İkinci Salnamələr 3:1—17

  • Süleyman məbədin tikintisinə başlayır (1—7)

  • Ən müqəddəs yer (8—14)

  • İki mis sütun (15—17)

3  Süleyman Yerusəlimdə, Yehovanın Davuda göründüyü Muriyyə dağında+ Yehova üçün məbəd tikməyə başladı.+ Atası Davud burada, yəbusi Ornanın xırmanında yer hazırlamışdı.+  O, hakimiyyətinin dördüncü ilində, ikinci ayın ikinci günü tikinti işinə başladı.  Süleyman qədim ölçü vahidilə 60 qulac* uzunluğunda, 20 qulac enində+ Allahın evinin təməlini qoydu.  Evin qarşısındakı eyvanın uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, hündürlüyü 20* idi. Onun içini xalis qızılla örtdü.+  Əsas otağı ardıc ağacı ilə örtüb üstünə xalis qızıl çəkdi,+ üzərini xurma ağacı+ və zəncir təsvirləri ilə bəzədi.+  Sonra məbədi gözəl, qiymətli daşlarla bəzədi.+ İşlətdiyi qızıl+ Pərvayimdən gətirilmişdi.  O, məbədi, tirləri, kandarı, divarları və qapıları qızılla örtdü,+ divarların üstündə kərrub təsvirləri oydu.+  O, Ən müqəddəs yeri düzəltdi.+ Onun uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, eni 20 qulac idi. Oranı 600 talant* xalis qızılla örtdü.+  Mıxlar üçün ayrılmış qızılın çəkisi 50 şekel* idi. Üst otaqları da qızılla örtdü. 10  Sonra o, Ən müqəddəs yerdə iki kərrub düzəltdi və üstlərini qızılla örtdü.+ 11  Kərrubların qanadlarının+ ümumi uzunluğu 20 qulac idi. Birinci kərrubun bir qanadı 5 qulac idi və divara dəyirdi. O biri qanadı da 5 qulac idi və o biri kərrubun qanadına dəyirdi. 12  İkinci kərrubun bir qanadı 5 qulac idi və o biri divara dəyirdi. O biri qanadı da 5 qulac idi və birinci kərrubun qanadına dəyirdi. 13  Kərrubların qanadları 20 qulac uzunluğunda açılmışdı. Onlar ayaq üstə idi və üzləri Müqəddəs yerə baxırdı. 14  O həmçinin tünd-qırmızı və göy iplikdən, bənövşəyi yundan, zərif parçadan pərdə+ tikdi və üzərində kərrub təsvirləri işlədi.+ 15  Daha sonra məbədin qabağında iki sütun düzəltdi.+ Sütunların hündürlüyü 35 qulac, üstlərindəki sütun başlıqlarının hər biri 5 qulac idi.+ 16  O, boyunbağıya bənzər zəncirlər düzəldib sütun başlıqlarına qoydu, həmçinin 100 nar düzəldib zəncirlərə bərkitdi. 17  Sütunları məbədin qarşısına, birini sağ tərəfə, o birini sol tərəfə qoydu. Sağdakına Yakin*, soldakına Buəz* adını verdi.

Haşiyələr

Standart qulac 44,5 sm-dir. Lakin bəzilərinin fikrincə, qədim ölçü vahidi deyilərkən, uzunluğu 51,8 sm olan uzun qulac nəzərdə tutulur. B14 əlavəsinə bax.
Bəzi qədim əlyazmalarda 120, digər əlyazmalarda ve tərcümələrdə isə 20 qulac yazılıb.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Mənası: qoy O (Yehova) möhkəmləndirsin.
Təxmini mənası: qüdrətlə.