Filippililərə məktub 4:1—23

  • Birlik, sevinc və düzgün fikirlər (1—9)

    • Heç nəyə görə narahat olmayın (6, 7)

  • Filippililərə bəxşişlərinə görə təşəkkür (10—20)

  • Salam-dua (21—23)

4  Həsrətini çəkdiyim, istəkli qardaşlarım, mənim fərəhim və başımın tacı.+ Mənim əzizlərim, Rəbbimizin yolunda bax belə mətin olmalısınız.+  Evodiyaya və Sintixiyə tövsiyə edirəm ki, Rəbbə xidmətdə həmfikir olsunlar.+  Bəli, ey mənim sadiq əməkdaşım, səndən də xahiş edirəm ki, bu qadınlara köməklik göstərəsən. Onlar Klement və adları həyat kitabına yazılmış digər əməkdaşlarımla bərabər müjdə uğrunda mənimlə çiyin-çiyinə mübarizə aparıblar.+  Rəbbə xidmətdə həmişə sevinin. Bir də deyirəm, sevinin!+  Qoy hamı sizi dərrakəli*+ adam kimi tanısın. Rəbb yaxındır.  Heç nəyə görə narahat olmayın.+ Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin.+  Onda Allahın hər bir ağıldan üstün olan sülhü+ ürəyinizi+ və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq.  Nəhayət, qardaşlarım, doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün.+  Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, məndən eşitdiyiniz və gördüyünüz şeylərə əməl edin.+ Onda sülh Allahı sizinlə olacaq. 10  Rəbbin bir xidmətçisi kimi çox sevinirəm ki, nəhayət, mənim haqqımda yenidən düşünməyə başlamısınız.+ Əlbəttə, əvvəllər də düşünürdünüz, amma bunu göstərməyə imkanınız yox idi. 11  Elə bilməyin ki, bunu korluq çəkdiyim üçün deyirəm, axı mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm.+ 12  Mən kasıbçılığın+ da, firavanlığın da nə olduğunu bilirəm. İstər tox, istər ac olum, istər bolluq içində, istər ehtiyac içində olum, hər şeydə, hər şəraitdə razı qalmağın sirrini öyrənmişəm. 13  Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır.+ 14  Bununla belə, sağ olun ki, pis günümdə mənə kömək etdiniz. 15  Ey filippililər, axı bunu da bilirsiniz ki, siz müjdəni təzə-təzə öyrənəndə, mən Makedoniyadan çıxdığım vaxt sizdən başqa heç bir yığıncaq nə mənə kömək etdi, nə də məndən kömək aldı.+ 16  Mən Salonikidə olanda siz ehtiyaclarım üçün düz iki dəfə mənə yardım göndərdiniz. 17  Elə bilməyin ki, mən bəxşiş umuram, xeyr, mən sizdə sizə daha çox qazanc gətirəcək bəhrələr görmək istəyirəm. 18  Mənə nə lazımdırsa hər şeyim var, lap artıqlaması ilə. Bəli, Epafroditlə+ göndərdiyiniz bəxşişləri alandan sonra heç nədən korluq çəkmirəm. Bunlar xoş ətir,+ Allaha xoş gedən, Ona məqbul olan qurbanlardır. 19  Bunun əvəzində möhtəşəm sərvət sahibi olan Allahım Məsih İsa vasitəsilə bütün ehtiyaclarınızı tam təmin edəcək.+ 20  Atamıza və Allahımıza əbədiyyət boyu alqış olsun! Amin. 21  Məsih İsa ilə vəhdətdə olan hər bir müqəddəsə mənim salamlarımı çatdırın. Yanımdakı qardaşlar da sizə salam göndərirlər. 22  Bütün müqəddəslər, xüsusən də Sezarın ev əhli+ sizə salam deyir. 23  Qoy əhval-ruhiyyənizə görə Aǧamız İsa Məsihin lütfü sizə yar olsun.

Haşiyələr

Hərfən: güzəştə gedən.