Timutiyə ikinci məktub 3:1—17
3 Bunu bil ki, axırzamanda+ son dərəcə çətin bir vaxt gələcək.
2 Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan*, valideynlərinə itaət etməyən, nankor, vəfasız,
3 doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni,
4 xain, tərs, təkəbbürlü olacaqlar, Allahı yox, eyş-işrəti sevəcəklər.
5 Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər.+ Belələrindən uzaq gəz.
6 Belə adamların arasından hiylə ilə evlərə girib zəif iradəli, günaha qərq olmuş, nəfsinin qulu olan,
7 daima öyrənən, amma həqiqəti heç cür dərk edə bilməyən qadınları əsir alan adamlar çıxırlar.
8 Yannis və Yambris Musaya qarşı çıxdıqları kimi, bu adamlar da həqiqətə qarşı çıxırlar. Onların əqli tamamilə pozğunlaşıb. Onlar iman yolunda yeriməyə yararlı deyillər.
9 Onlar bundan artıq irəliləyə bilməyəcəklər, çünki o iki nəfərin ağılsızlığı əvvəl-axır üzə çıxdığı kimi, bunların da ağılsızlığı hamıya bəlli olacaq.+
10 Sən isə mənim təlimimi, həyat yolumu,+ amalımı, imanımı, səbrimi, məhəbbətimi, dözümümü izləyirsən.
11 Antakyada+, Konyada+ və Listrada+ necə təqiblərlə qarşılaşdığımı, əzab çəkdiyimi bilirsən. Bəli, mən bu əzablara qatlaşdım və Ağa* bütün bunlardan məni qurtardı.+
12 Əslində, Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq.+
13 Pis adamlar və fırıldaqçılar isə aldadıb aldanaraq get-gedə daha betər işlər görəcəklər.+
14 Sən isə öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal,+ axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən.
15 Bundan başqa, sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları körpəlikdən+ bilirsən.+ Bu hikmət Məsih İsaya gətirdiyin iman vasitəsilə səni xilasa çatdıracaq.+
16 Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır*+ və təlim,+ tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır.+
17 Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər.