Dənyal 1:1—21
1 Yəhuda padşahı Yəhyakimin+ hakimiyyətinin üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı.+
2 Yehova Yəhuda padşahı Yəhyakimi və Allahın evinin əşyalarını ona təslim etdi.+ O, əşyaları Şinar* diyarına,+ öz allahının evinə gətirdi və allahının xəzinəsinə qoydu.+
3 Padşah baş saray məmuru Aşpənaza əmr etdi ki, israillilərin içindən, padşah və zadəgan nəslindən olan adamlar gətirsin.+
4 Onlar eyibsiz, yaraşıqlı, ağıllı-kamallı, bilikli, dərrakəli gənclər* olmalı, padşah sarayında xidmət etməyə yararlı olmalı idilər.+ O, onlara kəldanilərin dilini və yazısını öyrətməli idi.
5 Həmçinin padşah buyurdu ki, onların gündəlik yemək payı padşah təamlarından və şərabından verilsin. Onlar üç il təlim keçməli*, sonra padşahın xidmətində durmalı idilər.
6 Onların arasında Yəhuda qəbiləsindən Dənyal*+, Hənaniyyə*, Müsail* və Əzriya*+ var idi.
7 Baş məmur onlara təzə ad verdi. Dənyala Bəltişəzzar+, Hənaniyyəyə Sədrah, Müsailə Misah, Əzriyaya Abidnağu+ adını verdi.
8 Dənyal ürəyində qət etdi ki, özünü padşah təamları və şərabı ilə murdarlamasın. Beləcə, bu şeylərlə özünü murdarlamamaq üçün baş məmurdan icazə istədi.
9 Allahın hökmü ilə baş məmur Dənyala xeyirxahlıq və lütf göstərdi.+
10 Ancaq baş məmur Dənyala dedi: «Sizə yemək, içmək payını təyin edən ağam padşahdan qorxuram. Padşah sizin çöhrənizi yaşıdlarınızın çöhrəsindən solğun görsə, necə olacaq? Axı məni padşahın qabağında günah sahibi edərsiniz».
11 Onda Dənyal baş məmurun Dənyal, Hənaniyyə, Müsail və Əzriyanın üzərində təyin etdiyi nəzarətçiyə dedi:
12 «Xahiş edirəm, on gün ərzində biz qullarını yoxlayasan. Qoy bizə yeməyə tərəvəz, içməyə su versinlər.
13 Sonra həm bizim, həm də padşah təamlarından yeyən gənclərin görkəminə bax və qullarınla gördüyünə əsasən davran».
14 O, onların təklifini qəbul etdi və on gün ərzində onları yoxladı.
15 On günün tamamında onlar padşah təamlarından yeyən gənclərin hamısından daha yaxşı, daha sağlam* görünürdülər.
16 Buna görə, nəzarətçi onlara bundan sonra da padşah təamları və şərabı yerinə tərəvəz verdi.
17 Allah bu dörd gəncə elm bəxş etdi, onlara hər yazını, hər hikməti anlamaq qabiliyyəti verdi. Dənyala isə hər vəhyi və yuxunu yozmaq bacarığı verdi.+
18 Padşahın təyin etdiyi vaxt+ yetişəndə baş məmur gəncləri Navuxodonosorun hüzuruna gətirdi.
19 Padşah onlarla danışdı və aralarında Dənyal, Hənaniyyə, Müsail və Əzriyaya çatan olmadı.+ Onlar padşahın qulluğunda qaldılar.
20 Padşah onlardan hikmət və idrak tələb edən məsələlərlə bağlı nə soruşurdusa, görürdü ki, onlar bütün səltənətdəki kahinlərin və ruhçağıranların+ hamısından onqat üstündürlər.
21 Dənyal şah Kuruşun*+ hakimiyyətinin birinci ilinə kimi orada qaldı.
Haşiyələr
^ Babilistan.
^ Hərfən: uşaqlar.
^ Digər variant: bəslənməli.
^ Mənası: hakimim Allahdır.
^ Mənası: Yehova kömək oldu.
^ Təxmini mənası: Allaha tay kimdir?
^ Mənası: Yehova lütf göstərdi.
^ Hərfən: kök.
^ Kir.