmur. Həmin vaxt Libna+ da Yəhurama qarşı üsyan etdi, çünki o, ata-babalarının Allahı Yehovanı tərk etmişdi.+ 11  Həmçinin Yəhuda dağlarında səcdəgahlar+ düzəldib Yerusəlim sakinlərini Allaha xəyanətə sürükləmiş və Yəhudanı yoldan çıxarmışdı. 12  Ona İlyas+ peyğəmbərdən bir namə gəldi. Namədə yazılmışdı: «Ulu baban Davudun Allahı Yehova belə deyir: “Sən atan Yəhuşafatın+ və Yəhuda padşahı Asanın+ yolu ilə getmirsən. 13  İsrail padşahlarının yolu ilə gedib+ Yəhudanı və Yerusəlim sakinlərini Əhəb evi kimi xəyanətə+ sövq edirsən. Sən hətta özündən yaxşı olan qardaşlarını, atanın oğullarını da qətlə yetirmisən.+ 14  Buna görə də Mən Yehova sənin xalqına, oğullarına, arvadlarına və mal-mülkünə ağır zərbə endirəcəyəm. 15  Sən isə çoxlu xəstəliyə düçar olacaqsan, bağırsaq xəstəliyinə tutulacaqsan, getdikcə xəstəliyin o qədər şiddətlənəcək ki, axırda bağırsaqların töküləcək”». 16  Sonra Yehova filiştliləri+ və həbəşlərin qonşuluğunda yaşayan ərəbləri+ Yəhurama qarşı qaldırdı.+ 17  Onlar Yəhudaya soxulub padşahın evini talan etdilər,+ oğullarını, arvadlarını apardılar. Təkcə padşahın kiçik oğlu Yəhəz* qaldı.+ 18  Bundan sonra Yehova Yəhuramı sağalmaz bağırsaq xəstəliyinə mübtəla etdi.+ 19  Aradan iki il keçdi, xəstəlik üzündən onun bağırsaqları töküldü. O, əzab çəkə-çəkə öldü. Yəhuramın ata-babaları üçün buxur yandıran xalq onun üçün buxur yandırmadı.+ 20  Yəhuram padşah olanda otuz iki yaşında idi və səkkiz il Yerusəlimdə hakimiyyət sürdü. Heç kim onun ölümünə heyifsilənmədi. Onu Davud şəhərində dəfn etdilər,+ amma padşah qəbiristanlığında dəfn etmədilər.+

Haşiyələr

Digər adı Əhəzya.