Hakimlər 19:1—30

  • Binyaminlilərin Gibahda əxlaqsızlığı (1—30)

19  İsraildə padşah olmayan dövrdə+ Əfraim dağlıq bölgəsinin+ ucqar yerində bir lavili yaşayırdı. O, Yəhuda Beytləhmindən+ bir cariyə aldı.  Cariyə ona sadiq deyildi və onu atıb Yəhuda Beytləhminə, atasının evinə getdi. Dörd ay orada qaldı.  Lavili kişi cariyəni dilə tutub geri qaytarmaq üçün nökərini və bir cüt ulaq götürüb onun dalınca getdi. Cariyə onu atasının evinə gətirdi. Atası kişini gülərüzlə qarşıladı.  Qayınatası — gənc qadının atası onu buraxmayıb üç gün qonaq saxladı. Onlar yeyib-içirdilər və o, orada qalırdı.  Onlar dördüncü gün səhər tezdən durub getmək istəyəndə qadının atası kürəkəninə dedi: «Bir loğma çörək ye ki, gücün olsun. Sonra gedərsiniz».  Onlar oturub bir yerdə yeyib-içdilər. Qadının atası kürəkəninə dedi: «Nə olar, bu gecə də qal, ürəyin şadlansın».  Kişi durub getmək istəyəndə qayınatası yalvar-yaxar etdi və o, həmin gecəni də orada qaldı.  Lavili beşinci gün sübh tezdən durub yola düşmək istəyəndə qayınatası xahiş elədi: «Bir loğma çörək ye, taqətin olsun». Onlar gün günortadan keçənəcən orada yubandılar və yeyib-içdilər.  Kişi cariyəsi və nökəri ilə birgə durub getmək istəyəndə qayınatası, gənc qadının atası dedi: «Bax, artıq üzü axşama gedir. Bu gecəni də qal. Gün əyilir. Gecəni burada qal, qoy ürəyin şadlansın. Səhər tezdən durub evinə yola düşərsən». 10  Ancaq kişi gecəni qalmaq istəmədi, durub yola düzəldi. Gəlib Yəbusa, yəni Yerusəlimə+ çıxdı. Onun iki palanlı ulağı var idi, cariyəsi və nökəri də onunla idi. 11  Onlar Yəbusa çataçatda artıq qaş qaralırdı. Nökər ağasından soruşdu: «Qalıb yəbusilərin şəhərində gecələyək?» 12  Ağası isə ona dedi: «Yox, israilli olmayan yadellilərin şəhərində qalmayacağıq. Gibaha+ gedəcəyik». 13  Sonra əlavə etdi: «Gəlin çalışaq oralara çataq. Ya Gibahda, ya da Ramada+ gecələyək». 14  Beləliklə, onlar yollarına davam etdilər. Gün qüruba enəndə binyaminlilərin Gibah şəhərinə çatdılar. 15  Onlar orada ayaq saxladılar, gecələmək üçün Gibaha girdilər. Gedib şəhər meydanında oturdular, amma heç kim onları evinə dəvət etmədi.+ 16  Axşam bir qoca kişi tarlada işini qurtarıb evinə qayıdırdı. O, Əfraim dağlıq bölgəsindən+ idi və bir müddət idi ki, Gibahda yaşayırdı. Ancaq bu şəhərin sakinləri binyaminlilər idi.+ 17  Qoca gördü ki, şəhər meydanında yolçu oturub. Yaxınlaşıb soruşdu: «Haradan gəlib hara gedirsən?» 18  Kişi cavab verdi: «Yəhuda Beytləhmindən gəlirik. Yolumuz Əfraim dağlıq bölgəsinin ucqar yerinədir. Mən oradanam. Yəhuda Beytləhminə getmişdim,+ indi Yehovanın evinə gedirəm*. Amma bir nəfər yoxdur ki, məni gecələməyə evinə aparsın. 19  Ulaqlarımızın samanı da var, yemi də.+ Özüm, cariyəm və nökərim üçün çörək+ də var, şərab da. Heç nəyə ehtiyacımız yoxdur». 20  Qoca ona dedi: «Bu nə sözdür! Bütün ehtiyacların mənim boynuma. Rəva bilmərəm ki, sən meydanda gecələyəsən». 21  Beləcə, onu evinə gətirdi. Ulaqlarına yem verdi, sonra onlar ayaqlarını yudular və yeyib-içdilər. 22  Onlar evdə dincələndə şəhərin yaramaz adamları evi əhatəyə alıb qapını sındırmağa başladılar. Onlar evin sahibi olan qoca kişiyə deyirdilər: «Evinə gələn kişini çıxart onunla yaxınlıq edək».+ 23  Ev yiyəsi bayıra çıxıb onlara dedi: «Yox, qardaşlarım, yalvarıram, bu cür pisliyi etməyin. Bu kişi evimdə qonaqdır. Belə alçaqlığa yol verməyin. 24  Mənim bir bakirə qızım, kişinin də cariyəsi var. Qoyun onları gətirim, bu biabırçılığı onlarla edin, onlarla ürəyiniz istəyəni edin.+ Amma kişi ilə işiniz olmasın». 25  Ancaq kişilər ona qulaq asmaq istəmədilər. Onda lavili kişi cariyəsinin+ qolundan tutub bayıra, onların yanına çıxartdı. Onlar qadını zorladılar və bütün gecəni səhərə qədər onun başına oyun gətirdilər. Dan yeri söküləndə onu buraxdılar. 26  Qadın səhər tezdən gəlib ağası qalan evin qapısının kandarında yerə sərildi və hava işıqlaşanacan orada qaldı. 27  Ağası səhər durdu və yola düşmək üçün qapını açanda gördü ki, cariyəsi əlləri kandarda qapının ağzına sərilib. 28  O, qadına dedi: «Dur, gedək». Ancaq ondan səs çıxmadı. Kişi onu qaldırıb ulağın belinə qoydu və evinə yollandı. 29  Evə çatanda bir bıçaq götürüb cariyənin cəsədini on iki hissəyə böldü və İsrailin hər bölgəsinə bir hissə göndərdi. 30  Bunu görən hər kəs deyirdi: «İsrail Misirdən çıxandan bu günə qədər belə bir iş nə olub, nə də görünüb. Bu barədə düşünün, məsləhətləşib+ bir qərar verin».

Haşiyələr

Digər variant: Yehovanın evində xidmət edirəm.