Həvarilərin işləri 9:1—43
9 Şaul hələ də Ağanın şagirdlərini hədələyir, onları öldürmək arzusu ilə alışıb-yanırdı.+ O, baş kahinin yanına gedib
2 ondan Dəməşq şəhərindəki sinaqoqlara məktub yazmağı xahiş etdi ki, bu yola mənsub olan hər kəsi+ — kişiləri, qadınları həbs edib Yerusəlimə gətirə bilsin.
3 Yol ilə gedərkən, Dəməşqə çataçatda qəflətən göydən bir işıq onun ətrafına nur saçdı.+
4 Şaul yerə yıxıldı və bir səs eşitdi. O səs deyirdi: «Şaul, Şaul, məni niyə təqib edirsən?»
5 O dedi: «Ağa, sən kimsən?» Səs cavab verdi: «Mən sənin təqib etdiyin İsayam.+
6 Dur, şəhərə get, nə etmək lazımdır, orada sənə deyiləcək».
7 Şaulla olan adamlar donub qalmışdılar, onlar səs eşidir, amma heç kəsi görmürdülər.+
8 Şaul ayağa qalxdı, gözləri açıq olsa da, heç nə görmürdü. Onun əlindən tutub Dəməşqə gətirdilər.
9 Düz üç gün onun gözləri kor qaldı.+ O, nə yedi, nə də içdi.
10 Dəməşqdə Hənənya+ adında bir şagird yaşayırdı. Ağa vəhydə onu çağırdı: «Hənənya!» O hay verdi: «Bəli, Ağa».
11 Ağa ona dedi: «Dur, Düz adlanan küçəyə get, Yəhudanın evində tarslı+ Şaul adında adamı tap. O, indi dua edir.
12 O, vəhydə görüb ki, Hənənya adında bir adam yanına gəlib və gözlərini açmaq üçün əllərini onun üzərinə qoyub».+
13 Hənənya cavab verdi: «Ağa, mən çoxlarından eşitmişəm ki, o, sənin Yerusəlimdəki müqəddəs xidmətçilərinə zülmlər edib.
14 Burada da sənin adını çağıran hər kəsi həbs etmək üçün böyük kahinlərdən ixtiyar alıb».+
15 Ancaq Ağa ona dedi: «Get, çünki bu adam adımı xalqlara,+ o cümlədən hökmdarlara+ və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir.+
16 Adım uğrunda nələr çəkəcəyini ona göstərəcəyəm».+
17 Hənənya getdi. O, həmin evə girib əllərini Şaulun üzərinə qoydu və dedi: «Şaul, qardaş, bura gələrkən yolda sənə görünən Ağamız İsa məni sənin yanına göndərdi ki, gözlərin açılsın və sən müqəddəs ruhla dolasan».+
18 O andaca Şaulun gözlərindən pulcuqlara oxşayan bir şey töküldü və gözləri açıldı. O durub vəftiz olundu,
19 yemək yeyib qüvvətləndi.
Şaul bir neçə gün Dəməşqdə+, şagirdlərin yanında qaldı
20 və vaxt itirmədən sinaqoqlarda İsa haqqında şəhadət verərək onun Allahın Oğlu olduğunu təbliğ etməyə başladı.
21 Onu eşidənlərin hamısı çaşbaş qalıb deyirdi: «Məgər bu adam Yerusəlimdə İsanın adını çağıranlara göz verib, işıq verməyən adam deyil?+ Buraya da onları tutub böyük kahinlərin yanına aparmaq üçün gəlməyib?»+
22 Şaul isə get-gedə daha da güclənir, İsanın Məsih olduğunu məntiqli surətdə sübut edərək Dəməşq yəhudilərini məəttəl qoyurdu.+
23 Aradan xeyli gün keçdi. Yəhudilər onu öldürmək üçün sui-qəsd hazırladılar.+
24 Lakin bu xəbər Şaulun qulağına çatdı. Onlar Şaulu öldürmək üçün gecə-gündüz şəhər qapılarını pusurdular.
25 Onda Şaulun şagirdləri onu gecə ikən səbətin içində şəhər divarındakı pəncərədən aşağı endirdilər.+
26 Yerusəlimə gələndə+ Şaul şagirdlərə qoşulmağa çalışdı, amma hamı ondan qorxurdu, çünki onun şagird olduğuna inana bilmirdilər.
27 Barnəba+ onun köməyinə gəldi. O, Şaulu həvarilərin yanına gətirib onun yolda Ağanı necə gördüyünü,+ Ağanın onunla danışdığını, sonra Dəməşqdə İsanın adı ilə cəsarətlə təbliğ etdiyini onlara ətraflı danışdı.+
28 Beləliklə, Şaul şagirdlərlə qaldı. O, Yerusəlimdə sərbəst gəzir, Ağanın adı ilə cəsarətlə danışır,
29 yunandilli yəhudilərlə söhbətlər edir, qızğın müzakirələr aparırdı. Onlarsa Şaulu öldürməyə cəhd göstərirdilər.+
30 Qardaşlar bundan xəbər tutanda onu Qeysəriyyəyə gətirib oradan Tarsa yola saldılar.+
31 Bundan sonra bütün Yəhudiyyə, Cəlilə və Səməriyyədəki yığıncaq+ üçün əmin-amanlıq dövrü başlandı. Yığıncaq möhkəmlənir, Yehova Allahın qorxusu və müqəddəs ruhun+ təsəllisi ilə yaşayaraq böyüyürdü.
32 Butrus bütün o bölgəni gəzə-gəzə Lidda şəhərində+ yaşayan müqəddəslərin yanına gəldi.
33 Orada səkkiz il idi ki, iflic olub yataqdan qalxmayan Eney adlı bir xəstə gördü.
34 Butrus ona dedi: «Eney, İsa Məsih sənə şəfa verir.+ Dur, yorğan-döşəyini yığ».+ O, dərhal ayağa durdu.
35 Lidda şəhərinin və Şaron düzünün bütün sakinləri onu görəndə Ağaya iman gətirdi.
36 Yaffa şəhərində Tabitə adında bir şagird var idi. (Bu adın yunan qarşılığı Dorka* idi.) Bu qadın çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu.
37 O günlərdə Tabitə xəstələnib öldü. Onu yuyub üst mərtəbədə bir otağa qoydular.
38 Lidda şəhəri Yaffaya yaxın idi. Şagirdlər Butrusun orada olduğunu eşidəndə iki adam göndərib dedilər: «Xahiş edirik, tez yanımıza gəl».
39 Butrus durub onlarla getdi. Oraya gələndə onu üst mərtəbədəki otağa apardılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Butrusun yanına gəldilər, Tabitənin sağlığında tikdiyi pal-paltarları ona göstərdilər.
40 Butrus hamını otaqdan çıxartdı,+ diz çöküb dua etdi, sonra ölüyə üz tutub dedi: «Tabitə, qalx!» Qadın gözlərini açdı, Butrusu görəndə durub oturdu.+
41 Butrus onun əlindən tutub ayağa qaldırdı, sonra qardaşları və dul qadınları çağırdı və dirilmiş Tabitəni onların qabağına çıxartdı.+
42 Bu xəbər bütün Yaffaya yayıldı və xeyli adam Ağaya iman gətirdi.+
43 Butrus bir müddət Yaffada dabbağ Şimonun evində qaldı.+
Haşiyələr
^ Dorka adının və onun arami qarşılığı olan Tabitə adının mənası ceyrandır.